Azərbaycan-İran sərhədi Zəngilanın işğaldan azad olunması ilə tam bərpa edilmişdir.
Zəngilan şəhərinin işğaldan azad edilməsinin 4 ili tamam olur. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Sərəncama əsasən 20 oktyabr – Zəngilan şəhər günü kimi qeyd olunur. Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. İşğalçılar Zəngilanın zəngin təbiətinə qarşı ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, “Bəsitçay” dövlət təbiət qoruğunda nadir Şərq çinarları qırılıb, yandırılıb. Ermənistandakı Qacaran mis-molibden və Qafan filizsaflaşdırma kombinatlarının tərkibində ağır metallar, fenol, və radioaktiv maddələrin miqdarı normadan min dəfələrlə çox olan tullantı suları Zəngilandan keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirib. Nəticədə təbiətə, ətraf mühiti ciddi ziyan dəyib, çaydakı nadir balıq növləri məhv olub. Ermənistan tərəfindən Oxçuçayın ağır formada çirkləndirilməsi böyük ekoloji terror kimi qiymətləndirilir. 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova
Logistik layihələr
Uzun illər düşmən işğalı altında qalan Zəngilan rayonu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 20 oktyabr tarixində müzəffər Azərbaycan ordusu tərəfindən işğaldan azad edildi. Zəngilan rayonunun işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa olundu. Zəngilan rayonu uğrunda döyüşlərdə Azərbaycan əsgərləri böyük qəhrəmanlıq göstərdi və 2020-ci il noyabr ayının 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Qədim Azərbaycan torpağı olan Zəngilanın azad olunmasından sonra işğaldan azad olunmuş digər bölgələrimiz kimi Zəngilanda da geniş quruculuq, tikinti, bərpa işləri vüsət almışdır. Mühüm nəqliyyat qovşağında yerləşən bu qədim diyarımızda strateji, beynəlxalq əhəmiyyətli logistik layihələr icra olunmaqdadır. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu inşasının böyük strateji önəm daşıyır. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Eyni zamanda buradan Naxçıvana həm dəmir yolu, həm də avtomobil yolu açılacaqdır. Ümumi uzunluğu 124 km olan Zəngilan-Horadiz avtomobil yolu öz strateji əhəmiyyəti ilə seçilir. Əlavə olaraq Zəngilanın gələcəkdə Azərbaycanın qida təhlükəsizliyində böyük rol oynayacağı heç kimə sirr deyil. Artıq rayona 6000 baş anqus cinsindən olan qaramal idxal edilib və gələcəkdə onların sayının 10 minə çatdırılması planlaşdırılır. Eyni zamanda burada İsrail mütəxəssislərinin iştirakı ilə camışçılıq ferması yaradılmışdır. Qardaş Türkiyə şirkətləri ilə “Dost Aqropark” adlanan pilot kənd təsərrüfatı layihəsi artıq fəaliyyətə başlamışdır. Zəngilan rayonununda işğaldan azad olunmuş digər bölgələrimiz kimi geniş vüsət almış bərpa-quruculuq işləri, yeni infrastruktur layihələri bütün dünyaya Azərbaycan Respublikasının qüdrətini, vətəndaşlara verdiyi yüksək dəyəri göstərir.
Əlvənd kənd H. Zərdabi adına tam orta məktəbin direktoru E. Xəlilov.