Azərbaycan və Çin strateji tərəfdaşlıq üzrə Bəyannamə qəbul ediblər
Çin Azərbaycanın ilk idxal mənbəyi və beş əsas ticarət tərəfdaşımızdan biridir. Ölkələrimiz arasında ticarət dövriyyəsi ötən illərlə müqayisədə xeyli yüksəkdir. Ancaq təəccüblənməyə dəyməz, çünki vəziyyəti doğuran amillər var. Diqqət yetirək, bu gün Azərbaycanda 300-dən çox Çin şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. Eyni zamanda Azərbaycan Pekinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyənlərdən biridir və Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Ölkəmiz mövcud istiqamətdə ciddi praktik təşəbbülər də reallaşdırıb, “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta dəhliz infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb. Azərbaycan–Çin əlaqələri çoxşaxəli struktura malikdir. Burada enerji keçidi, bərpa olunan enerji sahəsində əməkdaşlıqdan tutmuş istehsal sahələrinədək bir sıra məqamlar var. Azərbaycanda elektrik mühərrikli avtobusların istehsalı sahəsində Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə işbirliyinə start verilib. Avtobusların yerli istehsalına isə 2025-ci ildə başlanılması planlaşdırılır. Bakı ilə Sıçuan əyaləti, Gəncə ilə Çindaonun, Sumqayıt ilə Sian və Myenyan şəhərlərinin, Çunçin şəhərinin Cyancin rayonunun, Naxçıvan Muxtar Respublikası ilə Çunçin şəhərinin, Bakı şəhərinin Xəzər rayonu ilə Quancou şəhər bələdiyyəsinin Nanşa rayonunun əməkdaşlığına dair sənədlərin imzalanması isə nikbin mənzərəyə xüsusi ovqat qatır. Habelə, elm və təhsil sahəsində əməkdaşlığın inkişafını, Pekin Dillər Universitetində Azərbaycan dilinin tədrisi kafedrasının mövcudluğunu, ölkəmizin ali məktəblərində Konfutsi institutlarının uğurlu fəaliyyətini də qeyd etməliyik. Bütün bunlarla yanaşı Heydər Əliyev Fondu Azərbaycanla Çin arasında mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsidir. Fond “Çinin Xarici Ölkələrlə Dostluq üzrə Xalq Cəmiyyəti” ilə birlikdə müxtəlif layihələr həyata keçirir ki, bu fəaliyyətin də uğuru göz önündədir.
Davos Forumunda Çinin CGTN telekanalına müsahibədə Azərbaycan-Çin münasibətləri haqqında ətraflı danışan Prezident cənab İlham Əliyev ölkəmizin Pekinlə münasibətlərə böyük önəm verdiyini bildirib: “Dünyanın aparıcı dövlətlərindən olan Çinlə imzalanmış strateji tərəfdaşlıq Bəyannaməmiz münasibətlərimizi daha da inkişaf etdirməyə imkan verir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaşdır. Bu da imkan verir ki, həmin beynəlxalq təşkilatla daha yaxından əməkdaşlıq edək. Həm Şanxay Əməkdaşlıq Təşkilatının, həm də BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Azərbaycanın nəqliyyat infrastrukturunun Şərqdən Qərbə gedən yol üzərində yerləşməsi Çin və Orta Asiya ölkələri ilə əməkdaşlığı gücləndirməyi diktə edir. Bu əməkdaşlıq regional sabitliyə, regional sülhə töhfə verəcək. Azərbaycanın Çin vətəndaşları üçün viza rejimini ləğv etməsi münasibətlərimizdə yeni mərhələnin başlanğıcı oldu. Çin vətəndaşları heç elektron viza üçün müraciət etmədən ölkəmizə gələ bilərlər. Eyni fürsətin Azərbaycan vətəndaşlarına da yaradılacağına ümid edirik”. Bütün bunlar ölkəmizin beynəlxalq miqyasdakı nüfuzunun və çəkisinin daha da yüksəldiyini nümayiş etdirir. Bu isə öz növbəsində Prezident cənab İlham Əliyevin yürütdüyü siyasətin, dövlətimizin başçısının şəxsiyyətinə olan hörmət və etibarın təzahürüdür.
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini