Azərbaycan tarixində qadınların rolu
Azərbaycanın qədim tarixi qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material verib. Orta əsrlərdən Azərbaycan qadını gözəl ana olmaqla yanaşı, klassik poeziyanın ən gözəl nümunələrini yaradıb, at belində qılınc çalıb, dövlət idarəçiliyində öz sözünü deyib. Tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi şücaət, eyni zamanda Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız bunun bariz nümunəsidir.
XX əsr bütün dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib. Müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edirdilər.
Böyük siyasətçi insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına da güclü stimul vermişdi. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması ulu öndər Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur. Ulu Öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur. Ümummilli lider Heydər Əliyev hər zaman vurğulayırdı ki, dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər.
Bu gün respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır.
Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru
Azərbaycan qadınlarının ilk qurultayı
1998-ci il sentyabrın 14-də Azərbaycan Qadınlarının I Qurultayı baş tutmuşdu. Bu gün həmin tarixdən nə az, nə çox düz 27 il keçir. Qurultayda iştirak edən Azərbaycan qadınlarının əksəriyyəti bu tarixi ümummilli lider Heydər Əliyevin iştirakı və həmin tədbirdəki təsirli çıxışı ilə xatırlayır. İki gün davam edən qurultayda respublika qadınlarını iki mindən çox nümayəndə təmsil edib. Onların əksəriyyəti bölmə iclaslarında çıxış edib öz ürək sözlərini cəmiyyətə çatdırmaq imkanı qazanıb. Məhz bu qurultay Müstəqil Azərbaycan qadınlarının ictimai-siyasi həyatında dönüş mərhələsinin başlanğıcı olub. Ulu öndər Heydər Əliyev öz çıxışında deyib: “Hesab edirəm ki, bu Qurultay XX əsrdə Azərbaycanın tarixində ən böyük tarixi hadisələrindən biridir. Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda gələcəyin qadın hərəkatının əsasını qoyublar, qadınların cəmiyyətdə fəallığının, onların cəmiyyət və dövlətin həyatında iştirakının əsasını qoyublar. Siz bunun əsasını qoymusunuz, böyük iş görmüsünüz. Bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm”. Müstəqil Azərbaycanın ilk qadınlar Qurultayı bir çox cəhətləri ilə həmişəlik yaddaşlara həkk olunub. Bundan sonra ardıcıl olaraq 2003, 2008, 2013 və 2018-ci, 2023-cü illərdə Azərbaycan Qadınlarının Qurultayı baş tutub.
Ümumiyyətlə, 1998-ci il Azərbaycanın müasir qadın hərəkatı tarixinə qızıl hərflərlə yazılmalıdır. Bəlkə də qadınların bugünkü nailiyyətlərinin əsası məhz 1998-ci ildə qoyulub. Belə ki, ümummilli lider Heydər Əliyev cəmiyyətdə qadınların durumunu, mövqeyini gücləndirmək üçün ölkə tarixində ilk dəfə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam verib. Aradan iki il keçdikdən sonra Ulu Öndər Azərbaycan qadınlarını daha bir möhtəşəm Fərmanı ilə sevindirib. Bu sənəd qadınların həyatının demək olar bütün sahələrini əhatə edib. 2000-ci il martın 6-da imzalanmış “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanda bir çox məsələlər öz parlaq əksini tapıb.
Bu tarixi sənəddə qadınlarla kişilərin hüquq bərabərliyi, xüsusilə onların dövlət idarəçilik sistemində layiqli səviyyədə təmsil olunmaları, habelə qadınların vəziyyətinə dair beynəlxalq standartlara cavab verən statistik məlumatların hazırlanması, iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərinin rəhbər tutulması, qadınlarla kişilər arasında bərabər imkanlar yaradılması, qaçqın və məcburi köçkün qadınların məşğulluğu problemlərinin həlli yolları və digər məsələlər mühüm yer tutub.
Çox müsbət bir haldır ki,Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün qadınlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, dövlət qurumlarında da lazımi səviyyədə təmsil olunurlar. Bu fakt da dövlətin qadınlara göstərilən diqqətin bariz nümunəsidir.
Tamam Xaspoladova- Zərdab rayon Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin direktoru
Gender siyasəti
Azərbaycan qadını həm dövlət müstəqilliyinin bərpasından əvvəl, həm dövlət müstəqilliyinin bərpasından sonra milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmışdır. Qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.
Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Ölkəmizdə çoxşaxəli və davamlı islahatların aparılması, vətəndaş cəmiyyətinin formalaşmasında əhalinin fəallığının artırılması yönündə görülən işlər qadınların da cəmiyyətdəki rolunun artırılmasını təmin edib. Azərbaycanda gender bərabərliyinin, qadın hüquqlarının ən yüksək səviyyədə təminatı da məhz Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin mühüm prioritetlərindən biri olmuşdur.
Ümummilli Liderimizin hakimiyyətdə olduğu bütün dövrlərdə qadın şəxsiyyətinin önəmi yüksək qiymətləndirilib. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra da Ümummilli liderimiz Heydər Əliyev cəmiyyətdə qadınların rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamaqla onların dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmalarına şərait yaradıb. “Azərbaycan qadını öz ağlı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə bizim xalqımızı, millətimizi daim ucaldıbdır”,- deyən Ümummilli Lider Heydər Əliyev hələ sovetlər birliyi dönəmində respublikamıza rəhbərlik etdiyi vaxt gender bərabərliyinə, qadınların elm, təhsil, mədəniyyət və digər sahələrdə rolunun artırılmasına, idarəetmənin müxtəlif istiqamətlərində fəal təmsil olunmasına xüsusi diqqət yetirib. Eyni zamanda, öz üzərinə düşən vəzifələri müvəffəqiyyətlə yerinə yetirərək respublikanın inkişafına layiqli töhfələr verən qadınların səmərəli fəaliyyətinin davamlı olması üçün Ulu öndər Heydər Əliyev önəmli stimullaşdırıcı tədbirlər həyata keçirmişdir.
Əsası Ulu Öndərimiz tərəfindən qoyulan Azərbaycanın gender siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlət başçısı gender məsələlərinə xüsusi həssaslıqla yanaşır. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru
Rəsmi bayram günü
Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Doğrudan da, dünyanın yaranışından bu günə qədər cəmiyyətlərin inkişafında qadınlaın əvəzedilməz rolu olmuşdur. Çünki, nəzərə alsaq ki, qadın ilk növbədə anadır, valideyndir və ailədə uşaqların tərbiyəsi ilə bilavasitə məşğul olur, o zaman, qadının xalqın gələcəyi sayılan gənc nəslin formalaşmasındakı rolu hər birimizə aydın olar.
Digər tərəfdən, tarixdə bir sıra faktlar var ki, həlledici məqamlarda qadınların hər hansı bir məsələyə müdaxiləsi olduqca mühüm əhəmiyyətə malik olub. Bu, Azərbaycan tarixində də var. Bu gün bəlkə də xalqımız dünyada nadir xalqlardandır ki, ictimai yerlərdə, ümumiyyətlə, hər bir məkanda qadına qarşı xüsusi münasibət göstərilir. Bu, Azərbaycan xalqına əsrlərdən bəri yadigar qalan bir irsdir və xalqımız bu milli dəyəri uğurlu şəkildə qoruyub gələcək nəslə ötürür.
“Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar” deyən və hər zaman qadın şəxsiyyətinə böyük hörmətlə yanaşan Ümummilli Lider Heydər Əliyev ölkədə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoydu. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Dahi şəxsiyyət Heydər Əliyev 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” fərman da imzalamışdır. Bu sənəd hər mənada qadınların fəallığına, cəmiyyətdə öz yerlərini tutmalarına kömək olmuşdur. Ulu öndər Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanı isə ölkədə qadın siyasətinin daha da güclənməsinə gətirib çıxartmışdı.
44 günlük Vətən müharibəsində xalqımıza Şanlı Qələbəni bəxş edən qəhrəman şəhidlərimizin, igid qazilərimizin, rəşadətli əsgər və zabitlərimizin anaları da məhz, fədakar Azərbaycan qadınlarıdır. Azərbaycan qadını – Qəhrəman ana, Qəhrəman bacı, Qəhrəman həyat yoldaşıdır.
Dünyanın əksər ölkələrində olduğunu kimi, Azərbaycanda da 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur. Beynəlxalq Qadınlar Günü ən sevilən bayramlardan biridir. Təsadüfi deyil ki, Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Qadınlarımız Ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olublar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Kəmalə Məmişova- Zərdab rayon Bıçaqçı kənd tam orta ümumtəhsil məktəbinin direktoru