Azərbaycan Respublikası ilə Şimali Makedoniya Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb.
Yuqoslaviyanın dağılması ilə 1990-cı ildə ilk dəfə olaraq Şimali Makedoniyada çoxpartiyalı sistem üzrə parlament seçkiləri keçirildi və yeni parlament ölkənin prezident və hökumətini seçdi.
Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. Həmin səfərlər zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevlə keçirilən görüşlərdə regional əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan idmançıları Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində beynəlxalq yarışlarda iştirak edərkən yüksək qonaqpərvərliklə qarşılanıblar. Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani 2023-cü ilin aprelində Bakıya işgüzar səfəri zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd etmək lazımdır ki, 2000-ci ildə Şimali Makedoniya və Azərbaycan parlamentlərarası işçi qrupu yaradıb və bu qrup hazırda uğurla fəaliyyət göstərir.
Cari ilin fevralında Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın xarici içlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri Timko Muçunski arasında görüş olub. Bu görüşdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı perspektivləri müzakirə edilib. Görüş zamanı tərəflər iki ölkə arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, yüksək səviyyəli səfərlərin, davamlı siyasi dialoqun və aidiyyəti qurumlararası təmasların intensivləşdirilməsinin yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsi və əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi baxımından önəmli olduğunu vurğulayıblar.
Nazirlər Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin enerji, turizm və digər sahələrində inkişaf etdirilməsi üçün imkanların mövcudluğuna toxunublar.
Hazırda Azərbaycanda Şimali Makedoniya investisiyalı 5 kommersiya qurumu qeydiyyatdadır, onlardan 3-nün fəaliyyəti aktivdir. İki dövlət arasında imzalanan “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması” haqqında saziş də hazırda icra olunur.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynaması Avropa İttifaqı dövlətlərinin maraqlarını təmin edir.
Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Həmçinin Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur.
Bütün bunları nəzərə alaraq əminliklə söyləyə bilərik ki, Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri yaxın zamanlarda Bakı ilə Skopye arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini şərtləndirəcək.
Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova
Enerji sahəsində əməkdaşlıq inkişaf edir
Azərbaycanla Şimali Makedoniya arasında dostluq və əməkdaşlıq münasibətləri inkişaf edir. Ölkələrimiz arasında siyasi dialoq güclənir, dövlət başçılarının görüşləri bu əlaqələrin dərinləşməsinə təkan verir. Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın rəsmi səfəri zamanı liderlərin verdiyi bəyanatlar əlaqələrin yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə enerji sahəsində əməkdaşlıq genişlənməkdədir. Azərbaycan qazı artıq Şimali Makedoniyaya çatdırılıb və bu proses davamlı olacaq. Və beləliklə, bu əməkdaşlıq həm də Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
İki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və humanitar sahədə əməkdaşlığın inkişafı prioritet məsələlər sırasındadır. Azərbaycan, Şimali Makedoniya ilə münasibətlərin hərtərəfli inkişafına önəm verir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
Azərbaycanın müəllifi olduğu və XXI əsrin meqa layihələrindən sayılan Cənub Qaz Dəhlizi (Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP) bu gün Avropa ölkələrinin marağındadır və son dövrlərdə interkonnektorlar vasitəsilə nəhəng proyektdən faydalanmaq təşəbbüsləri xeyli artıb. Bu baxımdan təsadüfi deyildir ki, Aİ liderləri tərəfindən Azərbaycan “etibarlı tərəfdaş qaz təchizatçısı” kimi tanınır. Respublikamızı özünə etibarlı, vacib enerji tərəfdaşı hesab edən Avropa ölkələrindən biri də Şimali Makedoniyadır. Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə sayca ikinci səfəri, səfər çərçivəsində keçirilən görüşlər, liderlərin mətbuata bəyanatları da bu fikirləri bir daha təsdiqlədi.
Azərbaycanla Şimali Makedoniya arasında diplomatik əlaqələr 1995-ci ilin iyun ayının 28-də qurulub və ilk növbədə, xanım Prezidentin bu səfəri əlaqələrin 30 illiyinə təsadüf etməsi baxımından əlamətdardır. Digər tərəfdən, respublikamız hər zaman inkişaf etməkdə olan kiçik dövlətlərə öz dəstəyini ən bariz şəkildə ifadə edib və bunu təkcə sözdə deyil, əməldə də göstərib. Ötən ilin noyabrında Bakıda keçirilən COP29-da Şimali Makedoniya lideri də iştirak edirdi və həmin mötəbər konfransda da ölkəmizin bu xeyirxah, humanist missiyası bir daha özünü bariz şəkildə göstərdi. Azərbaycan liderinin Qərb siyasi dairələrinin, xüsusilə də Fransanın müstəmləkəçi siyasətini sərt tənqid etməsi, konfransın sonunda əldə olunan tarixi razılaşmalara dair ortaya qoyduğu qətiyyət, iradə haqqı tapdanılan kiçik dövlətlərin Azərbaycana olan inam və etibarını daha da artırdı. Və bu baxımdan son vaxtlarda Afrika dövlət başçılarının ölkəmizə səfərləri, əməkdaşlıq əlaqələrini gücləndirmək üçün təşəbbüslər göstərməsi heç də təsadüfü deyildir.
2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz ixrac etmişdirsə, bu rəqəm 2022-ci ildə 11,4 milyard, 2023-cü ildə, təxminən, 12 milyard, 2024-cü ildə isə 12,9 milyard kubmetr təşkil edib. Ümumilikdə, 2024-cü ildə ölkəmiz xarici bazarlara 25 milyard kubmetr qaz ötürüb. Ötən ilin sonlarından artıq Şimali Makedoniya da respublikamızın mühüm enerji layihəsindən faydalanmağa başlayıb. Belə ki, 2024-cü ilin noyabrın 14-də bu ölkənin paytaxtı Skopye şəhərində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və “ESM” Səhmdar Cəmiyyəti arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Bu sənəd tərəflər arasında Şimali Makedoniyanın enerji təhlükəsizliyinin gücləndirilməsi və təbii qaz mənbələrinin şaxələndirilməsi üzrə uzunmüddətli əməkdaşlığı nəzərdə tutur. Bununla da Şimali Makedoniya Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Xorvatiya, Serbiya və Sloveniya ilə birlikdə Azərbaycan qazını alan on birinci ölkə olub. Əldə olunan razılaşmaya əsasən bir ay sonra, daha dəqiq desək, ötən il dekabrın 1-də Slovakiya da bu sıraya qoşulub. Və beləliklə, Azərbaycan hazırda dünya üzrə 12 ölkənin qaz təchizatını təmin edir.
Ümumilikdə, martın 11-də Azərbaycan və Şimali Makedoniya liderlərinin mətbuata verdiyi bəyanatlardan aydın oldu ki, hər iki ölkə həm iqtisadi, həm də mədəni sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova