Azərbaycan tarixində qadınların rolu.
Azərbaycan qadını tarix boyu Vətənin müdafiəsində, dövlət idarəçiliyində və ictimai-siyasi həyatda mühüm rol oynayıb. “Kitabi-Dədə Qorqud” dastanında qadın qəhrəmanların cəsarəti və müdrikliyi təsvir olunub. Bu dastanda qadınlar həm ailənin dayağı, həm də döyüş meydanında igidlik göstərən döyüşçü kimi təqdim olunur. Tariximizdə iz qoyan qadınlardan biri Tomrisdir. O, Massagetlər dövlətinin hökmdarı kimi ordusunu düşmənə qarşı uğurla idarə edib. Onun İran hökmdarı II Kir üzərində qazandığı qələbə tarixə düşüb. Digər qəhrəman Azərbaycan qadını Nüşabə Albaniya hökmdarı kimi ölkəsinin müstəqilliyini qoruyub və düşmənlərə qarşı cəsarətli mövqe sərgiləyib. Möminə Xatun isə memarlıq və dövlətçilik sahəsində öz izini qoymuş hökmdar qadınlardan biridir. Sara Xatun diplomatiya sahəsində böyük nüfuz sahibi olub. O, Ağqoyunlu dövlətinin idarəçiliyində fəal iştirak edib və Osmanlı sultanı II Mehmetlə diplomatik danışıqlar aparıb. Nigar, Həcər və Tutu Bikə kimi qadınlar da öz dövrlərində fədakarlıqları ilə tanınıblar. Onlar yalnız ailələrini deyil, bütövlükdə xalqı və dövləti qorumaq üçün mübarizə aparıblar. Bütün bu tarixi şəxsiyyətlər Azərbaycan qadınının igidlik, zəka və vətənpərvərlik simvolu olduğunu göstərir. Onlar müxtəlif dövrlərdə öz hünərləri ilə xalqımıza örnək olublar. Bu gün də Azərbaycan qadını cəmiyyətin inkişafında, elmdə, siyasətdə və orduda fəal iştirak edərək həmin qəhrəmanların şanlı yolunu davam etdirir. Qadın hərəkatının tarixinə baxsaq, onun 1857-ci ildə Nyu-Yorkda qadınların iş şəraitinə etirazı ilə başlandığını görərik. O vaxt qadınlar 12 saatlıq iş gününə qarşı çıxaraq daha ədalətli əmək şəraiti tələb edirdilər. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd olunmasını təklif edib. 8 mart tarixi qadınların hüquqları və cəmiyyətdəki rolu ilə bağlı mübarizənin bir rəmzinə çevrilib. 1977-ci ildə BMT 8 martı rəsmi olaraq Beynəlxalq Qadınlar Günü elan edib. Bu tarix qadınların cəmiyyətdə bərabər hüquqlara malik olması uğrunda aparılan mübarizənin nəticəsidir. Bu gün dünyada qadınların ictimai, siyasi və iqtisadi həyatda fəal iştirakı daha da genişlənir. Azərbaycan qadını da bu prosesdə öz layiqli yerini tutaraq ölkəmizin inkişafına mühüm töhfələr verir. Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart – Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür. Ümummilli Lider Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi diqqət yetirib və onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirak etməsi üçün geniş imkanlar yaradıb. Qadınların təhsil alması, elmdə, siyasətdə və iqtisadiyyatda irəliləməsi üçün mühüm addımlar atılıb. Ümummilli Lider Heydər Əliyev lider qadınların yetişməsinə şərait yaradıb. Ulu Öndər tərəfindən bununla bağlı xeyli sayda fərman və sərəncamlar imzalanmışdır. Ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək məqsədi ilə 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalayan Ulu Öndər Heydər Əliyev eyni tarixdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılması haqqında Fərman imzalayıb.
Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sabir Əhmədov.
Ölkənin Birinci vitse-prezidenti və “yumşaq güc”ün rəmzi Mehriban xanım Əliyeva.
Azərbaycan qadınlarının cəmiyyətdə rolundan bəhs edərkən təbii ki, fəaliyyəti hər birimiz üçün örnək olan Azərbaycanın Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri göz önünə gəlir. Mehriban xanım Əliyevanın fəaliyyətinə diqqət yetirdikdə görürük ki, atdığı hər addımın əsasında xeyirxahlıq, humanizm, səmimiyyət, vətəndaşlıq təəssübkeşliyi dayanır. Azərbaycan reallıqlarının təbliği istiqamətində dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər, təqdimatlar, hazırlanan vəsaitlər, nəşr edilən kitablar məqsəd və məramın açıqlanmasına yardımçı olur. Mehriban xanım Əliyevanın fəaliyyətinə verilən ən böyük qiymət təbii ki, xalqın sevgisidir. Məhz bu etimad, inam onun Azərbaycanın Birinci Vitse-prezidenti təyin olunmasını şərtləndirən əsas amillərdəndir. Dünyanı cənginə almış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində atılan addımlara böyük dəstək olan Mehriban xanım Əliyevanın bu münasibətlə xalqımıza müraciətlərinə diqqət yetirdikdə mərhəmətin, sədaqətin, xeyirxahlığın, ən əsası vətənpərvərlik duyğularının nə qədər böyük olduğunu görür, onun hər zaman dövlətimizin inkişafı, xalqımızın firavan yaşaması istəyini ortaya qoymasının şahidi oluruq. 44 günlük İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərimizə dövlətimizin başçısı İlham Əliyevlə birgə səfərləri, həmçinin ölkə Prezidenti ilə birgə müharibə başa çatandan sonra ilk olaraq yaralı döyüşçülərə baş çəkmələri və sair kimi biri-birindən diqqət çəkən addımlar vətənpərvərlik hissinin böyüklüyündən xəbər verir. Bu gün hər bir Azərbaycan qadını, anası xoşbəxtdir, qürurludur. Yetişdirdikləri övladlar 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi, torpaq həsrətinə son qoydu, vaxtilə itirilmiş qürurumuzu özümüzə qaytardı. Bu gün analarımız Beynəlxalq Qadınlar Gününü qələbə sevinci ilə qeyd edirlər. Şəhid anaları, bacıları, bütün qadınlarımız üçün ən böyük bayram hədiyyəsi qəhrəman oğullarımızın yazdığı tarix, torpaqlarımızı işğaldan azad edib düşməni diz çökdürməsi, müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmamasıdır. Bayramınız mübarək, əziz qadınlar!
Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Azərbaycan dövləti qadınları hər zaman uca tutur, yüksək səviyyədə qiymətləndirir. Beləki, 8 Mart-Beynəlxalq qadınlar günü ölkəmizdə hər il qeyd olunur.. Hər il bayram günü ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, onlar orden və medallarla təltif edilirlər.Bu, dövlətimizin qadınlara verdiyi ən ali dəyərdir.
İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva.