Azərbaycan ilə Çin arasındakı diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub
Azərbaycan qədim İpək yolu üzərində yerləşən strateji mövqeyi ilə yalnız tarixən deyil, həm də müasir dövrdə dünya iqtisadiyyatında və siyasətində mühüm yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Cənubi Qafqazın lider dövləti olaraq beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib. Hazırda Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir, qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrinin inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük önəm daşıyır. Bu mənada, Çin Xalq Respublikası ilə əlaqələrin əhəmiyyəti xüsusilə vurğulanmalıdır.
Dövlət başçısı İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri, həmçinin Çinin Sinxua agentliyinə müsahibəsi iki ölkənin strateji tərəfdaşlıqdan hərtərəfli strateji tərəfdaşlığa yüksələn münasibətlərinə işıq saldı.
Azərbaycanla Çin arasında münasibətlər min ildən çox əvvəl qədim İpək yolu vasitəsilə başlayıb və bu əlaqələr bu günədək davamlı inkişaf edir. İki xalq arasında tarixi və mədəni əlaqələrin təməli, qədim dövrlərə gedib çıxsa da son 33 il ərzində bu münasibətlər daha da möhkəmlənib və hər iki ölkənin rifahı naminə müxtəlif sahələrdə inkişaf edib.
Azərbaycan ilə Çin arasındakı diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. Bu illər ərzində əlaqələr güclənərək, müxtəlif sahələrdə müştərək əməkdaşlıq təşəbbüsləri irəliləyib. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi açılıb və 1993-cü ilin sentyabrında isə Azərbaycan Milli Məclisi Pekində səfirliyin açılması haqqında qərar qəbul edib.
Qarşılıqlı səfərlər əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Çin və Azərbaycan arasında əlaqələr son illərdə yalnız ticarət sahəsində deyil, eyni zamanda, təhsil, texnologiya və infrastruktur sahələrində də dərinləşməkdədir. Ötən il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunması iki ölkənin enerji, yaşıl texnologiyalar və nəqliyyat sahələrində əməkdaşlığını daha da genişləndirib. Çin “Kəmər və yol” təşəbbüsündə ölkəmizin rolunu yüksək qiymətləndirir və Azərbaycan vasitəsilə Avropaya çıxışı təmin etmək niyyətindədir. Dövlət başçısı İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində diqqəti ötən il qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”yə yönəldərək bildirdi ki, sənəddə xüsusi olaraq qeyd edildi ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlığımız bir çox səmərəli nəticə verib. Bununla yanaşı, razılaşdıq ki, əməkdaşlığı gələcəkdə də genişləndirək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə edək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq edək. Bəyannamənin imzalanması tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. Dövlət başçısı İlham Əliyev bildirdi: “ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc
Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin inkişafı ölkələrimizin strateji tərəfdaşlıq münasibətlərində mühüm yer tutur
Dövlət başçısı İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini etdi. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 33 ildə Azərbaycan-Çin münasibətlərinə diqqət yönəldildi, ötən il qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin əhəmiyyəti xüsusi vurğulandı. Dövlət başçısı İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlərdə bu Bəyannamənin iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsini təmin edən mühüm bir addım olduğu əsaslı şəkildə diqqətə çatdırıldı. Cənab İlham Əliyev səfərdən öncə Çinin Sinxua agentliyinə müsahibəsində Birgə Bəyannaməni tarixi hadisə kimi dəyərləndirərək bildirdi ki, bu sənəd Azərbaycan-Çin münasibətlərində yeni səhifə açdı. Bu Bəyannamə, həmçinin ÇXR ilə Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir.
Onu da qeyd edək ki, Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin inkişafı ölkələrimizin strateji tərəfdaşlıq münasibətlərində mühüm yer tutur. Bu əlaqələrin genişləndirilməsi və mövcud problemlərin həlli məqsədilə 2009-cu ilin mayında Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. 2012-ci ildə Pekində, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmçinin Azərbaycan 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olaraq beynəlxalq iqtisadi layihələrə daha sıx inteqrasiya edib. Azərbaycanın “Kəmər və yol” təşəbbüsünə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Bu mühüm layihə həm Azərbaycan, həm də Çin üçün iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və regional ticarət marşrutlarının inkişafına xidmət edir. Çin hökuməti bu dəmir yolunun istifadəyə verilməsini və tikintisində Azərbaycanın oynadığı mühüm rolu yüksək qiymətləndirib. Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində də “Kəmər və yol” təşəbbüsünə diqqəti yönəldərək bildirdi ki, Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir.
Azərbaycan-Çin münasibətlərinin bütün sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini təmin edən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ının imzalanması dövlət başçısının bu əminliyini şərtləndirdi. Sənəddə qeyd edildi ki, hər iki dövlət başçısı diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətləri yüksək qiymətləndirərək səmimi və dostluq mühitində danışıqlar apardılar. Hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edərək, qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul etdilər.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı