image-qanunla-reklam
image-1627387609_4

Azərbaycan Serbiyanı azad edilmiş ərazilərin bərpasında fəal iştirak etməyə çağırıb – FOTO

image-lady-day-az
Bakıda Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasında iştirak etmək üçün Komissiyanın Serbiya tərəfindən həmsədri, xarici işlər naziri Nikola Selakoviçin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
İclasdan əvvəl Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə N.Selakoviçin təkbətək görüşündə Komissiyanın 6-cı iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Komissiyanın iclasında S.Babayev Azərbaycan və Serbiya dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində iki ölkənin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. 2013-cü ildə Azərbaycan və Serbiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamənin və 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının münasibətlərin inkişafına əsas yaratdığını deyib.
Əlaqələrin ildən-ilə genişləndiyini qeyd edən nazir bunun daha bir müsbət göstəricisi kimi Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsinin ötən il 6,3%, bu ilin yanvar-may aylarında 55,4% artdığını bildirib.
S.Babayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il 44 günlük Vətən müharibəsində Zəfər qazandığını, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad etdiyini diqqətə çatdırıb. O, işğalçı Ermənistan tərəfindən dağıdılmış ərazilərin bərpası və yenidən qurulması prosesinin aparıldığını qeyd edib. Azərbaycana dost ölkələrin bu prosesdə iştirakının ölkəmiz üçün prioritet olduğunu, eləcə də Serbiya şirkətlərinin yenidənqurma işlərində fəal iştirak edəcəyinə əminliyini bildirib.
Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin faydalı əməkdaşlığını və qarşılıqlı dəstək nümayiş etdirdiyini qeyd edən S.Babayev Azərbaycan və Serbiya arasında bu günə qədər müxtəlif sahələr üzrə 34 sənəd imzalandığını, 8 sənəd layihəsinin baxılmaqda olduğunu bildirib.
Ölkəmizdə qeyri-neft sektorunun inkişafından və münbit investisiya mühitinin mövcud olduğundan, Serbiya şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyətindən bəhs edən S.Babayev bu günlərdə təməli qoyulan Ələt Azad İqtisadi Zonası barədə də nümayəndə heyətinə məlumat verib. O, Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin keçdiyi, logistika, nəqliyyat baxımından əlverişli coğrafi ərazidə yaradılmaqda olan Ələt Azad İqtisadi Zonasının mühüm əhəmiyyətini, həmin zonada yaradılacaq infrastrukturun investorlar üçün cəlbedici olacağını diqqətə çatdırıb.
N.Selakoviç Serbiyanın Azərbaycanla əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini və ikitərəfli münasibətlərin uğurlu inkişafının məmnunluq doğurduğunu vurğulayıb. N.Selakoviç iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin, habelə humanitar əməkdaşlığın
dərinləşməsi üçün bu gün müəyyən olunan proritetlərin əhəmiyyətini və qarşılıqlı faydasını qeyd edib.
İclasda ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, enerji, kənd təsərrüfatı, infrastruktur, inşaat, nəqliyyat, İKT, turizm, təhsil və s. sahələrdə əməkdaşlıq imkanlarına, iqtisadi əməkdaşlığın gələcək perspektivlərinə dair müzakirələr aparılıb.
Sonra S.Babayev və N.Selakoviç Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokolu imzalayıblar.
Sənəddə iqtisadiyyat, ticarət, investisiya, iki ölkənin şirkətləri arasında iqtisadi forum və görüşlərin təşkili, nəqliyyat, infrastruktur, innovasiya və İKT, təhsil, əmək, məşğulluq, sosial təminat, mədəniyyət, turizm, qida təhlükəsizliyi, standartlaşdırma və s. sahələrdə əməkdaşlıq prioriitetləri əksini tapır.
S.Babayev və N.Selakoviç keçirdikləri brifinqdə iclasda aparılan müzakirələrin, imzalanan sənədin gələcək əməkdaşlıq, birgə fəaliyyətlər üçün istiqamətlərin daha da genişlənməsi baxımından əhəmiyyətini vurğulayıblar.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki