image-qanunla-reklam
image-2021_05_12_260077_12-5-2021-28

Prezident İlham Əliyevin 07 may 2021-ci il tarixli sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuşdur

image-lady-day-az

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 may 2021-ci il tarixli sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuşdur

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinin çox böyük tarixi, siyasi, ideoloji, mədəni, ictimai əhəmiyyəti var. Şuşa öz qədimliyi, yerləşdiyi strateji mövqeyi, Azərbaycan mədəniyyətinə bəxş etdiyi dahilərlə tanınır. Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir. 30 ilə yaxın bu ağrı ilə yaşayan Azərbaycan xalqı Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını, xüsusən də 2020-ci il noyabrın 8-də Şuşa şəhərini azad etməklə möhtəşəm bir tarix yazdı. Azad edilmiş hər bir qarış torpağımızın böyük əhəmiyyəti var, lakin Şuşa şəhərinin önəmini xüsusi qeyd etmək lazımdır. Ermənilər qədim Azərbaycan şəhərinin azad edilməsilə elə bir ağır zərbə alıblar ki, çətin ki, bundan sonra özlərinə gələ bilsinlər.
Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır. Belə tədbirlərdən biri 32 ildən sonra Heydər Əliyev Fondu tərəfindən “Xarıbülbül” festivalının keçirilməsi olmuşdur. Mədəniyyət paytaxtı elan olunan Şuşamızın abidələri yenidən təmir olunur. Vaqif məqbərəsi, Şuşa Xalça Muzeyi bərpa olunub. Gözəl təbiəti olan Şuşa həm də turistləri qonaq qəbul edəcək. Buna görə də Şuşada “beş”, ”dörd”, ”üç” ulduzlu otellər istifadəyə verəcək. Qonaq gələn hər kəs Şuşamızın gözəlliyindən danışacaqlar. Şuşanın gözəlliyi bütün dünyaya səs salacaq. Biz inanırıq ki, Şuşa tək Azərbaycanın yox, dünyanın gözü-bəbəyi olacaq. Sərəncamın icrası nəticəsində görüləcək möhtəşəm işlər, quruculuq və abadlıq işləri dünyaya buranın əsl sahiblərinin qayıtmasını car çəkəcək, qisas hissi ilə alışan erməniləri yaranmış yeni reallıqla barışmağa məcbur edəcək.

Şahnaz Mustafayeva – Zərdab rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru

 

Şuşanın azad olunması kimi onun yenidən bərpası

Azərbaycan öz mədəniyyəti, tarixi abidələri, quruculuq və bərpa işlərində daim inkişaf etmək istiqamətində əsaslı addımlar atan bir dövlət olmuşdur. İllərdən bəri davam edən mədəni tədbirlər öz bəhrəsini vermiş və hazırda da davam etdirilməkdədir.
Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa daim diqqət mərkəzində olmuşdur. Ulu Öndər Heydər Əliyev bu mövzuya xüsusi önəm vermişdir. Şuşanın qorunması daim onun diqqət mərkəzində olmuşdur. 1977-ci ildə Ulu Öndərin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Bu qərara əsasən Şuşada memarlıq abidələrinin qorunması, mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əsaslı tədbirlər görülmüşdür.
Bu tədbirlər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən düşmənin məğlub edilməsi və əzəli torpaqlarmızın geri qaytarılması ilə davam etdirilir.
44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində Şuşa şəhəri öz əzəli və əbədi sahiblərinə geri qaytarılmışdır. Cənab prezidentimiz İlham Əliyev daima çıxışlarında qeyd edir ki, Şuşanı azad etmək bizim üçün nə qədər önəmli idisə, onu yenidən bərpa etmək də o qədər vacib məsələdir. Hazırda bu istiqamətdə tədbirlər görülür. Şuşa əvvəlki kimi bərpa olunub yenidən ən böyük mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Və bunun ilk addımlarından biri kimi “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncam imzalanmışdır.

Abbas Nağıyev – Dəli Quşçu kənd sakini, ağsaqqal

 

Şuşa şəhəri yenidən Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir

Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarını işğal edən vandal ermənilər təkcə əhaliyə qarşı qırğınlar törətmədilər, eyni zamanda işğal etdikləri bütün şəhər, kənd və qəsəbələrimizdə mədəni və tarixi abidələrimizi də dağıtdılar. Qarabağın ən gözəl, mədəni-milli və tarixi abidələrlə zəngin olan Şuşa şəhərinin xüsusi gözəlliyi var idi. 1992-ci ildə o dövrkü hakimiyyətin satqınlığı və xalqa xəyanətkarlığının nəticəsində Şuşa şəhəri düşmənə verildikdən sonra erməni vandalları tərəfindən talan olunaraq Azərbaycan xalqının tarixi izlərini silməyə çalışdılar. Erməni vandalları ən vacib olan məsələni unudurdular ki, Şuşanın var olması Azərbaycan tarixinin yaşaması deməkdir.
Nəhayət ki, kreslo davasına qurban verilən qədim şəhərimiz 30 ildən sonra Müzəffər Ali Baş Komandanızın rəhbərliyi ilə 44 günlük ikinci Qarabağ müharibəsində hərb tarixində ən özəl, xüsusi bir  əməliyyat ilə 8 noyabrda azad edilərək yenidən öz tarixinə qovuşdu.
Hazırda azad edilmiş rayonlarımızda, xüsusən də Şuşa şəhərində quruculuq işləri aparılır. Cənab prezidentin sərəncamı ilə artıq Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan edilmiş, burada sürətli tikinti və quruculuq  işləri davam etdirilir. İnanırıq ki, yaxın illər ərzində Şuşa şəhəri yenidən Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir.

Rəşid Şərifov – Əlvənd kənd sakini, ağsaqqal

Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olması rəsmiləşmişdir

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.”
Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. Və bu şəhər işğal olunan zaman erməni vəhşiliyinin qurbanına çevrilmişdir.
II Qarabağ Müharibəsindən sonra, azad edilmiş Şuşa şəhərinə bir neçə dəfə səfər edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışları zamanı bildirmişdir ki, “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər”. Artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycan mədəniyyətinin paytaxtı elan edilmişdir.
Biz əminik ki, Sərəncam Şuşa şəhərinin bu statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edəcək.

Qnyaz Nağıyev – fəal gənc

Şuşa bizim tariximizdir, mədəni irsimizdir

Azərbaycanın qədim şəhəri olan Şuşa 29 ildən sonra ilk dəfədir may ayının 8-ni azad şəkildə qarşıladı. Uzun illər 8 may tarixini Şuşa şəhərinin işğal günü kimi qeyd edən Azərbaycan xalqı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Ordusunun gücü sayəsində ilk dəfə olaraq bu günü sevinclə qeyd edir.
1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni hərbi birləşmələri 11 min nəfərlik qoşunla üç istiqamətdən Şuşa şəhərinə hücum edib və Qala şəhəri işğal olunub.
İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox insan etnik təmizləməyə məruz qalıb.
Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malik olan, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub. Amma Ordumuzun qətiyyətli mübarizəsi və qüdrəti sayəsində tarixi ədalət bərpa edildi. 2020-ci ilin sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində, 44 gün davam edən Vətən müharibəsinin 42-ci günündə – noyabrın 8-də azərbaycanlıların illərdir həsrətində olduğu Şuşa şəhəri işğaldan azad edildi və elə həmin gün Şuşada Azərbaycan bayrağı qaldırıldı. Bu tarixi və müqəddəs müjdəni Azərbaycan xalqına Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev böyük fəxarət və qürur hissi ilə çatdırdı.
“Müzəffər Ali Baş Komandan “Şuşa bizimdir! Qarabağ bizimdir!” deyərək Azərbaycan tarixində mühüm bir dönəm üçün xalqımızı təbrik etdi. Şuşanın azad olunması kimi onun yenidən bərpası, Azərbaycan mədəniyyətində öz layiqli yerini alması Ulu öndərin ən böyük hədəflərindən idi. Azərbaycan mədəniyyətinin mühüm mərkəzlərindən olan Şuşanın qorunması Ulu öndər Heydər Əliyevin xüsusi diqqətində olub.
Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında cənab Prezidentin sərəncamı mühüm əhəmiyyət kəsb edir. Bununla da Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olması rəsmiləşdi. Çünki bu şəhər Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən bir olub. Şuşa şəhərinin bu statusunun bərpası onun əvvəlki şöhrətini özünə qaytaracaq. Bu, eyni zamanda xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin tanıdılmasına xidmət edir.
“Şuşa bizim tariximizdir, mədəni irsimizdir. Şuşa Qarabağın döyünən ürəyidir. Şuşa bizə o qədər doğmadır ki, onu həm də simvol kimi qəbul etmişik.
Şuşa qədim Azərbaycan ərazisidir, Pənahəli xanın əsəridir, bizlərin dədə-baba yurdudur. Şuşa 30 ilə yaxın işğal altında qaldı, dağıdıldı, söküldü, istismar olundu. Təcavüzkar düşmən bu şəhəri də vicdansızca, əclafca, nakişicə viran günə saldı. İndi isə Şuşa artıq xilas olub. Şuşa indi nəfəs alır. Şuşa indi rahatdır. Şuşa indi xoşbəxtdir.
Beləliklə, əziz Şuşamız azaddır və günü-gündən dirçəlir. Biz bu qədim Azərbaycan şəhərinə əbədi olaraq dönmüşük!

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır

Tarix boyu Şuşa Azərbaycanın tarixi mədəni həyatında mühüm yer tutan mərkəz şəhərlərdən biri olmuşdur. Keçmişə nəzər salsaq görərik ki, bu şəhər-qala yerləşdiyi coğrafi mövqe, tarixi və mədəni imkanlar baxımından müxtəlif dövrlərdə dünyaya hökm edən hökmdarların, sərkərdələrin ələ keçirməyə, mənimsəməyə çalışdıqları bir məkan kimi tarixə düşmüşdür.
Ermənistanın ölkəmizə qarşı başladığı hərbi təcavüz nəticəsində düşmən 1992-ci il may ayının 8-də Qarabağın dilbər guşəsi, musiqi beşiyi Şuşanı işğal etmiş, qədim tarixi – mədəni irsinə, gözəl təbiətinə ciddi zərbə vurmuşdur.
Lakin, keçən illər ərzində xalqımız, dövlətimiz bir an belə olsun bu itki ilə barışmamış, Ali Baş Komandanın səyi və qətiyyəti, rəşadətli Ordumuzun mübarizəsi nəticəsində ədalət bərpa edilmiş, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şuşa şəhərinin öz tarixi görkəminin bərpası, əvvəlki gözəlliyinin, çoxəsrlik zəngin mədəniyyətinin özünə qaytarılması məqsədi ilə burada abadlıq quruculuq işlərinə başlanılmışdır.
Eyni zamanda 2021-ci il mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncam imzalamışdır.
Əziz Şuşa! Doğma şəhər!
Sən artıq azadsan!
Biz əbədi olaraq sənə geri döndük!
Şuşa Azərbaycandır!
Qarabağ Azərbaycandır!

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

Şuşa dirçəlir… Şuşa abadlaşır…

Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. Bu sərəncamdan sonra Şuşa qələbə ilə bərabər ad-sanının geri qayıtmasına da iki qat sevindi.
Şuşa uğrunda ciddi döyüşlər getdiyini deyən Prezidentimiz onu qan tökərək azad etdiyimizi demişdi. O demişdi ki, Şuşanın təməlini Pənahəli xan qoyub və həmişə burada azərbaycanlılar yaşayıb. Şuşada neçə-neçə tarixi abidələrimiz, mədəniyyətimiz var. Prezidentimiz və xanımı Şuşaya səfər edərkən bu abidələrə baş çəkərək, illərin həsrətinə son qoydu. O, Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə baş çəkdi. Prezidentimizin səfəri və verdiyi vədlərdən sonra biz daha çox inanırıq. İnanırıq ki, Şuşamız əvvəlkindən daha gözəl, daha abad olacaq. Və bu abadlıq işlərinə çoxdan başlanılıb. Tarixi abidələrimiz təmir olunur, artıq məktəb tikintisinə belə başlanıb.
Şuşa Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, elminin böyük bir hissəsini əks etdirən vahid muzeydir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz Şuşanı azad və firavan edəcəyik.
Əziz Prezidentimiz, biz də Mədəniyyət paytaxtımız olan Şuşamızı firavan görmək istəyirik!

Vəfa Bayramova – Zərdabi muzeyinin direktoru

Şuşanın azad olunması – tarixi qələbəmiz

44 gün davam edən Vətən müharibəsində qazanılan böyük Zəfər nəticəsində 28 il işğal altında olan Qarabağın, o cümlədən böyük mədəniyyət ocağı olan Şuşanın azad olunması milli qürurumuzun, milli mənliyimizin də azad olması demək idi. Bu tarixi qələbə Ali Baş Komandanın sərkərdəlik qabiliyyəti, şanlı ordumuzun gücünün, qüdrətinin təzahürüdür.
Şuşanın alınması ilə ordumuz düşmən ordusunu tərk-silah etdi, onun bütün gücünü, qüvvəsini darmadağın etdi. Bu zəfər son bir əsr müddətində xalqımızın yaşadığı ən böyük sevincdir, desək yanılmarıq. Şuşaya bayraq sancılan gün – 8 noyabr Azərbaycan tarixinə əbədi həkk olunmuş bir qələbə tarixidir.
“Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcək” deyən prezident İlham Əliyevin bu fikirləri bu yerlərdə yeni həyat və inkişaf mexanizminin qurulacağından xəbər verir.
Əminik ki, işğaldan azad olunmuş Qarabağımız, Şuşamız yenə öz əvvəlki gözəlliyinə, tarixi qüdrətinə geri dönəcək, ölkəmizdə və dünyada iqtisadi və beynəlxalq nüfuzunu bərpa edəcək.

Vasif Məmmədov – Vətən müharibəsi iştirakçısı

Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın böyük hərbi-diplomatik uğuru və beynəlxalq birliyin Azərbaycana olan inamının, etimadının təzahürü, ölkəmizin, xüsusilə dövlət başçısının qlobal miqyasda olan nüfuzunun göstəricisidir.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”
Strateji əhəmiyyətli Şuşanın Azərbaycan tarixində xüsusi yerinin olduğunu vurğulayan Azərbaycan Prezidenti bildirmişdir: “Mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik…”.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi prezidentimiz Şuşa şəhərinin Azərbaycan mədəniyyət paytaxtı elan olunması barədə sərəncam imzalamışdır. Bununla da Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği təmin ediləcəkdir.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi olduqca mühüm qərardır

Uzun illərdən sonra məhz müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və ordumuzun şücaəti sayəsində Vətən müharibəsində illərdir həsrətində olduğumuz Şuşa şəhəri işğaldan azad edildi və orada Azərbaycan bayrağı qaldırıldı. Bu tarixi və müqəddəs müjdəni Azərbaycan xalqına ata vəsiyyətini yerinə yetirmiş müzəffər Ali Baş Komandan İlham Əliyev böyük fəxarət və qürur hissi ilə çatdırdı. Artıq bu gün hər birimiz fəxr edirik ki, Şuşa azaddır.
Şuşa bizim üçün milli qürur, mənlik, mədəniyyət, incəsənət, tarixdir, bir sözlə – hər şeydir. Şuşanın yenidən bərpası, tarixi simasının qaytarılması Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi deməkdir. Bu, həm də milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olması deməkdir. Şuşa həm də Azərbaycan xalqı üçün milli simvoldur. Cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi olduqca mühüm qərardır. Prezidentimiz Ulu Öndərimizin vəsiyyətini yerinə yetirərək azadlığına qovuşan, 270 illik tarixi olan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başladır.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olması rəsmiləşdirilib

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may tarixində “Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncam imzalaması ilə Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olması rəsmiləşdirilmişdir. Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, Qafqazın konservatoriyası olmuşdur. Sərəncam Şuşa şəhərinin bu statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsirlik zəngin mədəniyyətinin o cümlədən memarlıq və şəhərsalma mədəniyyətinin dünyada tanınmasına xidmət edir.
Cənab Prezidentin tapşırığı ilə Şuşa şəhərinin, onun mədəni-tarixi abidələrinin bərpası istiqamətində bərpa-quruculuq işlərinə başlanmış və işlər sürətlə davam etdirilir. Hazırda Heydər Əliyev Fondu tərəfindən dahi Azərbaycan şairi Vaqifin məqbərəsi bərpa edilir. Rəsm Qalereyasının, Qarabağ mehmanxanasının, Şuşa Xalça Muzeyinin bərpası üzrə işlər davam etdirilir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və diqqətlə yanaşılmasını tələb edir. Şuşada həyata keçirilən bərpa-quruculuq işləri, cənab Prezidentin “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Sərəncamı bu diqqət və qayğının bariz nümunəsidir. Şuşanın bərpası bu şəhərə Azərbaycan ruhunun qayıdışıdır.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki