image-qanunla-reklam
image-17137836132064231617_1200x630

Azərbaycan Rusiya ilə əməkdaşlığa böyük əhəmiyyət verir

image-lady-day-az

Azərbaycan Rusiya ilə əməkdaşlığa böyük əhəmiyyət verir

“MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.”

Bu fikirləri dövlət başçısı İlham Əliyev bu günlərdə Müstəqil Dövlət Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bildirdi. Bu mühüm addım həm Azərbaycanla MDB, həm də quruma üzv dövlətlər arasında əlaqələrin dünəninin, bu gününün və qarşıdakı dövrün təqdimatı oldu. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərimizlə bağlı belə qərarların qəbulu tarixi Zəfərimizin yaratdığı reallıqların təqdimatı və qəbul edilməsidir. Torpaqlarımız tarixi sahibinə qovuşaraq həyata keçirilən bərpa-quruculuq işləri, təkmil dirçəlişi ilə dünyanın diqqətindədir. Ötən il Qarabağın tacı Şuşa türk dünyasının, bu il İslam dünyasının mədəniyyət paytaxtı elan edilib.

Prezident İlham Əliyev əlaqələrimizin inkişafında növbəti addım kimi MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı qəbul edilən müraciətini qeyd etdi. Bu reallıqlara bir daha diqqət yönəldildi ki, Azərbaycan ümumi qələbəmizə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşa”lar, “Yak-3” qırıcıları istehsal edilirdi. Bu mühüm məqamlar da xüsusi vurğulandı ki, Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar. 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Siyasi əlaqələrin yüksək səviyyəsi iqtisadi münasibətlərin dinamik inkişafını təmin edir

Ulu Öndər Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxladığını atdığı addımları ilə təsdiqləyir. Azərbaycan Prezidentinin 2004-cü ilin əvvəllərində Rusiyaya ilk rəsmi səfəri əlaqələrimizin inkişafında yeni mərhələnin əsası oldu. Dövlətimizin başçısının növbəti illərdə Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir. SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. Rusiya Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında xüsusi rol oynadı. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə qaldırdı.

Möhkəm təmələ, dostluq münasibətlərinə söykənən Azərbaycan-Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir. Azərbaycan və Rusiya Prezidentlərinin görüşündə də əməkdaşlığın perspektivləri geniş müzakirə edildi.

Siyasi əlaqələrin yüksək səviyyəsi iqtisadi münasibətlərin dinamik inkişafını təmin edir. Prezidentlərin görüşündə Vladimir Putin bildirdi ki, əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır. Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur. Energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu maraqlı layihələr var. Onların hamısı perspektivlidir, realdır, həm ikitərəfli, həm də çoxtərəfli layihələr aktualdır. Bu fikirlərin davamı olaraq cənab İlham Əliyev qeyd etdi ki, ikitərəfli əlaqələrin gündəliyi genişdir. Bu gün gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün yaxşı fürsətdir. Vladimir Putin dövlət başçısı İlham Əliyevlə görüşündə oktyabrın 23-24-də Kazanda BRICS xətti ilə BRICS plyus-autriç tədbirlərinin keçiriləcəyindən bəhs edərək belə bir əminliyi ifadə etdi ki, orada faydalı görüşlər keçiriləcək, bu təşkilatın iştirakçı ölkələrinin bütün liderləri ilə işləmək mümkün olacaq.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc

 

 

MDB dövlətləri arasında əməkdaşlığın mühüm bir istiqamətini humanitar-mədəni sahə təşkil edir

Azərbaycan Respublikası MDB çərçivəsində fəal siyasət həyata keçirir. Ölkəmiz təşkilatın iştirakçı dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə də üstünlük verir. Bununla yanaşı, Azərbaycan MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı dövlətlər arasında dialoq müstəvisi kimi önəmini dəyərləndirir.

Ötən dövrdə MDB özünü müstəqil dövlətlərin səmərəli əməkdaşlıq platforması kimi təsdiqləyib. Quruma daxil olan dövlətlər bir sıra istiqamətlər üzrə öz fəaliyyətlərini uzlaşdırıblar ki, bu da regional təhlükəsizliyin təmin olunmasına və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın dərinləşməsinə öz müsbət təsirini göstərib. O cümlədən terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, iqtisadi sahədə cinayətkarlıq, qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə məsələləri MDB-yə daxil olan dövlətlərin qarşılıqlı fəaliyyətinin əsas istiqamətlərini təşkil edib. Ötən dövrdə birliyin hüquq-müqavilə bazası möhkəmlənib.

Oktyabrın 8-də Prezident İlham Əliyevin Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı və çıxışı dövlətimizin bu beynəlxalq platformaya verdiyi önəmin göstəricisidir. Təqdirəlayiq haldır ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Prezident İlham Əliyev bununla bağlı çıxışında bildirib: “Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”.

MDB dövlətləri arasında əməkdaşlığın mühüm bir istiqamətini humanitar-mədəni sahə təşkil edir. Bütün bunlar isə xalqları bir-birlərinə daha yaxın edir və onları zənginləşdirir. Ötən dövrdə MDB çərçivəsində humanitar sahədə əməkdaşlığın möhkəmlənməsini hədəfləyən, gənclər siyasətinə aid, eləcə də təhsil, səhiyyə, mədəniyyət, idman və turizm sahələrində uğurlu layihələrin reallaşdırılması müsbət haldır. Bu baxımdan, növbəti il Azərbaycanda III MDB Oyunlarının keçirilməsi haqqında qərarın verilməsi də təşkilat çərçivəsində ölkəmizin yüksək nüfuzunun göstəricisidir. Belə ki, 2025-ci ildə Gəncə şəhəri idman paytaxtına çevriləcək.

MDB dövlət başçılarının Zirvə görüşündə COP29-un ölkəmizdə keçirilməsinə bir daha dəstək ifadə olunub. Eləcə də sammitdə 1941-1945-ci illər müharibəsində Qələbənin 80 illiyi ilə bağlı MDB xalqlarına və dünya ictimaiyyətinə birgə müraciət qəbul olunub. Prezident İlham Əliyev çıxışında azərbaycanlıların bu Qələbədə xüsusi rol oynadığını vurğulayıb. Belə ki, həmin dövrdə Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar qələbənin əldə olunmasında müstəsna əhəmiyyət kəsb edib.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki