Azərbaycan torpaqlarının işğalı 30 il davam edib.
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumu 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağı, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyini, 3 beynəlxalq təşkilatı və 82 media qurumunu bir araya gətirdi. Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır. Dövlət başçısı cənab İlham Əliyev açılış mərasimindəki çıxışında bu məqamı xüsusi qeyd etdi ki, Qarabağın tacının dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri ikinci dəfə bir araya gətirməsi mühüm hadisələr sırasındadır. Bu məkandan reallıqlarımızın beynəlxalq ictimaiyyətə çatdırılması özündə bütün məqamları ehtiva edir. Forumun mövzusuna diqqət yetirməklə günümüzün çağırışları aydın olur. Prezident cənab İlham Əliyev çıxışında, həmçinin sualları cavablandırarkən dezinformasiyaların yaratdığı problemlərə diqqəti yönəltdi. 30 illik işğal dövrünün reallıqlarından bəhs edən cənab İlham Əliyev bildirdi ki, biz etnik təmizləmənin, işğalın qurbanı olmuşuq. Bu hal 30 il davam edib. Ancaq Azərbaycanı dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində ölkəmiz beynəlxalq sanksiyalara məruz qaldı. 1992-ci ildə ABŞ konqresində ermənipərəst nümayəndələrinin səyləri nəticəsində Azərbaycana qarşı sanksiyalar tətbiq edildi. Yəni, bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır. O zaman beynəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanımız yox idi. Müstəqilliyini yeni bərpa etmiş ölkə idik və ciddi səylər göstərməli idik. Bizə elə gəlirdi ki, mesajımızı çatdıra bilmirik. Daha sonra dərk etdik ki, bir çox insanlar, müxtəlif fərdlər mesajları eşitmək istəmir, onlar vəziyyəti tamamilə fərqli şəkildə təqdim etmək istəyir: Ona görə də bu məsələyə yanaşmanın ən yaxşı yolu budur. 30 il müstəqil olan ölkə nə edə bilər? Sizin kimi şəxsləri Bakıya və bölgələrimizə dəvət etmək və bizim nə işlər gördüyümüzü, planlarımızı təqdim etmək, gözləntilərimizi sizə çatdırmaqdır ki, biz dövlət quruculuğunda nələrə nail olmuşuq. Məhz bu, ən səmərəli üsuldur. Cənab İlham Əliyevin vurğuladığı kimi, dezinformasiyalar çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu xələl gətirmir. Eyni zamanda, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır. Bütün hallarda Azərbaycanın tarixi həqiqətlərə, real faktlara əsaslanan siyasəti uğurlu nəticələrini verir. Azərbaycanın müstəqil xarici siyasəti, özünü təmin edən iqtisadiyyatı, tərəfdaşları ilə əməkdaşlığı hədəflərə addım-addım irəliləməsinə, yeni körpülər qurmasına stimuldu.
Zərdab Gənclər evi SXM-in psixoloqu – Cəvahir Murtuzayeva
Bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin 20 iyul tarixində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində bir çox məsələlər, o cümlədən regionda baş verən proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və digər mövzularda çoxsaylı sualları cavablandırıb. Dövlət başçısının dediyi kimi, Azərbaycan haqqında beynəlxalq mediada dezinformasiyalar yayılır. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq. Xüsusilə, Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olduğu dövrdə də belə hallar çox idi. Azərbaycan işğala məruz qaldığı halda belə, bizi bir sıra beynəlxalq meda təcavüzkar adlandırırdı. Burada məqsəd əsl həqiqətləri dünya ictimaiyyətindən gizlətmək və Azərbaycanın beynəlxalq müstəvidə imicinə zərbə vurmaq idi. Bu prosesdə xaricdəki anti-azərbaycançı mərkəzlər, erməni lobbisi və diasporu əsas rol oynayırdı. Ona görə də, Şuşa Forumunun müzakirə mövzusu çox aktual idi. Dezinformasiyalara qarşı bütün sağlam cəmiyyətlər mübarizə aparmalıdır. Cənab Prezident Azərbaycanla Ermənistan arasında sülh imkanlarından da ətraflı bəhs edib. Artıq tərəflər arasında sülh sazişinin mətnin 80-90 faizi razılaşdırılıb. Prezident cənab İlham Əliyev bununla belə hələ iki məsələnin olduğunu bildirib. Dövlətimizin başçısı bildirib: “Birincisi, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki artıq uzun müddətdir bu qrup fəaliyyətsizdir, bəlkə də bir-iki ildir. Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədir, yəni onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi, heç bu regionda ola bilməzlər. Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər. Bizsiz onu etmək istəyirlərsə, onlar uğursuzluğa düçar olacaqlar və bu, bir daha onlar üçün çox acınacaqlı və ağrılı bir məsələ olacaq. Yəni, Minsk qrupunun burada bir növ “canlı” saxlanılmasında nə fayda var, nə məqsəd var?! ATƏT daxilində konsensus şəklində qərarlar qəbul edilir. Ermənistan Minsk qrupunu hələ də fəaliyyətdə saxlamaq istəyirsə, bu o deməkdir ki, Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiası var və bu, çox ciddi bir faktordur”. İkinci məsələ isə odur ki, Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir. Çünki həmin konstutusiyada Azərbaycana qarşı ərazi iddiaları var. Nikol Paşinyanın Böyük Britaniyada Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşdən imtina etməsi isə bir da rəsmi İrəvanın sülhə maraqlı olmadığını göstərir. Əgər belə vəziyyət davam edərsə, itirən qarşı tərəf olacaq. Çünki sülh olmasa Ermənistanın heç bir gələcəyi yoxdur.
Zərdab Gənclər evi SXM-in metodisti -Toğrul Abulov.