Azərbaycan Respublikası ilə Şimali Makedoniya Respublikası arasında ikitərəfli münasibətlər
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız təkcə regional məsələlərdə deyil, bütövlükdə qlobal miqyasda baş verən proseslərə mühüm təsir etmək imkanlarına malikdir. Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub və fəaliyyəti ilə bunu sübut edərək parlaq nümunə sərgiləyib. Düşünülmüş addımlara, düzgün qurulan strategiyaya əsaslanan xarici siyasətin nəticəsi olaraq Azərbaycana maraq günbəgün artır.
Ölkəmiz yüksək iqtisadi göstəricilərə malik sabitlik adası olaraq dünyanın diqqət mərkəzindədir. Rəsmi Bakının təşəbbüsü ilə gerçəkləşən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP və digər nəhəng layihələr ölkəmizin qlobal iqtisadiyyatda çəkisini artırmaqla bərabər, təhlükəsizliyə önəmli töhfələr verir. Şimali Makedoniya Respublikasının Prezidentinin Azərbaycana səfəri də qeyd edilənlərin təsdiqi olaraq diqqət çəkir.
Azərbaycan- Şimali Makedoniya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur. Qədim tarixə malik olan makedoniyalılar müxtəlif imperiyaların tərkibində yaşasalar da, milli düşüncələrini itirməyərək, 1990-ci illərdə dünyada baş verən geosiyasi dəyişiklərdən istifadə edərək müstəqilliklərini qazandılar.Şimali Makedoniya ilə Azərbaycanın yeni tarixində bənzər məqamlar çoxdur. Hər iki dövlət imperialist siyasətin qurbanı olmuş və SSRİ-nin dağılmasından sonra müstəqillik qazanaraq inkişaf mərhələsinə qədəm qoymuşlar.
Bu gün Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır.
Bununla bağlı əvvəlcə onu qeyd edək ki, respublikamız ilə Şimali Makedoniya arasında diplomatik əlaqələr 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. Azərbaycan digər Balkan dövlətləri kimi Şimali Makedoniya ilə münasibətlərin inkişafına ciddi önəm verir. Eyni zamanda ölkələrimiz arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edir. Azərbaycan – Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir ki, bu da əməkdaşlığın dərinləşməsi üçün olduqca səmərəlidir.
Tamam Xaspoladova- Zərdab rayon Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin direktoru
Avropa Azərbaycan qazına ehtiyac duyur
Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini günü-gündən möhkəmləndirməkdədir. Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir, ölkəmiz beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Azərbaycan Respublikası nəhəng enerji infrastrukturu yaradıb. Azərbaycanın Avropanın enerji təchizatında oynadığı rol bundan sonra da daha geniş miqyasda davam etdiriləcək. Bu, “mavi yanacaq” təchizatının coğrafiyasının genişləndirilməsində və gələcəkdə Avropa məkanında yeni yaradılacaq, interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmasında nəzərə çarpacaq. Hazırda Azərbaycanın əsas hədəfi bərpaolunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə ölkəmiz tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanıb. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Enerji təhlükəsizliyi məsələsi əlbəttə ki, milli təhlükəsizliyə bərabər bir məsələdir.Bu faktor hətta milli təhlükəsizlik gündəliyində belə ən başlıca yeri tutur.Beləliklə Azərbaycan öz resurslarını kifayət qədər inkişaf etdirir.
Enerji amili çox mühüm amillərdən biridir. Bu kateqoriyada xüsusilə bərpaolunan enerji mənbələrini qeyd etmək lazımdır. Bərpa olunan enerji növü enerji istehsalında bərpa oluna bilməyən enerjiyə alternativ olaraq ön plana çıxır. Bütün dövlətlərin enerji ehtiyaclarının müəyyən bir hissəsini öz imkanları hesabına ödəyə bilmək qabiliyyəti müsbət şəkildə qarşılanır, lakin bərpa olunan enerji istehsalı bütün dünyaya yayılmamış və istənilən ölçüyə çatmamışdır. Bərpa olunan enerji mənbələrindən istifadə ətraf mühitin qorunması baxımından da xeyli əhəmiyyətlidir.
Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq.
Azərbaycan 2021-ci ilin iyulunda Avropa İttifaqı (Aİ) ilə imzaladığı müqaviləyə əsasən, 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının həcmini 30 milyard kubmetrə çatdıracaq. 2028-ci ildə “Ümid” və “Abşeron” yataqlarından böyük həcmdə təbii qazın hasil edilərək dünya bazarına çıxarılması gözlənilir. Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrdir ki, bu da uzun müddətdə qaz ixracının artırılmasına imkan verir. Bundan başqa, 2027-ci ilin sonunadək Azərbaycan yaşıl enerji layihələri çərçivəsində 1862 MVt külək və günəş elektrik enerjisi istehsal etməyi planlaşdırıb ki, bu da 1 milyard kubmetr “mavi yanacağa” qənaət etməyə imkan verəcək.
Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru