image-qanunla-reklam
image-seyfeddin-erol

Azərbaycan Qafqazda açar ölkəyə çevrildi – Türk professor

image-lady-day-az

İkinci Qarabağ müharibəsindən sonra Qafqaz yeni bir geosiyasətin qurulmasına şahidlik edir. Şübhəsiz ki, bu yeni mərhələdə bölgənin təhlükəsizliyinin, rifahının və sabitliyinin ortaq əməkdaşlıq təməli üzərində qurulması planlaşdırılır.

Bu sözləri Qanunla.Aza Türkiyə Ankara Strateji Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Mehmet Seyfəddin Erol deyib.

O bildirib ki, bölgədə yenə müxtəlif məsələlərdə olan qeyri-müəyyənliklər gündəmdə qalmağa davam edir:

“Xüsusilə Ermənistanın daxili siyasətindəki böhranlar, onun Qarabağa olan təxribatçı münasibətləri və bəzi regional və regiondan kənar aktorların burada “həvəsləndirici rolu” sülhün bərqərar edilməsindəki əsas çətinliklərdəndir. Son dönəmdə Minsk Qrupu daxilində gündəmə gətirilən bir sıra təkliflər bu çərçivədə qiymətləndirilə bilər. Fransa başda olmaqla bəzi Qərb mərkəzli aktorlar İrəvan və erməni diasporu vasitəsilə sülh mərhələsini dalana dirəmək istəyir”.

Alimin sözlərinə görə, buradakı əsas hədəf türk dünyasının geosiyasətidir:

“Çünki İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə gücünün artması Qafqaz bölgəsini Xəzər və ətrafındakı bölgələr (xüsusən Orta Asiya red.) kontekstində Avrasiya geosiyasətinin qəlbgahlarından birinə çevirdi. Son müharibə ilə Azərbaycan enerji və nəqliyyat (tranzit) təhlükəsizliyi kontekstində Qafqaz bölgəsində açar ölkəyə çevrildi. Azərbaycan bunu cəbhədəki hərbi uğuru ilə möhürlədi. Şübhəsiz ki, Azərbaycanın artan əhəmiyyəti və gücü bəzi regional və qeyri-regional gücləri narahat edir”.

Professor Türkiyənin bütün bu proseslərdən xəbərdar olduğunu, bundan sonra da Azərbaycana qarşı hər hansı bir fəaliyyətə imkan verməyəcəyini qeyd edib:

“Türkiyə sonunadək başda ərazi bütövlüyü olmaqla, qardaş Azərbaycanın müstəqilliyinin, suverenliyinin və mənafelərinin qorunması üçün hər cür dəstəyi davam etdirəcəkdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki