2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir
Azərbaycan dilinin inkişafı, qorunması, fəaliyyətinin təmin edilməsi kimi tarixi missiyanın yerinə yetirilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Hər zaman çıxışlarında dil siyasəti, dil quruculuğu, dil mədəniyyəti, yazı və əlifba məsələlərini diqqətə çatdırırdı. Ana dilinin statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsi ilə yeni sərəncamın verilməsi dövlətimizin ana dilimizə – dövlət dilinə çox böyük önəm verdiyini, ona həm dövlətçilik atributu kimi, həm də milli dövlət quruculuğunun mühüm amili kimi yanaşdığını sübut edir. Bu baxımdan Azərbaycan Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı böyük tarixi-siyasi əhəmiyyətə malikdir. Ulu Öndər bu fərmanda Azərbaycan Respublikasının onillik inkişaf təcrübəsi haqqında danışarkən qeyd etmişdir ki, “Ana dilimizin öyrənilməsi və tətbiqi” sahəsində də hələ görüləsi işlər çoxdur.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndər Heydər Əliyevin dönməz mübarizəsinin nəticəsidir. Bu işdə dahi şəxsiyyət bütün qüvvələri səfərbər edərək Azərbaycan ziyalılarını, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb etmişdi.
Müstəqillik dövründə də Azərbaycan dilinin inkişafına xüsusi həssaslıqla yanaşan Ulu Öndər Heydər Əliyev 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin məhz Azərbaycan dili adlandırılması təklifinin qəbul edilməsinə üstünlük verdi.
Bundan başqa, 2001-ci il 9 avqustda Ulu Öndər “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalamış və bu Fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
2002-ci il 30 sentyabr tarixində isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir ki, məhz bu Qanunla Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq ölkədə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusu nizamlanır. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
Azərbaycan dilinə bu gün də dövlətimiz tərəfində xüsusi diqqət və qayğı vardır. Belə ki, müasir Azərbaycan dilinin qloballaşan dünyada qorunub saxlanılması və davamlı inkişafı naminə ölkə başçısı cənab İlham Əliyev tərəfindən bir çox Fərman və Sərəncamlar verilmişdir.
Kəmalə Məmişova- Zərdab rayon Bıçaqçı kənd tam orta ümumtəhsil məktəbinin direktoru