image-qanunla-reklam
image-c513cf9c-368b-4c6f-a775-0577ff534bc0_850

Azərbaycan Silahlı Qüvvələrinin yaranması və inkişafı

image-lady-day-az

Azərbaycan Silahlı Qüvvələrinin yaranması və inkişafı

Cəmisi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il iyunun 26-da Müsəlman Korpusunun adını dəyişdirərək Əlahiddə Azərbaycan Korpusu adlandırdı. Bu ilk nizami hərbi hissə milli silahlı qüvvələrin, müsəlman Şərqində ilk demokratik hökumətin öz ordusunu yaratmasının hüquqi əsası oldu. Lakin Cümhuriyyətin süqutundan ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişinə qədər ölkəmizdə milli ordu quruculuğu prosesi dayandı. Heydər Əliyev SSRİ rəhbərliyinin etirazına baxmayaraq, mahir diplomatiyası və uzaqgörən siyasəti nəticəsində 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi liseyi yaratdı. Bu isə Azərbaycanda hərbiyə marağı artırdı, milli zabit kadrların hazırlanmasına imkan verdi. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra məhz bu lisey ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Ulu öndərin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Heydər Əliyev 1999-cu ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında Fərman imzaladı.
1994-cü ildə Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədi, beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan, NATO standartlarına uyğunlaşan Azərbaycan Silahlı Qüvvələri modern orduya çevrildi, bu proses bu gün də davam edir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığına görə MDB məkanında ön sıralardadır, hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz 44 günlük Vətən müharibəsində düşməni məhv edərək tarixi Zəfərə imza atdı. Sıralarında yüzlərlə Zərdab igidinin də döyüşdüyü, rayonumuzun 8 şəhid verdiyi bu qəhrəman Ordu Qarabağ problemini həll edərək Ermənistanı, dünyadakı erməni diasporunu, erməni kilsəsini və havadarlarını diz çökdürdü, tarixi ədaləti bərpa etdi.
Şübhə yoxdur ki, kapitulyasiya aktını imzalamağa məcbur edilən Ermənistan üzərindəki bu parlaq tarixi Zəfəri Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları hər zaman böyük qürur hissi ilə bayram edəcəklər.

İsaməddin Əhmədov-“Əkinçi” qəzetinin redaktoru

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir

Tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə – Əlahiddə Korpus yaradılmışdır. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər.
Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi. Cümhuriyyət süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.
Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Ermənistanla atəşkəs imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması prosesi daha da sürətlənmiş, maddi-texniki təminat və döyüş ruhunun yüksəldilməsi məsələlərinə xüsusi diqqət ayrılmışdır.
Məhz ulu öndərin fərmanına əsasən 26 iyun tarixi ölkəmizdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü kimi qeyd olunmağa başlamışdır. Ümummilli liderimizin misilsiz xidmətləri sayəsində formalaşan Silahlı Qüvvələrimiz bu gün Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz missiyasını uğurla yerinə yetirir. Son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Ordumuz hazırda Cənubi Qafqazın ən qüdrətli ordusudur. Müzəffər ordumuz bunu 44 günlük Vətən müharibəsində bir daha hamıya sübut etdi. Qəhrəman hərbçilərimizin şücaəti, şəhidlərimizin qanı-canı bahasına bütün dünya ölkəmizin şanlı qələbəsinin şahidi oldu. Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılmış zəfər nəticəsində qədim torpaqlarımız işğaldan azad edilmiş, ərazi bütövlüyümüz bərpa edilmişdir.
Yaşasın Azərbaycan ordusu!

Nailə Əliyeva-Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri

 

 

Müstəqilliyinin ilk illərində ölkədəki mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətin mənfi təsiri ordu quruculuğundan da yan keçmədi.

1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edildi. Beləliklə Şərqdə ilk demokratik respublika quruldu. Dövlətçilik tariximizdə mühüm rol oynayan respublika çox keçmədən süquta uğradı və SSRİ-nin tərkibinə daxil edildi. Xalqın müstəqillik arzusu, istəyi imperiya zəncirlərini qırıb parçaladı və 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu.
Müstəqilliyinin ilk illərində ölkədəki mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətin mənfi təsiri ordu quruculuğundan da yan keçmədi. Könüllülərdən yaradılan ordu istər struktur, istərsə də güc baxımından mövcud şəraitin tələblərinə cavab vermir, yerli özünümüdafiə batalyonları məhəlli xarakter daşıyırdı. Vahid komandanlığın olmaması nəticəsində silahlı dəstələr müxtəlif şəxslərin əlində cəmlənmişdi və onların əmrlərini yerinə yetirirdi. Digər tərəfdən, Azərbaycana xarici müdaxilə, Ermənistanın ərazi iddiaları ordu quruculuğunun normal, elmi əsaslarla aparılmasına mane olurdu. Məhz bu vəziyyəti yaradan səriştəsizlik ucbatından, müstəqilliyini yenicə bərpa etmiş respublikada ordu quruculuğu arzulanan səviyyədə getmirdi. Ordu əsas vəzifəsini yerinə yetirmək əvəzinə, bəzi fərdlərin ambisiyalarının icraçısına çevrilmişdi. Yaranmış vəziyyət dövlət çevrilişi həddinə çatmışdı.
Böyük tarixi şəxsiyyət, siyasət elminin mahir bilicisi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı respublikanı labüd süqutdan xilas etdi və bununla da Azərbaycanda ordu quruculuğunun yeni mərhələsi başlandı.
1994-cü il mayın 12-də atəşkəs barədə sazişin imzalanması ordu quruculuğunda köklü islahatlar aparılmasına şərait yaratdı. Orduya çağırışla bağlı bütün problemlər həllini tapdı, fərarilik halları aradan qalxdı. Dövlətçiliyi və hərbçi şərəfini uca tutan zabitlər rəhbər vəzifələrə irəli çəkildi. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı digər zəruri addımlar atıldı.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Bir çox hərbi ekspertlər, mütəxəssislər bizim
müharibəni XXI əsrin müharibəsi adlandırmışlar

Azərbaycan dövləti və xalqımız artıq yeni mərhələyə addım atdı. Bu gün ölkəmiz ən şanlı, qürurlu və fəxarət dolu günlərini yaşayır. 30 ilə yaxın sürən yurd, torpaq həsrətinə son qoyan zəfər bizi Azərbaycan Respublikasının torpaq bütünlüyünün təmin edən, işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunduğu o böyük günə çatdırdı. Tarixi, qədimi yaşayış məskənlərimizi Azərbaycan özünə qaytardı. Artıq müstəqil Azərbaycan Respublikasının güclü ordusu, məğrur xalqı və bütün dünyada böyük nüfuzu var. Bu uğurların qazanılmasında Azərbaycan Ordusunun, onun şəxsi heyətinin misilsiz xidmətləri danılmazdır.
Qeyd etmək lazımdır ki, II Qarabağ müharibəsində iştirak edən Azərbaycan Ordusunun bir çox gənc zabit, gizir və əsgərləri həmin ərazilərdə ilk dəfə idi vuruşurdular və Ermənistan ordusu isə artıq həm coğrafiyaya çox yaxşı bələd idi. Lakin buna baxmayaraq qəhrəman ölkəmizin igid döyüşçülərinin qələbə əzmi, ciddi nizam-intizamı və ağıllı hərbi taktikası öz sözünü dedi. Müzəffər Ali Baş Komandanın sözlərini qeyd edərək bildirək ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Ordumuz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmış və onları məğlub edərək torpaqlarımızdan qovmuşdur.
Bir çox hərbi ekspertlər, mütəxəssislər bizim müharibəni XXI əsrin müharibəsi adlandırmışlar. Hərbi ekspertlərin fikrinə əssən Azərbaycan Silahlı Qüvvələrinin hazırlıqlı, effektli təchiz edilmiş və yüksək mənəvi ruh yüksəkliyi ilə döyüşmək qabiliyyətində olan ordusu Azərbaycanın qalib ölkə olmasına səbəb olan əsas faktordur. Cəsur ordumuz sayəsində xalqımız şanlı qəhrəmanlıq tarixini yazdı. Ölkə başçısının tapşırığı ilə azad edilmiş torpaqlarda bu gün yenidənqurma işləri aparılır, böyük infrastruktur layihələri həyata keçirilir. Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və onlar verilən təlimatı yerinə yetirib əzəli torpaqlarımızı bizə qaytardılar.
Cənab Prezident İlham Əliyev martın 15-də Füzuli və Xocavənd rayonlarına səfəri zamanı söyləmişdir: “Bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq. Bu gün mən Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğalanacaq.” Azərbaycan ordusu və ölkə rəhbərinin uğurlu siyasəti nəticəsində artıq xalqımız öz əzəli torpaqlarında daim şad yaşayacaq.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

1918-1920-ci illərdə ordu quruculuğu sahəsində atılan addımlar

XX əsrin əvvəllərində Azərbaycan müstəqillik əldə edənə qədər bəşəriyyət tarixinin ən dəhşətli və ən qanlı hərbi-feodal müstəmləkə rejimi olan Çar Rusiyasının tərkibində idi. Birinci Dünya müharibəsinin gedişində və Romanovlar monarxiya rejiminin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, parlamentli respublika formasında dirçəldilməsi uğrunda mübarizəyə başladı.
Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə müstəqillik əldə etmişdir. Həmin dövrdə Azərbaycan son dərəcə mürəkkəb hərbi-siyasi şəraitdə qərar tutduğundan və qısa müddət ərzində Azərbaycan xalqının müstəqilliyinə qənim kəsilmiş bolşevik-daşnak qüvvələrinin qarşısını almağa qadir olacaq hərbi qüvvələrin yaradılması mümkün olmadığından 1918-ci il iyunun 4-də Azərbaycanla Osmanlı Türkiyəsi arasında imzalanmış müqaviləyə uyğun olaraq Türkiyə hökuməti Azərbaycana hərbi yardım göstərmək qərarına gəldi və Azərbaycan Xalq Cümhuriyyətinə kömək üçün Türkiyə Ordusunun ümumi sayı 15000 nəfərdən ibarət iki diviziyası göndərildi.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə keçmiş Tatar süvari  alayının əsgərlərindən formalaşdırılmış  və general Əlağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan “Əlahiddə Azərbaycan korpusu” yaradıldı. Gənc Demokratik Cümhuriyyətin yaradıcıları milli dövlətçiliyimizi qorumaq, ölkəni xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün özünün silahlı qüvvələrini yaratmaqla, milli dövlətçiliyimiz yolunda ölçüyəgəlməz, qarşısıalınmaz bir prosesinin əsası qoyuldu. Silahlı Qüvvələr gününün tarixləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1998-ci il mayın 22-də ulu öndər imzaladığı fərmanla, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı günü – 26 iyunu Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan etdi. Bununla da, milli ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atıldı.

Bəhruz Mustafayev-Vətən müharibəsi iştirakçısı

 

Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır

Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən etmişdir.
Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev formalaşdırmışdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan  Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu  ümummilli lider Heydər Əliyevin başladığı və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə  güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern ordusuyla da diqqəti cəlb edir.
Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və  bölgənin ən güclü qüvvəsinə çevrildi. Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna Heydər Əliyevin rəhbərlik etməsi idi. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan ulu öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdi, bu prosesin siyasətini çox böyük incəlik və dəqiqliklə müəyyənləşdirdi, onun icrasında məqsədyönlü bir çeviklik nümayiş etdirdi.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatları həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.
Silahlı Qüvvələrimiz daha da modernləşdirilib, ən son hərbi texnologiyalar orduya cəlb edilib. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə, keçirilən hərbi paradlar da bunu təsdiq edir.

Kərim Umudov-Çallı kənd sakini, ağsaqqal

 

SSRİ dövründə azərbaycanlıların hərb sənətinə yiyələnməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin misilsiz təşəbbüsü

Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik etdiyi, 1982-1987-ci illərdə keçmiş SSRİ rəhbərliyində çalışdığı, eləcə də respublikaya rəhbərlikdən kənar olduğu 1988-1993-cü illərdə, nəhayət, müstəqil Azərbaycanın dövlət başçısı kimi fəaliyyətini izləyərkən bu dahi şəxsiyyətin daim xalqla birgə olduğunu, onun xoş günündə, çətin anlarında yanında olduğunu görürük. Bəli, Ulu öndər Heydər Əliyev hər zaman xalqla birgə nəfəs alıb, hər bir addımında xalqın dəstək və etimadına güvənib. Bu, Ulu öndər Heydər Əliyev siyasətinin başlıca qayəsi, cəhəti idi. Azərbaycan xalqı da heç vaxt özünü Heydər Əliyevdən ayrı, kənar sanmayıb, bu dahi şəxsiyyətə inanıb, ümid edib.
Ulu öndər sovet Azərbaycanına rəhbərliyi dövründə gördüyü işlər Azərbaycan xalqının gələcəyinin təminatına hesablanmışdır. Ulu öndər Azərbaycan partiya təşkilatına rəhbərliyi illərində yüksək səviyyəli təhsil və tədrisin hər bir xalqın gələcəyinin mühüm şərti olduğunu nəzərə alaraq kompleks qərarlar qəbul etmişdir.
Azərbaycanda yeni təhsil müəssisələri, fakültələr açılmaqla yanaşı, hər il yüzlərlə azərbaycanlı gənc SSRİ-nin aparıcı təhsil ocaqlarına oxumağa göndərilirdi. Ulu öndərin hələ ötən əsrin 70-ci illərində Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına nail olması isə onun ən böyük tarixi xidmətlərindən biridir. Azərbaycan müstəqilliyini bərpa edib milli ordu quruculuğuna başlayanda bu məktəb -C.Naxçıvanski adına hərbi məktəb hərbi kadr hazırlığının baza tədris ocağına çevrildi. Həmin məktəbin müdavimləri olanlar indi Azərbaycanın Silahlı Qüvvələrinin komandirləri, generallarıdır. Bu, Ulu öndər Heydər Əliyev uzaqgörənliyinin, vətənpərvər liderin xalqı qarşısında tarixi xidmətinin əyani təsdiqidir.

Abbas Nağıyev-Dəli Quşçu kənd sakini, ağsaqqal

 

Ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub

Azərbaycan Milli Ordusunun formalaşması, təşəkkül tapması və qüdrətlənməsi məhz Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra başlandı. Ümummilli liderin qətiyyəti, siyasi uzaqgörənliyi və dövlət idarəçiliyindəki zəngin təcrübəsi sayəsində nizami Milli Ordunun formalaşdırılması istiqamətində qətiyyətli addımlar atıldı. Qeyri-qanuni silahlı qruplaşmalar zərərsizləşdirildi, yerli özünümüdafiə batalyonları ləğv edilərək vahid komandalıq ətrafında birləşdirildi. Böyük tarixi şəxsiyyətin 22 may 1998-ci il tarixli fərmanı ilə iyunun 26-sı “Silahlı Qüvvələr Günü” elan edildi. Ulu öndərin daxili və xarici siyasətini böyük müvəffəqiyyətlə davam etdirən, onun yarımçıq qalmış ideyalarını reallaşdıran möhtərəm Prezidentimiz İlham Əliyev də ordu quruculuğuna, Milli Ordumuzun daha da qüdrətlənməsinə xüsusi diqqət yetirdi. Milli Ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində qətiyyətli addımlar atılmış, orduda peşəkarlıq, döyüş qabiliyyəti artırılmışdır. Silahlı Qüvvələrdə ruh yüksəkliyi, döyüş əhval-ruhiyyəsi yaradılmışdır. Azərbaycan müdafiə sənayesində istehsal edilən müxtəlif hərbi təyinatlı məhsullar Milli Ordumuzun maddi – texniki bazasını daha da gücləndirmişdir. Tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycanın Milli Ordusunun təchizatı, əsasən, daxildə istehsal olunan məhsullar hesabına formalaşır. Artıq Azərbaycanda müxtəlif növ silahlar, sursatlar və hərbi texnika istehsal olunur. Onu da qeyd edək ki, Azərbaycanda istehsal olunan hərbi texnikalar beynəlxalq sərgilərdə nümayiş olunmuş və yüksək qiymətə layiq görülmüşdur.
Ümummilli lider Heydər Əliyevin müdrik kəlamlarının birində deyilir ki, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Güclü iqtisadiyyatı olan ölkənin güclü orduya malik olması onun mövqelərini daha da möhkəmləndirir, gücləndirir, dünya birliyindəki nüfuzunu artırır, milli maraqlarının qorunmasında böyük rol oynayır. Güclü ordu güclü dövlət deməkdir. Məhz bu baxımdan cənab Prezidentimiz dövlət üçün xüsusi əhəmiyyət kəsb edən ordu quruculuğu sahəsinə önəmli olmasına diqqət çəkərək belə demişdir- “Bu gün Azərbaycanda nizami ordu vardır. Mən hərbi hissələrə tez-tez gedir, vəziyyətlə tanış oluram.Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Bütün bu məsələlər bizi çox sevindirir. Azərbaycanda ordu quruculuğu prosesi bundan sonra da uğurla gedəcəkdir. Ordumuz ölkə qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanlara malikdir!”.
Elə bunların məntiqi nəticəsi idi ki, 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin şanlı qələbəsi ilə başa çatdı. Uzun illər işğal altında olan torpaqlarımız azad edildi.

Famil Abbasov-Vətən müharibəsi iştirakçısı

 

Müzəffər Azərbaycan ordusu

Qüdrətli Ordu, güclü əsgər hər bir dövlətin varlığının, sarsılmazlığının qarantıdır. Yüksək döyüş hazırlığına malik ordusu olan dövlət heç zaman basılmaz. Formalaşdırılması və inkişafı ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən ordu quruculuğu sonrakı illərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf edərək mütəşəkkil, müasir döyüş bacarığına malik bir orduya çevrilmişdir.
Məhz bütün bunların sayəsində ordumuz 44 gün davam edən Vətən müharibəsində möhtəşəm qələbələr qazanaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Azərbaycanın işğal altında olan ərazilərinin böyük bir hissəsi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, 300-ə yaxın yaşayış məntəqəsi düşməndən təmizləndi.
Ordumuz Ermənistan dövlətinin 30 il formalaşdırdığı “yenilməz ordu” mifini darmadağın etdi. Qısa müddət ərzində ordumuzun endirdiyi zərbələr nəticəsində düşmənin 3 milyard dollar məbləğində hərbi texnikası və silah-sursatı sıradan çıxarıldı.
Bu döyüş, bu mübarizə Azərbaycan xalqının, Azərbaycan ordusunun nə qədər vətənpərvər, nə qədər qüdrətli olduğunu bütün dünyaya sübuta yetirdi. Bir daha məlum oldu ki, 30 ilin torpaq həsrəti, nisgili xalqımızı sındırmadı, onun iradəsini qırmadı.
Yaşasın, mübariz Azərbaycan xalqı!
Yaşasın, qalib Ali Baş Komandan!
Eşq olsun, müzəffər, şanlı Ordumuza!

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

Azərbaycanın hərbi qüdrətinin artırılması dövlət siyasətinin prioritetidir

Müstəqil olduğumuz dövrdən bəri bizi qələbəyə aparan ordumuzun güclənməsi üçün çalışılır. Ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyevin iradəsi və ordu quruculuğu sayəsində ordumuz Avropada ilk beşlikdədir. Ölkə o vaxt güclü hesab edilər ki, ordusu güclü və qüvvətli olsun. Biz üzərində çalışdığımız güclü ordu quruculuğu sayəsində İkinci Qarabağ müharibəsində qalib gəldik. Ermənistan və hətta digər düşmənlərimiz gücümüzü gördü. Belə güclü ordu sayəsində dilimizdə şüar olan “Qarabağ Azərbaycandır!” ifadəsini gerçəyə çevirdik.
Ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da ordumuz daha da güclənməlidir. Biz qalib gəlib torpaqlarımızı geri qaytarmışıqsa, bu torpaqları qoruyub əlimizdə saxlayacağıq. Bunun üçün ordumuz ən son hərbi texnikalarla təmin olunacaq, silahlı qüvvələrimiz modernləşdiriləcək.

Eldar Xəlilov – Sosial Xidmətlər Agentliyinin 25 saylı filialının böyük mütəxəssisi

 

Müstəqillik illərində ordu quruculuğu – Ulu Öndərin fəaliyyəti

İkinci Qarabağ müharibəsindəki qələbəmizə baxsaq görərik ki, bu qələbənin əsas səbəbi güclü və qüvvətli ordumuzdur. Bəs bu qüvvətli ordu nəyin sayəsində yaranır? Təbii ki, möhkəm ordu quruculuğu sayəsində. Bu möhkəm ordu isə ölkə başçısının rəhbərliyindədir.
Qələbəmizin kökündə duran güclü ordunun başlanğıcı ta müstəqillik illərimizdən gəlir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının çağırışı və istəyi ilə ölkəyə qayıtdığı və hakimiyyətə gəldiyi 1993-cü ildən bəri ölkənin müstəqilliyində ən əhəmiyyətli rol alan ordu quruculuğunda mühüm addımlar atmışdır. Bizim zəifliyimizdən, ölkədə baş verən daxili çəkişmələrdən istifadə edib, ölkəmizi dağıtmağa çalışan Ermənistanla atəşkəs haqda müqavilə imzaladıqdan sonra sürətli və uzaqgörən siyasətlə ordu quruculuğu üçün çalışmışdır. Təkcə ordunu ən son hərbi texnikalarla təmin etməklə durmayıb, əsgərlərin mənəvi-psixoloji vəziyyətlərinin yaxşı olması, onların ruh yüksəkliyinin əla olması üçün mütəmadi olaraq onlarla görüşmüş, xalqa göstərdiyi sevgini, qayğını və diqqəti əsgərlərimizə də göstərmişdir. Ölkə rəhbəri olaraq sadəliyi ilə göz önündə olan Heydər Əliyev həm əsgərləri, həm də xalqının hər bir fərdi tərəfindən sevilmişdir.

Vəfa Xəlilli-“Gəncliyə dəstək” İB-nin sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki