image-qanunla-reklam
image-491760209_1225774345569008_4125786989828834209_n

Azərbaycan Respublikası və Gürcüstan arasında münasibətlər

image-lady-day-az

Azərbaycan Respublikası və Gürcüstan arasında münasibətlər

Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə əlaqələrin gücləndirilməsi mühüm yer tutur. Respublikamız regionda əməkdaşlığın möhkəmlənməsinə böyük səylər göstərir. Bu ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir ki, hazırda Azərbaycan Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə yüksək səviyyəli xoş münasibətlərə malikdir. Azərbaycanın müstəqillik tarixində sıx partnyorluq və strateji tərəfdaşlıq münasibətləri qurduğu qonşu dövlətlərdən biri də Gürcüstandır. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri əlaqələrin daha da inkişafı baxımından böyük önəm daşıyır.
Mixeil Kavelaşvilinin Gürcüstan Prezidenti seçilməsindən sonra ilk xarici səfərini ölkəmizə etməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Azərbaycanla Gürcüstan arasında enerji sektorunda nümunəvi əməkdaşlıq münasibətləri formalaşıb. Hər iki ölkə bu sahədə fəaliyyətlərini daim uzlaşdırırlar. Eyni zamanda, son illərdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə səmərəli regional əməkdaşlıq platforması yaranıb. Üç ölkənin birgə fəaliyyəti sayəsində regionun inkişafına güclü təkan verən Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri, həmçinin nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol oynayır. Bununla belə, yeni layihələrin icrası da nəzərdə tutulur.
Mətbuata bəyanat zamanı Prezident cənab İlham Əliyevin dediyi kimi, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Proseslər göstərir ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcək. Çünki həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var.
Azərbaycan və Gürcüstan bir çox sahələr üzrə fəal əməkdaşlıq edir. Həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda daim bir-birimizi dəstəkləyirik. Münasibətlərin hazırkı yüksək səviyyəsi isə tarixi ənənələrə söykənir. Bugünkü dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Qonşu ölkənin Prezidenti Mixeil Kavelaşvilinin də dediyi kimi, Gürcüstanla Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin olunmasının tərəfdarıdır. Bu baxımdan, bölgədəki məsələlərin məhz bölgə ölkələri tərəfindən həll olunmasına maraqlıdırlar.
Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir. Bu amil, dövlətlərimizin və xalqlarımızın maraqlarına tamamilə cavab verir.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki