Azərbaycan özünün beynəlxalq və iktərəfli əməkdaşlıq coğrafiyasını genişləndirməkdədir.
Ölkəmizin atan nüfuzu fonunda xarici siyasətin əsas istiqamətlərindən biri də Balkan yarımadası ölkələri ilə yaxın təmasların qurulmasıdır. Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri və qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı azərbaycanlı həmkarı İlham Əliyevlə apardığı müzakirələri də bu səpkidə dəyərləndirilə bilər.
Ölkəmizin günü-gündən inkişaf etməsi, onun nüfuzunun artması bir çox dövlətlərin Azərbaycana olan marağını artırıb, onunla səmimi dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasına çalışan ölkələrin sayı artmaqdadır. Bu istiqamətdə Balkan yarımadası dövlətlərinin Azərbaycanla münasibərlərin genişlənməsinə olan marağı artıb.Bu gün Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır.
Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb. Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsi artıb, birgə iqtisadi layihələrə imza atılıb və investisiyaların təşviqi ilə bağlı razılaşmalar əldə edilib. Hazırda Azərbaycanda Şimali Makedoniya sərmayələri ilə fəaliyyət göstərən kommersiya qurumları mövcuddur. Bu, iqtisadi əməkdaşlığın təkcə kağız üzərində deyil, real biznes əlaqələri səviyyəsində də inkişaf etdiyini göstərir. İki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş 2013-cü ildə imzalanıb. Bu gün isə yeni layihələrin həyata keçirilməsi gündəmdədir.
İki ölkə arasındakı əlaqələrin yeni mərhələyə qədəm qoyduğunun bariz nümunəsi isə Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın COP29 tədbiri çərçivəsində Bakıya rəsmi səfəri olmuşdur. Ötən ilin 14 noyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən xanım Qordana Silyanovska-Davkova COP29-un yüksək səviyyədə təşkil edildiyini vurğulamışdır. Ali qonaq Azərbaycan mədəniyyəti ilə tanışlıqdan məmnunluğunu bildirmiş və ölkəmizlə əməkdaşlıq üçün geniş imkanların olduğunu demişdir. Ölkə başçımız da öz növbəsində Qordana Silyanovska-Davkovanın ölkəmizə səfərinin münasibətlərin genişləndirilməsinə, iqtisadi-ticari və mədəni əlaqələrin inkişaf etdirilməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı