image-qanunla-reklam
image-17453983645228455882_1200x630

Azərbaycan ilə Çin arasındakı münasibətlər tarixi dostluğa və qarşılıqlı etimada əsaslanır

image-lady-day-az

Azərbaycan ilə Çin arasındakı münasibətlər tarixi dostluğa və qarşılıqlı etimada əsaslanır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  aprelin 21-də Çinin nüfuzlu Sinxua agentliyinə geniş müsahibə verib. Müsahibə zamanı dövlətimizin başçısı Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın möhkəmlənməsindən, “Bir Kəmər, Bir Yol” təşəbbüsündə ölkəmizin iştirakından, eləcə də regional və qlobal məsələlərə dair fikir mübadiləsindən bəhs edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Çin arasındakı münasibətlər tarixi dostluğa və qarşılıqlı etimada əsaslanır. O qeyd edib ki, son illər ərzində iqtisadi, ticarət, nəqliyyat və energetika sahələrində əməkdaşlıq xeyli dərəcədə genişlənib. Dövlət başçısı Çinin təşəbbüsü olan “Bir Kəmər, Bir Yol” layihəsinin regionda dayanıqlı inkişaf və iqtisadi inteqrasiyanın təşviqində mühüm rol oynadığını vurğulayıb.

Prezident Əliyev həmçinin qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu bu təşəbbüsün tərkib hissəsi kimi Azərbaycanın logistika potensialını daha da gücləndirib. O əlavə edib ki, Çin şirkətləri Azərbaycanın infrastruktur layihələrində və sənaye zonalarının inkişafında fəal iştirak edirlər.

Müsahibədə Azərbaycan Prezidenti regionda gedən sülh prosesindən də danışıb və Ermənistanla normallaşma istiqamətində aparılan danışıqlara toxunub. O qeyd edib ki, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması üçün Azərbaycanın səyləri davam edir və bu prosesə beynəlxalq dəstək vacibdir.

Çin-Azərbaycan münasibətlərinin humanitar və təhsil sahəsində inkişafına da toxunan Prezident İlham Əliyev vurğulayıb ki, iki ölkə arasında mədəniyyət mübadiləsi, tələbə proqramları və elm sahəsində əməkdaşlıq ikitərəfli əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır.

Müsahibə zamanı dövlət başçısı iqtisadi əməkdaşlığın genişlənməsini xüsusi qeyd edib. O, bildirib ki, Çin şirkətləri Azərbaycanda energetika, kənd təsərrüfatı, nəqliyyat və yüksək texnologiyalar sahəsində mühüm layihələr həyata keçirirlər. Azərbaycan da öz növbəsində Çinə neft və qeyri-neft məhsullarının ixracını artırmaqda maraqlıdır.

Müsahibənin sonunda Prezident Əliyev Çin xalqına və rəhbərliyinə səmimi salamlarını və ən xoş arzularını çatdırıb, Çin ilə əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə əminliyini ifadə edib.

Beləliklə, Prezident İlham Əliyevin  Çinin Sinxua agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər ölkəmizin dünyadakı mövqeyini və xarici siyasətini təqdim etməklə yanaşı, həm də Azərbaycanın beynəlxalq münasibətlərdə və qlobal məsələlərdə fəal iştirakını əks etdirir. Bu cür müsahibələr həm də Azərbaycanın dünyada doğru imicini formalaşdırmağa, iqtisadi və siyasi əlaqələrini inkişaf etdirməyə kömək edir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Azərbaycan-Çin münasibətlərinin hərtərəfli inkişafı üçün geniş imkanlar mövcuddur

Azərbaycanla Çin arasında münasibətlər min ildən çox əvvəl qədim İpək yolu vasitəsilə başlayıb və bu əlaqələr bu günədək davamlı inkişaf edir. İki xalq arasında tarixi və mədəni əlaqələrin təməli, qədim dövrlərə gedib çıxsa da son 33 il ərzində bu münasibətlər daha da möhkəmlənib və hər iki ölkənin rifahı naminə müxtəlif sahələrdə inkişaf edib. Azərbaycan ilə Çin arasındakı diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. Bu illər ərzində əlaqələr güclənərək, müxtəlif sahələrdə müştərək əməkdaşlıq təşəbbüsləri irəliləyib. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi açılıb və 1993-cü ilin sentyabrında isə Azərbaycan Milli Məclisi Pekində səfirliyin açılması haqqında qərar qəbul edib. Azərbaycan-Çin münasibətlərinin inkişafı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daha da sürətlənib. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Çinə rəsmi səfəri zamanı iki ölkə arasında səkkiz mühüm müqavilə imzalanıb. 1996-cı ilin aprelində isə Çin Xalq Respublikasının Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub. Bu səfərlər qarşılıqlı əməkdaşlığın və dostluğun möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Dövlət başçısı İlham Əliyev də Çinlə əlaqələrin inkişafına xüsusi önəm verir. 2003-cü ildən sonra dövlətimizin başçısı bir neçə dəfə Çinə rəsmi səfər edib. 2015-ci ilin dekabrında həyata keçirilən səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd ölkələrimizin əməkdaşlığında mühüm önəm daşıyır. Son illər ərzində Azərbaycan və Çin arasındakı əlaqələrdə xüsusi canlanma yaşanır. 2022-ci ilin sentyabrında, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən Sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Sədri Si Cinpin arasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib. 2023-cü ilin əvvəlindən isə yüksəksəviyyəli ikitərəfli mübadilələrin yeni dalğası başlayıb, qarşılıqlı səfərlər davam edib. Ötən il qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” münasibətlərimizin yüksələn xətlə inkişafına stimul oldu.

Dövlət başçısı İlham Əliyev həm bu günlərdə Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində keçirdiyi görüşlərdə, həm də Çinin Sinxua agentliyinə müsahibəsində diqqəti məhz bu sənədin iki ölkənin münasibətlərində əhəmiyyətli roluna yönəltdi. Bəyannamənin imzalanması tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. Belə bir əminlik də ifadə edildi ki, yüksək səviyyədə belə səfərlər mübadiləsi dövlətlərarası münasibətlərimizin dərinləşməsi prosesinə əlavə impuls verəcək.

O da məlumdur ki, Azərbaycan turizmin inkişafı və işgüzar fəaliyyətin artırılması məqsədilə Çin vətəndaşlarına münasibətdə vizasız rejimi birtərəfli qaydada tətbiq etdi. Ölkələrimizin vətəndaşlarının vizasız gediş-gəlişinin asanlaşdırılması turist axınının artmasına kömək edəcək və bununla da iqtisadi, humanitar və mədəni əlaqələr genişlənəcək.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki