1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir.
33 il bundan əvvəl qarlı-boranlı, tufanlı, sərt qış gecəsində mənfur düşmən çox qəddar və amansız əməlləri ilə biçarə xocalılara qarşı qətliam törətdi . Zaman-zaman məmləkətimizin maddi və mənəvi sərvətləri ilə “qaz vurub, qazan dolduran” ermənilər məsum bir millətə bağışlanmaz xəyanət etdi. Əslində, xəyanət etmək, cinayət törətmək, adam öldürmək, torpaq işğal etmək, təcavüzkarlıq, bədxahlıq və digər zərərli vərdişlər, əməllər Ermənistan dövləti üçün çox adi haldır. Yəni, gözləniləndir. Çünki onların xisləti, xarakteri, dünyagörüşü, fərdi və ümumi keyfiyyətləri bineyi-qədimdən pisliklər üzərində bərqərar olub. Xocalı soyqırımı buna əyani sübutdur. 33 il tarix üçün böyük zaman ölçüsü deyil. Amma bu 33 ilin bütün ağrı-acıları, təəssüf və kədər hissləri bir neçə 33 illərin dərd-qəmi qədər ağır və dözülməzdir. Bu baxımdan, Azərbaycan xalqı 33 illik tarixi olan tarixi ədalətsizliyin – Xocalı faciəsinin tarixini unuda bilmir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən bu faciə bir millətə qarşı, ümumən insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrdən biridir. Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə gerçəkləşən bu qanlı hadisə nəticəsində qədim yaşayış məskənlərimizdən biri olan Xocalı şəhəri sərt bir qış gecəsinin ölüm-dirim meydanına çevrildi, qan su yerinə axdı, günahsız insanların ah-naləsi, fəryad səsləri göylərə yüksəldi. Mənfur düşmən öz çirkin əməli ilə bağışlanmaz bir cinayətə yol verdi. Bu cinayət nəticəsində 613 nəfər qətlə yetirildi; o cümlədən 63 uşaq, 106 qadın, 70 yaşlı, 8 ailə tamamilə məhv edildi; 25 uşağın hər iki valideyni, 130 uşağın isə bir valideyni öldürüldü. Həmçinin 487 nəfər yaralandı, 1275 nəfər girov götürüldü, 150 nəfər isə itkin düşdü. Bu statistik rəqəmlər tarix kitablarına əsasən yazılıb və bu rəqəmlər fərqli də ola bilər. Hər bir rəqəm, hər bir itki insan taleyi deməkdir. Bu cəhətdən Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən dəhşətli soyqırımlardan biridir. Bu xüsusda Ulu öndər Heydər Əliyevin bir fikri tam yerinə düşür: Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir. Xocalıda misligörünməmiş qəddarlıqla törədilmiş bu insan qırğınının Yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı və humanizm ideallarına sədaqət nümayiş etdirən bütün insanların bu faciəyə öz qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır”. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev bu faciə barədə danışarkən deyd etmişdir ki, Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir.Biz artıq 33 il əvvəlki Azərbaycan Respublikasının vətəndaşları deyilik. Biz azad, müstəqil, demokratik, dünyəvi, unitar, suveren, hüquqi bir dövlətin vətəndaşlarıyıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində biz həm də qalib bir ölkənin zəfər çalmış sakinləriyik. 44 günlük Vətən müharibəsi ilə qəhrəman Azərbaycan ordusu bütün dünyaya sübut etdi ki, Xocalı bizim müqəddəs yurd yerlərimizdən biridir. Və biz doğma Xocalının qisasını qəhrəmancasına aldıq. Biz onlar kimi arxadan zərbə vurmadıq. Biz döyüşdə, savaşda, müharibədə və mübarizədə öz sözümü dedik. Dedik və əməl etdik. Əbədi-əzəli torpaqlarımızın halal sahibi olduq. Ölkə başçısı cənab İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində, işğaldan azad edilən bütün el-obalarımız, yurd-yuvalarımız kimi, Xocalı da yenidən doğulur, yenidən qurulur, yenidən xocalaşır! Şair demişkən, “Mənim üşcə hecalım, Xocalım, ay Xocalım!” .
Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sabir Əhmədov.
İşğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrilmişdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə təpədən dırnağa kimi silahlanmış erməni quldurları Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə qəfildən aylarla mühasirədə saxladıqları bu dinc şəhərə Xocalıya hücum çəkərək minillik tarixi olan şəhəri yerlə-yeksan etdilər. Xocalı qırğını erməni silahlı birləşmələrinin ölkəmizə təcavüzünün kulminasiya nöqtəsi idi. Dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insan idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirdi. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürüldü, insanlar diri-diri yandırıldı, onlara digər ağlasığmaz işgəncələr verildi. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən hazırlanmış pusqularda qətlə yetirilmişdi. Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatına görə, dörd gün ərzində Ağdam rayonuna Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmişdi. Həmin meyitlərin bir çoxunun təhqirə məruz qalması faktı aşkar edilmişdi.
Bu, sadəcə müharibə deyildi, erməni terrorizminin ən dəhşətli nümunəsi, ümumən isə bəşəriyyətə qarşı ən ağır cinayət idi. Xocalı qətliamı Ermənistanın Azərbaycana təcavüzünün gerçək mahiyyətini, erməni terrorizminin və vəhşiliyinin dəhşətli miqyasını bütün çılpaqlığı ilə üzə çıxardı. Soyqırımı hadisəsindən sonra cinayətin baş verdiyi yerdə olmuş fransız jurnalisti Can Yunet yazmışdı: «Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişdim. Ancaq ermənilər 5-6 yaşlı uşaqları, mülki əhalini öldürməklə onları ötüb keçiblər». Ermənistanın müharibə zamanı beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı faktlar yalnız bununla bitmir. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. «Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair» IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, qəddar davranılması, əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində isə qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, bu insanların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin Konvensiyanın 34-cü maddəsinə görə, mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq dinc insanı girov götürən ermənilər bu prinsipə də aşkar sayğısızlıq nümayiş etdirmişdilər. Ermənistan silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymamış, Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar üsullara əl atmışlar. Azərbaycanda 1992-1993-cü ilin yarsına qədər hakimiyyətdə olmuş səriştəsiz və yarıtmaz qüvvələr bu və digər hüquq normalarına əsaslanmaqla Xocalı faciəsinin real mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görmədilər. Faciə 1992-ci ildə baş versə də, Xocalı dəhşətinə hüquqi-siyasi qiymət yalnız Ümummilli Liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yalnızverildi. Ulu Öndərimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis «Xocalı Soyqırımı Günü haqqında» qərar qəbul etmişdi. Prezident cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq aparıcı dünya dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Ölkə başçısı bildirmişdir ki, azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.
İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva.