Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər.
Azərbaycanın artan nüfuzu və beynəlxalq aləmdə yüksələn mövqeyi Mərkəzi Asiya ölkələri sayılan Qazaxıstan, Özbəkistan və Qırğızıstanda ölkəmizin apardığı uğurlu xarici siyasətə rəğbətdə, göstərilən dəstəkdə, eyni zamanda iqtisadi əməkdaşlıq və mədəni əlaqələr zəminində atılan birgə addımlarda da aydın şəkildə özünü göstərir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın mövcud əlaqələrinin inkişaf mərhələsinə nəzər salsaq o zaman 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın apardığı quruculuq işlərinə verilən töhfələri xüsusi vurğulamaq lazımdır. Avqustun 9-da Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının dövlət başçılarının görüşü də bu baxımdan olduqca yaddaqalan məqamları ilə diqqət çəkdi deyə bilərik. Həmin görüşdə iştirak edən Prezident İlham Əliyev bugünkü əlaqələrin möhkəmliyinin ayrı-ayrı məqamlarına toxunaraq gələcəyə dair də mühüm mesajlar verdi. Ölkə rəhbəri Azərbaycan və Mərkəzi Asiya ölkələrini artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi region kimi dəyərləndirərək dostluq münasibətlərinə, qardaşlıq dəstəyinə diqqəti çəkdi. Qalib lider dünyada artan təhdid və çağırışların ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb etdiyini önə çəkərək bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğuladı. Bəli, son bir neçə il ərzində dünyanın bir sıra ölkələri, o cümlədən də Mərkəzi Asiyada yerləşən respublikalar Azərbaycanla birgə hərbi əməkdaşlıqda daha çox maraqlıdırlar desək, yanılmarıq. Bu da təbii ki, Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq Zəfərdən sonra formalaşan məxsusi imicinə, müzəffər Ordumuzun müasir müharibə, döyüş təcrübəsinin effektivliyinin yaratdığı reallığa rəğbətdən xəbər verir. Həyata keçirilən birgə təlimlər yeni bilik və praktiki vərdişlərin qazanılması ilə bərabər mövcud hərbi ittifaqı da möhkəmləndirməklə bəzi Qərb ölkələrinin bölgəyə olan təsir imkanlarının azaldılmasına, gələcək təhdidlərin qarşısının vaxtında alınmasına xidmət edir. Hərbi əməkdaşlıq əlaqələrindən söhbət açan zaman Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almalarını da xüsusi qeyd etmək olar. Bu gün regionda baş verən siyasi, iqtisadi proseslər göstərir ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə istənilən sahədə əməkdaşlıq qurmaqda, mövcud münasibətləri inkişaf etdirməkdə maraqlıdır və maraqların kəsişməsi mühüm nəticələr verməkdədir. Əminliklə demək olar ki, “yaşıl enerji sahəsi”nə töhfə məqsədilə Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə əldə olunan razılıq, imzalanan əməkdaşlıq memorandumu Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Ticarət Limanının nəqliyyat-tranzit baxımından imkanları sözügedən region ölkələrini böyük inkişaf yoluna çıxaracaq.
Ehtiram Osmanov Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi
Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər.
Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında tədbirin keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürünü bildirdi: “Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Mənim dəvətimlə bu gün Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirlər. Əminəm ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.” Ümumilikdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsi vacib yer tutur. Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafı diqqətdən kənarda qalmır. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra bölgədə tamamilə yeni reallıqlar yaratdı. Regionda və dünyada nüfuzu durmadan artan Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri siyasi, iqtisadi, geosiyasi baxımdan vahid məkanı özündə əhatə edir. Ölkələrimiz arasında iqtisadi inteqrasiya daha da dərinləşir, Mərkəzi Asiyanı Xəzər dənizi və Qara dəniz ilə birləşdirən nəqliyyat, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə yeni əməkdaşıq layihələri və platformaları inkişaf etdirilir.
Hazırkı dövrün əsas çağırışı işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparılması və regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanla münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanmasıdır. İstər 44 günlük İkinci Qarabağ, istərsə də postmünaqişə dövründə Mərkəzi Asiya ölkələrinin, o cümlədən Özbəkistanın Azərbaycana dəstəyi diqqətdən kənarda qalmadı. . Ölkəmizin dünya təcrübəsinə əsasən müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyası bugünkü uğurlarımızın əsasıdır. Azərbaycan beynəlxalq arenada iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi yerini və rolunu möhkəmləndirir.
Zərdab rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Bahar Qurbanova
Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər.
Hazırkı dövrün əsas çağırışlarından biri türk dünyasının birliyidir. Dövlət başçısı İlham Əliyev Astanada Türk Dövlətləri Təşkilatının «Türk Əsri» çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə qeyd etmişdir ki, son iki il ərzində mən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər etmişəm. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Oktyabr ayında Şuşa şəhərində Birinci Türk Dünyası Mədəniyyət Forumu təşkil edilmişdir. Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Birgə sərmayə fondlarının yaradılması prosesi başlamışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradıldı. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır. Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir. «Biz böyük türk dünyasının bir hissəsiyik» söyləyən dövlət başçısı belə bir əminliyi ifadə etmişdir ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Dövlət başçısı İlham Əliyev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçanı qəbul edərkən bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycanın 1993-cü ildə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasına üzv qəbul olunmasından etibarən ölkəmiz ilə bu təsisat arasında sıx əlaqələr qurulub. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və digər sahələrdə uğurlu əməkdaşlıq edilir. Prezident İlham Əliyev Bakıda keçiriləcək BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Zirvə görüşündə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katiblərinin iştirakını SPECA çərçivəsində əməkdaşlığa verilən əhəmiyyətin nümunəsi kimi qiymətləndirdi. Onu da qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 22-də Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirak etmişdir. Paytaxt Bakının Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi etməsi ölkəmizin imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. 1998-ci ildə yaradılan proqrama Azərbaycan 2002-ci ildə qoşulub və birliyin fəal üzvlərindəndir. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. Təkmil inkişaf modeli ilə dünyanın diqqətində olan Azərbaycan bu əməkdaşlığa davamlı töhfələri ilə diqqətdədir və bu proses bundan sonra da davam etdiriləcək.
Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev