image-qanunla-reklam
image-1615449354_trend_baku_city_spring_270415_01

Azərbaycan son 17 il ərzində tarixi uğurlara imza atıb

image-lady-day-az

Azərbaycan son 17 il ərzində tarixi uğurlara imza atıb

Azərbaycan Respublikası 20-ci əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan bu günədək ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermişdir. 1993-cü ildən başlayaraq Ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqilliyin ilk illərində ölkədə baş alıb gedən siyasi və iqtisadi böhranı aradan qaldırmış, Azərbaycanın demokratik dövlət quruculuğu yolu ilə irəliləməsinə və iqtisadi inkişafına səbəb olmuşdur. Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olmuşdur. Ölkəmizin hərtərəfli inkişafı sahəsində başlanılmış məqsədyönlü siyasətin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmişdir. Ölkədə qeyri-neft sektorunun inkişafı, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusən kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması təmin edilmişdir. Ölkəmizdə Son 17 il ərzində ümumi daxili məhsul 3 dəfə artmış, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enmişdir. Azərbaycanın xarici dövlət borcu dünyada ən aşağı səviyyələrdə olmaqla, ümumi daxili məhsulun təqribən 20 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan dünyada 9-cu yerdədir. Neft ixrac edən dövlətlər arasında ən az xarici dövlət borcu olan Azərbaycandır. Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan 6 dəfə çoxdur. Son 17 ildə Azərbaycanın iqtisadiyyatına 260 milyard dollardan çox sərmayə yatırılmışdır. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 70 faizini təşkil edir. Obyektiv mövqeli beynəlxalq təşkilatlar da Azərbaycanın inkişaf edən və güclənən bir ölkə olmasını öz hesabatlarında qeyd edirlər və xalqımız da ölkəmizin inkişafını öz gündəlik həyatında hiss edir. Ötən 17 il ərzində ölkəmizdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də hüquqi baza yaradılmışdır. Dövlətimizin başçısı bütün beynəlxalq təmaslarında münaqişə ilə bağlı Azərbaycanın mövqeyini, tarixi həqiqətləri və mövcud vəziyyəti bütün həmkarlarına çatdırmışdır. Ötən ilin sentyabrın 27-də Vətən müharibəsi başlayan gündən bütün dünya bir daha şahidi oldu ki, Azərbaycan həqiqətən də güclü dövlətdir. Düşmən də bu gücü praktik olaraq gördü. Ölkəmizin Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu nəticəsində dünyanın ən güclü 50 ordusundan birinə çevrilən Azərbaycan Ordusu döyüş meydanında öz sözünü dedi və işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi.
Cənab Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə gedən inkişaf prosesləri Zərdab rayonundan da yan keçməmiş, regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğı sayəsində rayonumuzda sosial-iqtisadi sahədə yüksək nəticələr əldə edilmiş, dövlət başçısının imzaladığı sərəncamlar və Dövlət Proqramları çərçivəsində son illərdə tikinti, abadlıq və quruculuq işləri genişləndirilmişdir.

Kərim Umudov – Çallı kənd sakini, ağsaqqal

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır

Yeni Azərbaycan Partiyasının (YAP) martın 5-də keçirilən VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcıdır. Qurultay təbii olaraq bütün ölkə ictimaiyyətin diqqət mərkəzində oldu. YAP-ın VI qurultayından keçən 3 il ərzində ölkəmiz üçün əlamətdar və mühüm tarixi hadisələr baş verib: Azərbaycanda parlament və prezident seçkiləri keçirilib, sosial-iqtisadi, hüquqi, siyasi islahatlar həyata keçirilib. Ən əsası Vətən müharibəsində möhtəşəm qələbə qazanan Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Vətən müharibəsində  cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafında sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiq kimi qəbul edildi.
Əminliklə deyə bilərəm ki, yeni keyfiyyət dəyişiklikləri partiya fəaliyyətinin tənzimlənməsində çeviklik və səmərəliliyi daha da artıracaq. Effektiv idarəetmə mexanizminin yaradılması Yeni Azərbaycan Partiyasının bundan sonrakı dövrdə də ölkənin siyasi həyatında aparıcı qüvvə kimi mühüm nailiyyətlər qazanmasını şərtləndirəcəkdir.

Ceyhun Abdullayev-YAP fəalı

Azərbaycan bütün xalqların bir ailə kimi yaşadığı Qalib ölkədir!

Azərbaycan əsrlər boyu  mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və mədəniyyətlərarası anlaşmada aparıcı rol oynayır. Azərbaycan eyni bir ölkədə yaşayan  müxtəlif xalqların hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasəti ilə min illərdir bəşəriyyətə nümunə göstərir.
Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olaraq Prezident İlham Əliyevin uğurlu daxili siyasəti nəticəsində azərbaycançılıq ideyası ölkədə yaşayan bütün etnik qrupların vahid ideyasına çevrilmişdir. Son dövrdə baş verən hadisələr sübut etdi ki, Azərbaycan müxtəlif xalqların dostluq və mehriban şəraitdə birgə yaşadığı  tolerant bir dövlətdir.
Bunu hər kəs  44 gün davam edən Vətən müharibəsi zamanı açıq-aydın gördü. Qazanılan böyük Qələbədə hazırda Azərbaycanda yaşayan bütün xalqların rolu var. Həm şəhidlər, həm qazilər, həm də müzəffər ordu sıralarında bu birlik özünü göstərir.
Azərbaycan bütün xalqların bir ailə kimi yaşadığı Qalib ölkədir!
Yaşasın Azərbaycan!

Nailə Əliyeva-Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

YAP ölkənin siyasi sisteminin monolit gücüdür

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən, keçdiyi şərəfli yolda Azərbaycanın qazandığı uğurların bələdçisi kimi çıxış edən Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirildiyi zamana diqqət yetirsək, bir daha bu reallığı böyük inam və qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Qələbəsinin yaratdığı yeni reallıqlar bütün sahələrdə, o cümlədən siyasi sistemin təkmilləşdirilməsində yeni mərhələyə yol açıb.
Qurultayda birliyimizin, həmrəyliyimizin, partiyanın təsis olunmasından ötən 29 ilə yaxın müddətdə toplanmış tarixi təcrübə ilə gənc nəslin dinamizmi arasında vəhdətin yaradılmasının, ölkəmizdə siyasi dialoq mühitinin mövcudluğunun təsdiqi olan qərarların qəbulu və sair kimi mühüm addımlar Yeni Azərbaycan Partiyasının daim təkmilləşməyə, yeniləşməyə açıq olduğunu bir daha əyani şəkildə sübut etdi.
Məlumdur ki, hər bir mühüm hadisə daim keçilən yolun təhlilini, baş verən hadisələrin mahiyyətinin düzgün dəyərləndirilməsini bir zərurət kimi ortaya qoyur. Qurultaydakı proqram xarakterli nitqində cənab Prezidentimizin dediyi kimi: “Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın.”

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri  

AXC-Müsavat cütlüyü xalqın düşmənidir

XX əsrin 80-cı illərinin ortalarından başlayaraq sovetlər sistemi dağılmağa başlayırdı və ittifaqa daxil olan xalqların azadlıq hərəkatı genişlənirdi. Belə mühüm bir tarixi dövrdə siyasi cəhətdən heç bir savadı olmayan şəxslərin rəhbərlik etdiyi bir necə qrup meydana gəldi. Bunlardan biri özünü xalq cəbhəsi adlandırırdı. Həmin o, xalq cəbhəsi ki, ona rəhbərlik edənlərin ancaq bir düşüncəsi var idi ki, hakimiyyəti ələ keçirsinlər. Hətta bu başı pozuq qüvvələrin rəhbərləri 1990-cı il 20 yanvar hadisələri zamanı günahsız insanları meydanlara çağıraraq qırğına verdilər və özləri qaçıb gizləndilər. 20 yanvar faciəsi bir daha sübut etdi ki, belə qorxaq və cılız insanların vəzifə hərisliyi gələcəkdə xalqın başına tale yüklü bəlalar gətirəcəkdir. Belə də oldu, 1992-ci ilin mayında hakimiyyəti zor gücü ilə zəbt edən AXC-Müsavat cütlüyü erməni işğalçılarına şərait yaratdılar ki, torpaqlarımızı işğal etsinlər və əhalimizi tarixin yaddaşlardan silinməyəcək əzablara düçar edərək öz yurd-yuvalarından uzaqda, illərlə məcburi köçkün həyatı yaşatdılar. Ölkəmizin əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1993-2003-cü illər ölkəmiz üçün həlledici illər olmaqla, dövlətçiliyimizin əsasları qoyulmuşdur. Bu gün həmin siyasət cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Son 17 il ərzində ölkəmiz bütün sahələrdə, həmçinin hərb sahəsində də tarixi uğurlara imza atıb. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun uğurlu hərbi əməliyyatı nəticəsində Azərbaycan Xalqına bəxş etdiyi Zəfər bu gün özlərini haqq-ədalət carçısı kimi göstərməyə çalışan bu zərərli qüvvələrə böyük və məhvedici zərbədir.

Xəyalə Veyisova – YAP Zərdab rayon təşkilatının qadınlar şurasının sədri

AXCP-Müsavat cütlüyü vətəndaş müharibəsinin səbəbkarlarıdır

1991-ci ildə xalqımızın milli azadlıq hərəkatı nəticəsində qazandığımız müstəqillik daxili və xarici düşmənlərin, düşmən qüvvələrin hücumlarına məruz qaldı. Daxildə hakimiyyəti ələ keçirmək istəyən qüvvələr başda AXC və Müsavat adlarından da göründüyü kimi xalqı cəbhələrə bölərək ölkədə qardaş qırğınına səbəb oldular. Hakimiyyəti zor gücünə ələ keçirən AXC-Müsavat cütlüyünün səriştəsiz rəhbərləri cəmiyyət tərəfindən qəbul edilmirdilər. Artıq xalq Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsi üçün Azərbaycanımızın hər bir diyarından çağırışlar səsləndirməyə başladı. Ulu Öndərimiz xalqın müxtəlif təbəqələrindən olan bu çağırışa cavab olaraq 1993-cü ilin iyununda paytaxt Bakıya gələrək mövcud hakimiyyətin yarıtmazlığı nəticəsində Gəncədə baş verən qiyamın qarşını aldı və dövlətçiliyimizi məhv olmaqdan xilas etdi. Beləliklə Ulu Öndərin xalqın sevgisi və təkidi ilə siyasi hakimiyyətə gəlişi müstəqil Azərbaycan dövlətinin sarsılmazlığının və demokratik qurculuğunun əsasını qoydu.

Rəşid Şərifov – Əlvənd kənd sakini, təqaüdçü

AXC və Müsavat partiyalarının başçıları
ölkəni uçurumun kənarına gətirmişdilər

Biz daim Azərbaycana qarşı haqsızlığı və ədalətsizliyi görmüşük. Dağlıq Qarabağ məsələsi, 20 yanvar faciəsi, 1988-ci ildən bəri Ermənistandan yüz minlərlə soydaşlarımızın öz doğma yurd-yuvalarından qovulması buna canlı sübutdur. Bütün bunlar ancaq Ulu Öndərimiz Heydər Əliyevin səyi nəticəsində öz həllini tapdı. Ölkədə xaos və  özbaşınalıq hökm sürürdü. Ölkədə hakimiyyət uğrunda çəkişmələr dövlətçiliymizə qarşı təhlükə yaradırdı. O vaxt hakimiyyətə zorla gələn, heç bir siyasi savadı və mədəniyyəti olmayan AXC-nin üzvləri az müddət ərzində öz fərasətsizliyi ilə ölkəni tamamilə iflic vəziyyətinə saldılar. AXC və Müsavat partiyalarının başçıları ölkəni uçurumun kənarına gətirmişdilər. Onlar ancaq öz maraqlarını güdürdülər. O zaman xalq cəbhəsinə qarşı irad tutanlar döyülür, təhqir olunurdu. Xalq cəbhəsi və müsavat dünyanın bütün aparıcı ölkələri ilə münasibəti pozmuşdu.  Ancaq xalqın istəyi ilə Ulu Öndərin hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan nəinki qonşu dövlətlərlə, həmçinin digər dövlətlərlə də qarşılıqlı dostluq, mehriban qonşuluq əsasında münasibətlər qurdu. Ulu öndərin hazırladığı mükəmməl xarici siyasət strategiyası Azərbaycanı bütün regional məsələlərdə həlledici söz sahibi olan müstəqil dövlətə çevirdi. Azərbaycanın xarici siyasəti xalqımızın mənafeyini, müstəqil dövlətimizin inkişafını və perspektivlərini müəyyənləşdirir. Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Bu illər ərzində Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla, eyni zamanda, regional liderə çevrilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının uğurlu davamı müstəqil dövlətimizin dünya birliyindəki mövqelərini daha da artıracaq.

Veysəl Sadıqov – Şəftəhal kənd sakini, ağsaqqal     

Bizim şanlı qələbəmiz qürur mənbəyimizdir

YAP Azərbaycanın ən böyük siyasi partiyasıdır. Digər dost partiyaların YAP-a qoşulması əlamətdar hadisələrdən biridir. 5 mart 2021-ci il tarixində YAP-ın VII qurultayı keçirilmişdir. Qurultayda Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev videoformatda çıxış edib. O, çıxışında qeyd etdi ki, sonuncu qurultaydan 3 il keçmişdir. Bu illər ölkəmiz üçün çox həlledici olmuşdur. Bu 3 il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Onlardan ən önəmlisi də ölkə ərazimizin bütövlüyünün təmin edilməsidir. Bizim şanlı qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim qələbəmiz dünyanın aparıcı ölkələrinin ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik göstərərək bu qələbəni qazandı.
Eyni zamanda son 3 ildə prezident və parlament seçkilərinin keçirilməsi, ictimai, iqtisadi və sosial sahələrdə islahatların aparılması da önəmli addımlardan oldu. Bütün işlər ardıcıl olaraq həyata keçirildi. Siyasət hesabına, xalq-iqtidar birliyi hesabına biz bütün bunlara nail olduq. Eyni zamanda bu sahədə sosial təminat, sosial ədalət məsələləri də önəmli rol oynamışdır.

Abbas Nağıyev – Dəli Quşçu kənd sakini, ağsaqqal 

Aparılan düzgün siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib

Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm və əlamətdar hadisə kimi yadda qalacaq. Bu qurultay Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsi ilə şərtlənən ölkəmizdə və ölkəmizlə bağlı dünyada formalaşmış yeni reallıqlar dövrünə təsadüf edir. Qurultayda YAP-ın sədri, Prezident cənab İlham Əliyevin hesabat dövrünü təhlil edən parlaq məruzəsi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi. Aparılan düzgün siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib. Ən əsası, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. YAP-ın VII qurultayının keçirilməsinin əsas səbəblərindən biri ölkədə və regionda yaranmış yeni reallıqlardır. Bu qurultay müstəqilliyimiz dövründə ilk qurultaydır ki, ərazi bütövlüyümüz tam təmin olunduğu vaxtda keçirildi. Cənab Prezident çıxışlarında partiyanın keçdiyi yola diqqət çəkərək ona qiymət verdi, qarşıda duran vəzifələri və yeni öhdəliklərin nə olduğunu söylədi. Cəmiyyətdə birliyin möhkəmlənməsini, siyasi dialoqun davamlı olmasını, ölkəmizin beynəlxalq imicinin daha da artırılmasını, sosial rifahın yüksəldilməsini prioritet məsələ kimi qeyd etdi.

Rafiq Məmmədov – Zərdab şəhər sakini, təqaüdçü

İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma
işlərinin planlı şəkildə aparılması qarşıda duran əsas vəzifələrdir

Yeni dövrdə Azərbaycanın qarşısında mühüm vəzifələr durur. Azərbaycanın gələcək inkişafı ilə bağlı dərin əsaslandırılmış proqramların, aydın baxışın olması, siyasi dialoqun daha da dərinləşdirilməsi, ölkənin əksər siyasi partiyalarının iqtidarın siyasi dialoq təşəbbüsünü dəstəkləməsi, ümummilli məsələlərin həllində vahid platformanın təmin edilməsi,  özəl sahibkarlığın inkişaf etdirilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin planlı şəkildə aparılması qarşıda duran əsas vəzifələrdir. Qarşıya qoyulan vəzifələr sırasına məqsədyönlü və prinsipial xarici siyasət kursunun davam etdirilməsi, ölkənin maraqlarının və mənafelərinin qorunması, bütün ölkələrlə əməkdaşlıq mühitinin inkişaf etdirilməsi və daha müasir və güclü ordu quruculuğu istiqamətində işlərin davam etdirilməsi də daxildir. Dövlət başçısı da YAP-ın VII qurultayında çıxışı zamanı bu vəzifələrdən geniş bəhs etdi. Bu baxımdan YAP-ın da qarşısında duran vəzifələr var. Ümumiyyətlə, bu tədbir ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Prezidentimizin vurğuladığı kimi, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. YAP-ın Azərbaycanda milli həmrəyliyin daha da möhkəmlənməsi istiqamətində fəallığını daha da artıracağına, partiyamızın  bundan sonra da dövlət müstəqilliyinin möhkəmləndirilməsi işində daha məsuliyyətlə və fəallıqla çalışacağına inanırıq.

Şahnaz Mustafayeva – Tarix-diyarşünaslıq muzeyinin direktoru

Xarici siyasətimiz dəyişməz olaraq qalır

Müasir dövrdə Azərbaycan  dünya arenasında  özünəməxsus yeri  olan dövlət kimi yüksək səviyyədə  müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan  düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, həm də regionda təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır.
Ölkəmizin bu sahədə  əldə etdiyi bütün uğurlar möhtərəm  Prezidentimiz  cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir.  Artıq haqq-ədalət bərpa olundu. Vətən müharibəsindən ötən vaxt ərzində hətta zamanında bizə qarşı qərəzli, ədalətsiz mövqe tutan ölkələr də həqiqəti görərək öz  münasibətlərini dəyişib. Ancaq  möhtərəm  Prezidentimiz  cənab  İlham Əliyevin  qeyd etdiyi kimi  ölkəmizin xarici siyasətlə bağlı kursu  dəyişməz olaraq qalır.
Azərbaycan dövləti cənab  Prezident İlham Əliyevin məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət sayəsində böyük uğurlar əldə edib. Məhz bunun nəticəsidir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı  günü gündən artır. Biz məramı, məqsədi gözəl olan  hər kəslə əməkdaşlıq etməyə  hazırıq və çox əminliklə söyləyə bilərik ki, cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təməlində Azərbaycanın milli maraqlarının müdafiəsi dayanır.
Azərbaycan Prezidentinin istər daxili istər xarici siyasətdə tutduğu yol haqq ədalət yoludur və bu yol bizi daim yüksəlişə aparacaqdır.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

Müstəqilliyin ilk illərində xalqımız çox böyük çətinliklərlə üzləşib

Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdi. Dövlət müstəqilliyinin bərpasından sonra qarşıda duran ən ümdə vəzifələrdən biri müstəqil dövlət quruculuğunu həyata keçirmək idi. Qısa müddət ərzində dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın dövlət müstəqilliyi hüquqi cəhətdən tanındı. Lakin məlum olduğu kimi, müstəqilliyin ilk illərində Azərbaycanda siyasi hakimiyyətdə olmuş qüvvələr xalqın və millətin maraqlarını ifadə edən siyasi xətti nəinki həyata keçirə bilmiş, hətta öz əməlləri ilə dövlət müstəqilliyimizi böyük təhlükə ilə üz-üzə qoymuşdular. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə  ölkəmizin müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdur. Həmin illərdə hərbi məğlubiyyət, eyni zamanda daxili böhranla tamamlanırdı. Xüsusilə 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi. Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürürdü. İqtisadi böhran yaşanırdı, sənaye demək olar ki, iflic vəziyyətə düşmüşdü. Ölkəmizdə qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzirdi, insanları incidirdi. O dövrü təsəvvür etmək üçün bu gün Ermənistanda baş verən hadisələrə nəzər yetirmək kifayətdir.
Yalnız 1993-cü ilin iyun ayında Azərbaycan xalqının böyük istəyi və təkidli tələbi nəticəsində siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü və düşünülmüş siyasət sayəsində müstəqil dövlətimizin quruculuğu istiqamətində ciddi addımlar atılmışdır. Bu gün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik prinsipləri cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Eldar Xəlilov- Sosial Xidmətlər Agentliyinin 25 saylı filialının böyük mütəxəssisi 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki