AZƏRBAYCAN – RUSİYA ƏLAQƏLƏRİ ƏN YÜKSƏK SƏVİYYƏDƏ İNKİŞAF EDİB!
Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr, sazişlər imzalanıb. Bu münasibətlər bu gün yeni müstəvidədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. Xatırlatmaq yerinə düşər ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilə, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamə və s. bu əlaqələrin təməlinin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə ki, ikitərəfli münasibətlər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqlarının maraqlarına tam şəkildə cavab verir, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfə verir. Dövlətlərarası siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Müstəqillik dövründa iki ölkə arasında mövcud olan münasibətləri qoruyub saxlayaraq keyfiyyət və mahiyyətcə yeni səviyyəyə çıxarmaq mümkün olmuşdur. Bu gün Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığın bütün sahələrini, o cümlədən siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar, təhsil istiqamətləri nəzərdə tutur, eyni zamanda böyük həcmdə hərbi-texniki əməkdaşlığı əhatə edir. Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Xüsusilə ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub. Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir. Bu gün sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb. Xatırladaq ki, cari ilin aprelin 22-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiyaya işgüzar səfəri və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü bu əlaqələrin davamlığına söykənir.
Cənab Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri çərçivəsində sovet İttifaqında ən nəhəng tikintilərdən biri – Ümummilli Liderin adı ilə bağlı olan Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə təntənəli tədbir keçirildi. Bu yubiley tədbiri BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyasının rəhbəri kimi bu nəhəng layihənin reallaşdırılmasında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin xatirəsinə və nümunəvi fəaliyyətinə göstərilən yüksək ehtiramın daha bir ifadəsi idi. Dövrünün ən böyük infrastruktur layihələrindən olan Baykal-Amur Magistralı (BAM) dünyanın ən uzun dəmir yolu xətlərindən biridir. Elə buna görə də BAM xəttini “Əsrin layihəsi” adlandırırdılar. BAM həm də SSRİ-nin irimiqyaslı iqtisadi layihəsi idi. Müasir dövrümüzdə Rusiya Cənubi Qafqazda vəziyyətin nizamlanmasında iştirak etməyə hazırdır. Rusiya Prezidentinin bildirdiyi kimi, bu, Cənubi Qafqazda vəziyyətin nizamlanmasına aiddir. “Aydındır və hamıya yaxşı məlumdur ki, Rusiya, o cümlədən Ukrayna istiqamətində böhranlarla üzləşir. Amma Rusiyanın Cənubi Qafqazdakı vəziyyətdə tarixi iştirakı son bir neçə ildə bizə bu hadisələrə cəlb olunmağın vacibliyini diktə edir, əlbəttə, tərəflərin lazım bildiyi hissədə”, – deyə Vladimir Putin bildirib: “Əgər biz Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün nəsə edə biləriksə, vəziyyəti delimitasiya, sərhədlərin demarkasiyasına gətirib çıxararıqsa, Sizinlə dəfələrlə qeyd etdiyimiz kimi, müvafiq logistika istiqamətlərinin və ya iqtisadiyyatın qarşısında maneələri aradan qaldırarıqsa, buna çox şad olardıq”.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədri
Elşən Əzizov