image-qanunla-reklam
image-15740836916535155561_1200x630

Azərbaycan Respublikası və Gürcüstan arasında münasibətlər

image-lady-day-az

Azərbaycan Respublikası və Gürcüstan arasında münasibətlər.

Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Bundan başqa, 2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açılıb. 1993-cü ildə Heydər Əliyevin və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda ziddiyyətlərin aradan qalxmasına kömək etdi. Xarici və daxili siyasətdə milli mənafeləri təmin edən strategiya həyata keçirildi. 1995-ci ildə Azərbaycan ilə Gürcüstan dövlətləri arasında müqavilə bağlandı. Müqavilə siyasi, iqtisadi, hərbi, kommunikasiya sahələrini əhatə edir. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxardıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. İkitərəfli münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqda qarşılıqlı bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb. Müqavilə iqtisadi, ekoloji, təhsil, rabitə və s. sahələr üzrə əməkdaşlığı əhatə edir. 2004-cü ildə Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra, Gürcüstanın Azərbaycana olan marağı nəinki zəifləməmiş, əksinə, münasibətlərin daha da inkişafı üçün yeni addımlar atılıb. Belə ki, 2004-cü il martın 4-5-də Gürcüstan prezidenti Mixail Saakaşvili Bakıda rəsmi səfərdə olub. Səfər zamanı “Azərbaycan Respublikası və Gürcüstan Respublikasının arasında birgə bəyannamə”, “Təhsil sahəsində əməkdaşlıq haqqında saziş”, “Azərbaycan Respublikasının hökuməti ilə Gürcüstan hökuməti arasında informasiya sahəsində əməkdaşlıq haqqında saziş” imzalanıb. 2004-cü ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, həmçinin sərhəd-buraxılış məntəqələrinin işinin təkmilləşdirilməsi, nəqliyyat daşımaları tarifləri nəzərdən keçirilib. Hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik Bakı Tbilisi-Ceyhan neft ixrac kəmərinin tikintisi ölkələrimizi daha da yaxınlaşdırıb. 2005-ci il mayın 24-25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib. Hər iki ölkənin, habelə Türkiyənin prezidenti mərasimdə iştirak ediblər. Azərbaycanı Gürcüstanla yaxınlaşdıran ən mühüm məqamlardan biri 500 minədək soydaşımızın bu ölkədə yaşamasıdır. Gürcüstan azərbaycanlılarının dil, mədəniyyət, təhsil və s. sahələrdə mövcud problemlərinin həllindən ötrü həm rəsmi, həm də ictimai vasitələrlə zəruri işlər həyata keçirilməkdədir.

Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi Ləman Teyyubova.

 

 

Azərbaycan və Gürcüstan prezidentlərinin Dövlət başçılarının qarşılıqlı səfərləri

Azərbaycan və Gürcüstan prezidentləri arasında qarşılıqlı səfərlər iki ölkə arasındakı strateji tərəfdaşlıq və dostluq münasibətlərinin gücləndirilməsində mühüm rol oynayır. Hər iki ölkənin dövlət başçıları müxtəlif illərdə bir-birinin ölkəsinə rəsmi və işgüzar səfərlər etmiş, bu səfərlər çərçivəsində ikitərəfli əlaqələrin inkişafına dair mühüm məsələlər müzakirə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana bir neçə dəfə səfər etmişdir. Bunlardan biri 5–6 noyabr 2015-ci il tarixində baş tutan rəsmi səfər, digəri isə 8 oktyabr 2023-cü ildə həyata keçirilən işgüzar səfər olmuşdur. Bundan əlavə, Prezident İlham Əliyev 2004-cü ildən bu günə qədər Gürcüstana bir sıra səfərlər etmiş və hər bir səfər iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə töhfə vermişdir.

Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili isə Azərbaycana iki dəfə səfər etmişdir. Onun 27–28 fevral 2019-cu il tarixində baş tutan rəsmi səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüş keçirilmiş və bir sıra əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Digər səfəri isə 16 iyun 2022-ci ildə IX Qlobal Bakı Forumu çərçivəsində işgüzar səfər olmuşdur.

Bu qarşılıqlı səfərlər zamanı enerji, nəqliyyat, ticarət, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi regional layihələr hər iki ölkənin maraqlarına xidmət edən strateji təşəbbüslərdir. Eyni zamanda, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq iki xalq arasında əlaqələrin daha da güclənməsinə şərait yaradır.

Bu səfərlər yalnız iqtisadi və siyasi sahələri əhatə etməklə kifayətlənmir, həm də iki ölkə arasında insan əlaqələrinin möhkəmlənməsinə səbəb olur. Hər iki ölkənin gəncləri arasında mübadilə proqramları və təhsil sahəsindəki əməkdaşlıq, gələcək nəsillərin daha yaxın münasibət qurmasına imkan yaradır. Həmçinin, hər iki tərəf qarşılıqlı turizm sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Bu cür səfərlər və əməkdaşlıq, regionda sülh və təhlükəsizliyin təmin edilməsinə də töhfə verir. Nəticə etibarilə, Azərbaycan və Gürcüstan prezidentlərinin qarşılıqlı səfərləri siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsində vacib rol oynayır və iki ölkə arasında strateji tərəfdaşlığın davamlı inkişafını təmin edir.

 

Zərdab şəhər Ş.Qurbanov adına  2 saylı tam orta məktəbin   tarix müəllimi Sadıqova Ülkər


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki