Müasir Azərbaycan təhsilinin inkişafı birbaşa Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Kommunist Partiyasının birinci katibi olan dövrdə Azərbaycanda təhsilin inkişafı istiqamətində onun gördüyü işlər barədə çox eşitmiş, arxiv materiallarından çox oxumuşuq. Onun Azərbaycan gənclərinin təkcə Azərbaycanda deyil, həm də keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərində ali təhsil almaları üçün gördüyü işləri, yaratdığı şəraiti bu gün o dövrün insanları minnətdarlıq hissi ilə xatırlayırlar.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi olarkən- yəni 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında”, 1973-cü ildə isə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarlar qəbul edildi.Təbii ki, bu qərarlar birbaşa onun təşəbbüsü və ideyası əsasında qəbul olunmuşdu.
Bu qərarların icrası nəticəsində ümumtəhsil məktəblərinin sayı 765-dən 2117-yə, 1982-ci ildə isə 3750-yə çatdırıldı. Ümumtəhsil məktəblərində 1980-ci ildə 710 min şagird təhsil alırdı ki, bu da 1969-cu illə müqayisədə iki dəfə çox idi. Həmin illərdə beş yeni ali təhsil müəssisəsi yaradıldı və ali təhsil alanların sayı 70000 nəfərdən 100000 nəfərə çatdırıldı.
1991-ci il oktyabr ayının 18-də müstəqilliyimizi rəsmən bəyn etsək də, Ermənistanın ölkəmizə qarşı ərazi iddiası irəli sürməsi və bunun nəticəsində yaranmış Qarabağ münaqişəsi respublikamızın inkişafına böyük əngəllər yaratdı. Yaranmış əngəllərin ən qlobalı siyasi hərcmərclik idi. Bunun nəticəsində torpaqlarımız işğal olundu, bir milyon vətəndaşımız doğma yurdundan məcburən didərgin düşdü. Daxili çəkişmələr vətəndaş müharibəsi təhlükəsi yaratmışdı. Bu təhlükəni açıqca hiss edən xalqımız nəhayət üzünü Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə tutdu və onu təkidlə Azərbaycan Respublikasının rəhbərliyinə dəvət etdi.
Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə müstəqil, azad, suveren Azərbaycanın yeni təhsil siyasətinin əsası qoyuldu.
“Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam…” deyən Heydər Əliyevi biz təhsilimizin memarı hesab edirik…
Ümummilli lider Heydər Əliyev 1993-cü il iyun hadisələrindən sonra parçalanmaq təhlükəsi ilə üz-üzə qalmış müstəqil Azərbaycan dövlətinə rəhbər seçiləndən sonra hüquqi, dünyəvi dövlət quruculuğu sahəsində böyük siyasi və dövləti idarəetmə təcrübəsinə əsaslanaraq bütün sahələr üzrə Azərbaycanın inkişafını təmin edən islahatlar həyata keçirdi.Təhsil sahəsi də onun apardığı islahatların tərkib hissəsi idi.
1993-cü ildən başlayaraq yaratmış olduğu təhsil konsepsiyası əsasında milli dəyərlər nəzərə alınmaqla Azərbaycanın qiymətli, vətənpərvər vətəndaşlarının yetişdirilməsi istiqamətində qərarlar qəbul etdi, islahatların hüquqi bazasını yaratdı.
Müstəqilliyimizin ilkin illərində ümumtəhsil məktəblərində dərslik problemi yaranmışdı. Bunu görən Ümummilli lider bütün məktəblərin dünya standartlarına cavab verən dərsliklərlə təmin edilməsi barədə qərar qəbul etdi. İlk illərdə I-IV siniflərin, daha sonra isə yuxarı sinif şagirdlərinin dərsliklərinin dövlət vəsaiti hesabına çap olunması və şagirdlərə pulsuz paylanması təmin olundu. Daha sonra qısa müddətdə ümumtəhsil məktəblərinin şagirdləri üçün 152 adda yeni dərslik, 50-dək adda dərs vəsaiti hazırlandı və ümumtəhsil məktəblərində istifadə edilən 182 adda dərsliyin 83 faizi yeniləndi.
1996-cı ildə “Avropa regionu dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması barədə 1979-cu il 21 dekabr tarixli Konvensiyaya qoşulmaq haqqında”, həmçinin 1997-ci ildə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” qanunlar qəbul edildi. Təbii ki, bu qanunlar Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuşdu.
1998-ci il mart ayının 30-da Ümummilli liderin Sərəncamı ilə Təhsil sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı. Komissiyanın qarşısında duran başlıca missiya təhsil sistemimizi XXI əsrin qlobal çağırışlarına, iqtisadi inkişafın dayanıqlığına və davamlı olmasına, həmçinin Avropa əmək bazarının tələblərinə və ona çıxışa təminat yaratmaq idi.
Ümummilli lider 1999-cu il iyunun 15-də Təhsil Sahəsində İslahat Proqramını xüsusi sərəncamla təsdiq etdi. Üç etapdan ibarət olan bu islahat proqramı müddətinə, əhatə dairəsinə və miqyasına görə ən böyük Dövlət Proqramı idi.
Prezident Heydər Əliyev 13 iyun 2000-ci il tarixində “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Bu fərmanın imzalanmasında məqsəd Azərbaycan vətəndaşlarının təhsil hüququnu tam təmin etmək, milli təhsil konsepsiyasının müddəalarını gerçəkləşdirmək, təhsil sistemində aparılan islahatları sürətləndirmək, idarəetmə mexanizmini təkmilləşdirmək, pedaqoji kadrların müasir tələblər səviyyəsində hazırlanmasını təmin etmək, təhsildə maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq idi.
Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdışından sonra təhsil müəssisələrinin pozulmuş fəaliyyəti normal vəziyyətə gətirildi. Ümumtəhsil məktəblərinin sayı və şagird kontingenti əsaslı surətdə artdı. Əgər 1993-1994-cü tədris ilində respublikanın 4364 ümumtəhsil məktəbində 1 milyon 549 min şagird təhsil almışdısa, 2002-2003-cü tədris ilində 4561 ümumtəhsil məktəbində 1 milyon 600 min nəfərdən çox yeniyetmə təhsilini davam etdirirdi.
Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı rayon və şəhərlərdə 700-dən çox ümumtəhsil məktəbi təşkil edildi. İstedadlı uşaqların qabiliyyətini inkişaf etdirmək məqsədilə 30-a yaxın lisey və gimnaziya təşkil edilərək buraya 12 minə yaxın şagird cəlb olundu.
“Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 2001-ci il 9 avqust, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiqi edilməsi barədə” 2003-cü il 2 yanvar standartları səviyyəsinə qaldırılmasında böyük rol oynayıb.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son on səkkiz ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması bu günümüzün reallığıdır.
Təkcə onu vurğulamaq kifayətdir ki, bu dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilmişdir…
İradə Sərdarova,
Azərbaycan Dillər Universitetinin dosenti,
YAP-ın üzvü