Azərbaycan və İran arasındakı əməkdaşlıq yalnız iki ölkə arasında rəsmi və strateji səviyyədə müzakirələrlə məhdudlaşmır
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk dəfə rəsmi səfər etməsi həm ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, həm də regional əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan ilə İran arasında münasibətlərin təməli təkcə coğrafi yaxınlıqla deyil, eyni zamanda ortaq mədəniyyət, dil, din və adət-ənənələrlə bağlıdır: “Əsrlər boyu xalqlarımız arasında ticarət və qohumluq əlaqələri də formalaşıb. Cənab Prezident İlham Əliyevin iranlı həmkarı ilə birgə mətbuata açıqlamasında söylədiyi “xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür” fikirləri iki ölkə arasında tarixən mövcud olan sıx və dərin əlaqələrin bu gün də uğurla davam etdirildiyini aydın şəkildə göstərir. Bu fikirlər həm tarixi gerçəkliklərə əsaslanır, həm də bugünkü geosiyasi reallıqları və diplomatik münasibətlərin səviyyəsini özündə əks etdirir”.
İran Prezidentinin Azərbaycanın ərazi bütövlüyünə və Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğuna dair açıq dəstəyi beynəlxalq hüquq normalarına, ədalətə və regional əməkdaşlıq ruhuna uyğun bir yanaşmadır: Bu, Ermənistanın bölgədə revanşist meyllərinə qarşı həmrəylik nümayiş etdirilməsi baxımından da mühüm siqnaldır. Azərbaycan bölgədə bütün qonşuları ilə qarşılıqlı hörmətə, ərazi bütövlüyünün tanınmasına və əməkdaşlığa əsaslanan münasibətlərin tərəfdarıdır. Fikrimcə, İran Prezidentinin bu bəyanatı ölkələrimiz arasındakı əlaqələrin dostluq və tərəfdaşlıq ruhunda inkişaf etdiyini bir daha təsdiqləyir. Azərbaycan regionda sülh və sabitliyə yönəlmiş istənilən ədalətli mövqeni yüksək qiymətləndirir və bu istiqamətdə atılan addımların bölgənin ümumi rifahına töhfə verəcəyinə inanır”.
Azərbaycan və İran arasındakı əməkdaşlıq yalnız iki ölkə arasında rəsmi və strateji səviyyədə müzakirələrlə məhdudlaşmır: “Son illər ərzində ölkələr arasında müxtəlif sahələri əhatə edən ümumilikdə 147 sənəd imzalanıb. Bu sənədlər, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasından tutmuş, enerji, nəqliyyat, kənd təsərrüfatı və humanitar məsələlərə qədər bir çox sahəni əhatə edir. Bu həm də iki ölkənin dövlət qurumları arasında etibar və səmimi əməkdaşlığın möhkəmləndirilməsinin göstəricisidir. Həmçinin, bu sənədlər Azərbaycanın və İranın inkişafı və tərəqqisi üçün böyük əhəmiyyət daşıyan mühüm hüquqi bazanı təşkil edir”.
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri yalnız iki ölkə arasında diplomatik əlaqələrin gücləndirilməsi deyil, həm də regionda iqtisadi, siyasi və mədəni əməkdaşlığın yeni mərhələyə qədəm qoymasının başlanğıcı ola bilər: “Bu cür yüksək səviyyəli görüşlər və imzalanan sənədlər, hər iki ölkə üçün qarşılıqlı fayda təmin edəcək layihələrin həyata keçirilməsini mümkün edir. Prezident İlham Əliyevin apardığı siyasət, Azərbaycanın beynəlxalq arenada güclü və etibarlı bir tərəfdaş kimi tanınmasına səbəb olub. Bu siyasət, həmçinin Azərbaycanın regionda və dünyada sülh, sabitlik və inkişafın təminatçısı olmasına xidmət edir. Azərbaycanın iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələri, iqtisadi əlaqələrin daha da dərinləşməsinə və regional əməkdaşlığın yeni imkanlarla genişlənməsinə şərait yaradır. İranla olan münasibətlərin inkişafı, Azərbaycanın regional və beynəlxalq əməkdaşlığını daha da genişləndirməklə yanaşı, həm də sülh, təhlükəsizlik və iqtisadi inkişaf baxımından mühüm bir addım ola bilər. Bu cür əməkdaşlıq həm iki ölkənin, həm də bölgənin sabitliyini və rifahını təmin etmək baxımından vacibdir”.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc
İran Prezidentinin Azərbaycana rəsmi səfəri Prezident İlham Əliyevin bəyan etdiyi kimi çox gözəl siyasi nəticələrlə yadda qaldı
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də qonşu ölkələrlə mehriban münasibətlərin qurulması, qarşılıqlı-faydalı əməkdaşlıq, regional təhlükəsizlik məsələlərinin yüksək səviyyədə təşkili, bölgədə sülh və əmin-amanlığın bərqərar olmasından ibarətdir. Ölkəmiz hər zaman regional əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı tərəf kimi çıxış edib. Bu istiqamətdəki fəaliyyətində bölgə üçün faydalı dialoqların, mühum məsələlərin müzakirəsində açıq siyasət yürüdüb. Qonşu ölkələrlə mövcud əlaqələr, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə birgə layihələrin mövcudluğu onun təsdiqidir ki, Azərbaycan regionun inkişafına töhfələrini verir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qonşu ölkələrlə əlaqələr hər zaman bizim üçün əsas prioritetlərdən biri olub və bu istiqamətdə addımlar atılıb. Azərbaycan- Gürcüstan-Türkiyə Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Rusiya üçtərəfli uğurlu əməkdaşlıq formatları bölgənin iqtisadi təhlükəsizliyinin təmin olunması baxımdan son dərəcə effektlidir. Ölkəmiz o cümlədən, qonşu İran ilə də əməkdaşlığın dərinləşməsində maraqlıdır. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri, keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər onu deməyə əsas verir ki, qarşılıqlı əməkdaşlıq əlaqələri daha da möhkəmlənəcək və regional baxımdan mühüm dəyişikliklərlə yadda qalacaq.
Xalqlarımız əsrlər boyu mehribanlıq şəraitində yaşayıblar və Prezident İlham Əliyevin bildirdiyi kimi bu gün dövlətlərarası münasibətlərimiz də möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin ölkəmizə rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir.
Ölkəmizin başçısı iranlı həmkarının böyük heyətlə Azərbaycana gəlməsinə və önəmli sənədlərin imzalanmasına toxunaraq qeyd etdi ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq. Bu baxımdan məqsəd Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır.
Prezident Pezeşkianın ölkəmizə səfəri çərçivəsində Bakıda keçirilən Azərbaycan-İran biznes forumu da əhəmiyyətli hadisə oldu.
Məsud Pezişkianın “İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər” fikri son dərəcə ciddi mesaj idi. Azərbaycanla İranın önəmli beynəlxalq layihələrdə iştirak etdiyini diqqətə çatdıran dövlətimizin başçısı ölkələrimizin Şimal-Cənub nəqliyyat dəhlizi üzrə sıx əməkdaşlıq etdiyini söylədi. Bundan başqa Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq.
İran Prezidentinin Azərbaycana rəsmi səfəri Prezident İlham Əliyevin bəyan etdiyi kimi çox gözəl siyasi nəticələrlə yadda qaldı. Əldə edilmiş razılaşmaların, imzalanmış sənədlərin iki dövlət və eyni zamanda bütövlükdə region ölkələri üçün faydalı olacağı şübhə doğurmur.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru