image-qanunla-reklam
image-1630319395-illlham

Azərbaycan humanist və məsuliyyətli ölkədir

image-lady-day-az

Azərbaycan humanist və məsuliyyətli ölkədir.

2020-ci ildə bütün fəaliyyət istiqamətlərində olduğu kimi beynəlxalq münasibətlər sistemi də COVID-19 pandemiyasının ciddi təsirinə məruz qalmışdır. Pandemiya səbəbindən ölkələr öz sərhədlərini bağlamağa və qapanmağa məcbur olmuş, beynəlxalq ticarət əlaqələri, həmçinin maliyyə bazarları tənəzzüllə uğramış və dünya ən böyük sosial-iqtisadi böhranlardan biri ilə üzləşmişdir. Bəşəriyyətin ən ağır illərindən biri olduğuna baxmayaraq, cari ildə Azərbaycan Respublikası milli maraqlarına əsaslanan xarici siyasət kursunu uğurla davam etdirmişdir.
Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycanın həyata keçirdiyi əks-hücum nəticəsində davam etmiş 44 günlük müharibə ərzində zəbt edilmiş ərazilərin böyük bir hissəsi erməni işğalından azad olunmuşdur. Hərbi əməliyyatlar zamanı qazanılmış qələbə işğalçını təslim olmağa məcbur etmiş və noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan tərəfindən birgə bəyanatın imzalanması ilə Azərbaycanın işğal altında olan digər əraziləri də azad edilmişdir. Bölgədə yeni reallıq yaratmış və çoxdan gözlənilən sülh və sabitliyi təmin edəcək 10 noyabr razılaşmasının zamini qismində Rusiya Federasiyası və Türkiyə Respublikasının rolunu xüsusi qeyd etmək olar.
Azərbaycanın beynəlxalq miqyasda ildən-ilə güclənən nüfuzu iqtisadi uğurlarla yanaşı, həm də siyasi liberallaşma və demokratikləşmə prosesinin dərinləşdirilməsi, insan hüquqlarının aliliyinin qorunması, habelə tolerantlıq və multikulturalizm sahəsində əldə olunan nailiyyətlərlə şərtlənir.  Özünəməxsus milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan həm də multikulturalizm prinsiplərini dünyada yayan nadir ölkələr sırasındadır. Ölkəmizdə bu sahədə bərqərar olan münasibətlər təsdiq edir ki, multikulturalizm xalqımızın tarix boyu formalaşan milli keyfiyyətidir və bütün dövrlərdə cəmiyyətin yaşam tərzi olub.
Şübhə yoxdur ki, Qarabağda yaşayan ermənilər üçün də Azərbaycanın idarəçiliyi altında yaşamaq daha yaxşı olacaqdır. Bu həm maddi cəhətdən, həm də mənəvi cəhətdən belədir. İndiki şəraitdə Qarabağ erməniləri üçün ən optimal variant Azərbaycan dövlətinin himayəçiliyini qəbul etmək və reallıqlarla uzlaşmaqdır. Çünki, Azərbaycan dəfələrlə öz mövqeyini bildirərkən, mülki insanlarla müharibə aparmadığını və Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində olmadığını vurğulayıb. Ölkə başçısının da dediyi kimi, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycanda yaşayan digər xalqların nümayəndələri kimi ermənilərin də öz dinlərini, dillərini yaşatmaq haqları olacaq. Onların ləyaqətli yaşamaq hüquqları qorunacaq. Ona görə də ermənilər anlamalı və qəbul etməlidir ki, gec və ya tez, 1 ilə ya da 3 ilə azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaq və Xankəndində və ermənilərin yaşadığı digər ərazilərdə inteqrasiya prosesi aparılacaq. Bundan başqa bir ehtimal yoxdur. Azərbaycan ordusu 30 il öncə zör gücünə torpaqlarından çıxarılan, evlərindən didərgin salınan vətəndaşlarımızın haqlarını bərpa edib. Canı-qanı bahasına ərazi bütövlüyünü təmin edib. Beləliklə, biz qayıdacağıq. Biz ata-baba yurdumuza dönəcək və o torpaqlarda qurub-yaradacağıq. Və unutmaq olmaz ki, bugün dövlətlər tərəfindən deyilən hər bir söz, atılan hər bir addım gələcəyə yatırımdır. Azərbaycan tərəfi bunun məsuliyyətini dərk edir və hər addımında buna uyğun siyasət aparır. Eyni münasibəti Ermənistandan da gözləmək bizim haqqımız və tələbimizdir. Ermənistanın dövlət nümayəndələri də bunu nəzərə almalı və şəxsi mənafeləri üçün erməni xalqını yalan vədlərlə aldatmaq yerinə reallıqlarla yaşamaları üçün çalışmalıdır. Başqa bir davranış tərzi onları sadəcə olduqlarından daha pis bir vəziyyətə gətirib çıxara bilər. Bu gün dünyada multikulturalizmin və birgə yaşamaya əsaslanan humanist ideyaların alternativi yoxdur. Odur ki, ziddiyyətlərin qabarıq nəzərə çarpdığı müasir beynəlxalq münasibətlər sistemində münaqişələrə və qarşıdurmalara son qoymaq, müxtəlif xalqlar və dövlətlər arasında uzlaşmanı təmin etmək üçün multikulturalizm və birgə yaşama modellərinin inkişafı olduqca vacibdir.

Sadiq Həsənli
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki