2023-cü il iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu.
2023-cü ilin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində Azərbaycan və Çin liderlərinin görüşü çərçivəsində dövlət rəhbərləri cənab İlham Əliyev və Si Cinpin tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamədə Azərbaycanın Çinin təklif etdiyi qlobal inkişaf, qlobal təhlükəsizlik və qlobal sivilizasiya təşəbbüslərini dəstəklədiyi, 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyinin icrasını sürətləndirmək və beynəlxalq və regional təhlükəsizlik və sabitliyi birgə qorumaq üçün bu təşəbbüslər çərçivəsində əməkdaşlıqda fəal iştirak etməyə hazır olduğunu bildirir. Çin son illər Azərbaycanla təkcə enerji sektorunda deyil, eləcə də, sənaye, kənd təsərrüfatı, ticarət, turizm, İKT, tranzit, logistika, yüksək texnologiya, maşınqayırma və s. kimi qeyri-neft sektoruna aid iqtisadi layihələrdə əməkdaşlıq edir. Ümumiyyətlə, Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin genişləndirilməsi, bu sahədəki problemlərin həlli məqsədilə Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında 2012-ci il iyunun 12-də Pekin şəhərində memorandum imzalanıb. Azərbaycan Respublikası 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olub və İnvestisiya Bankı TANAP layihəsinə 600 milyon dollar kredit ayırıb. Azərbaycanın “Bir kəmər, bir yol” layihəsinə verdiyi önəm 2017-ci ilin oktyabrında “Bakı-Tbilisi-Qars” dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Çin hökuməti “Bakı-Tbilisi-Qars” dəmir yolunun istifadəyə verilməsini, bu yolun tikintisində Azərbaycanın rolunu, eləcə də “Bir kəmər, bir yol” layihəsinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Son illərdə Azərbaycanınla Çin arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. Çin şirkətlərinin Azərbaycanda fəaliyyəti sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Çin şirkətləri Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak edir. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə də yüksək potensiala malik ölkələrdəndir. Son vaxtlar bu istiqamətdə xeyli iş görülüb və reallaşdırılan layihələrin dairəsi getdikcə genişləndirilir. Bu istiqamətdə Çin şirkətləri ilə də birgə layihələr həyata keçirilir. İki ölkə üçün ticari-iqtisadi və tranzit-logistika yönümlü layihələrin reallaşdırılması ilə yanaşı, eyni zamanda, həm də elm, texnika, texnologiya, İTK, rəqəmsallaşdırma, eləcə də mədəni-humanitar sahələrdə də fəaliyyətin genişlənməsi prosesi gedir. Çin texnologiyalarının Azərbaycana gətirilməsi ilə, ölkəmiz dünyanın müasir texnoloji mərkəzlərindən birinə çevrilə bilər. Ümumiyyətlə bu strateji əməkdaşlıqdan hər iki ölkə faydalanacaq.
Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc