Azərbaycan Respublikası və İran İslam Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan və İran arasında diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur. Hər iki ölkənin səfirlikləri (1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir. 1992-ci ilin dekabr ayında isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlamışdır), İranın Naxçıvan şəhərində Baş Konsulluğu (1992-ci ilin mart ayından), Azərbaycan Respublikasının Təbriz şəhərində Baş Konsulluğu (20 oktyabr 2004-cü ildən) fəaliyyət göstərir.
Suverenliyini və ərazi bütövlüyünü təmin etmiş Azərbaycan bir çox dövlətlərlə münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edən qərar, sənədlər qəbul edib. Genişmiqyaslı layihələrin reallaşması dövlətlərarası əlaqələrin sürətlə inkişafına təkan verib. Əlbəttə ki, Azərbaycanla İran arasında münasibətlər də yeni mərhələyə daxil olub. Dövlətlərarası münasibətlərdə təkcə qonşuluq bağları deyil, tarixi köklərin bağlılığı əhəmiyyətlidir. Hər iki xalqın dili, ədəbiyyatı, adət-ənənələri və mətbəxi arasında oxşarlıqlar mövcuddur. Bu mədəni yaxınlıq ikitərəfli diplomatik əlaqələrin inkişafında mühüm rol oynamışdır. “Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün bu möhkəm təməl üzərində dövlətlərarası münasibətlərimiz inkişaf edir”. Bu sözləri Azərbaycan Prezidenti cənab İlham Əliyev İran Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı qeyd edib ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının və təzahürüdür. Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri regionda təhlükəsizliyin dayanıqlı olması və ikitərəfli əlaqələrin inkişafı istiqamətində atılan əhəmiyyətli addımdır. Bu səfər əlbəttə ki, qarşılıqlı faydalı əlaqələrin inkişafına əsaslı töhfə verəcək.
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub. Görüşdə hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, energetika, xüsusilə elektrik enerjisi sahəsində əməkdaşlıq müzakirə olunub. Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi və Ağbənd-Kəlalə avtomobil körpüsü layihəsinin yekunlaşdırılmasının önəmi qeyd edilib. Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb. Bir daha diqqətə çatdırılıb ki, Azərbaycan və İran regional məsələlərin bölgə ölkələrinin özləri tərəfindən həll edilməsinin tərəfdarıdır. Bu xüsusda 3+3 regional əməkdaşlıq formatının əhəmiyyəti vurğulanıb.
Azərbaycan-İran arasında bir çox sahələrdə əlaqələr mövcuddur ki, bu da həm ölkələri gücləndirir, eyni zamanda, regional əməkdaşlığa müsbət təsirini göstərir. Bölgədə sülhün və əmin-amanlığın carçısı olan Azərbaycan sülhsevər siyasətini uğurla reallaşdırır. İran Azərbaycanın yaxın qonşusudur və ölkəmiz bölgənin istisnasız olaraq bütün dövlətləri kimi, İranla da səmərəli əməkdaşlığı davam etdirməkdə maraqlıdır.
Tamam Xaspoladova- Zərdab rayon Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin direktoru