Azərbaycan və Pakistan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır
Dövlət başçısı İlham Əliyevin ötən ilin iyulunda Pakistana dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb etdi. Səfər zamanı Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə ikitərəfli görüşlər keçirdi. Həmçinin səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 15 sənədin mübadiləsi Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazasını daha da genişləndirdi.
Dünya 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan-Pakistan qardaşlığının bir daha şahidinə çevrildi. Müharibənin başlandığı gündən Pakistan ölkəmizə mənəvi və siyasi dəstəyini əsirgəmədi. Daim ölkəmizin yanında olan rəsmi İslamabad Azərbaycanın mövqeyini dəstəkləyərək bəyanatları ilə dünyanın diqqətində oldu. Küçə və meydanlarımızı Azərbaycan, Türkiyə və Pakistanın birgə dalğalanan bayraqları bəzədi. Tarixi Zəfərimizə bizimlə bərabər qardaş, dost Türkiyə və Pakistan sevindi. Onu da qeyd edək ki, İslamabad hökuməti Ermənistanın işğalçılıq siyasətini sərt tənqid edərək, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini hər zaman ifadə edib. Məhz bu prinsipial mövqeyə görə Pakistan Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıb və onunla iqtisadi-ticari əməkdaşlıqdan imtina edib. Bu qərar Azərbaycana verilən sarsılmaz dəstəyin bariz nümunəsidir. Pakistanın siyasi rəhbərliyi müharibədən sonra da Azərbaycana dəstəyini davam etdirib, azad olunmuş ərazilərin yenidən qurulması prosesinə töhfə vermək niyyətini ifadə edib. Bu, təkcə iki dövlət arasındakı dostluğun deyil, həm də iqtisadi və strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoymasının göstəricisidir.
Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil əsasdır. Azərbaycan-Pakistan münasibətlərinin bu istiqamətdə davamlı inkişafı üçün geniş imkanlar mövcuddur. İki qardaş ölkə arasında ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra layihələr reallaşdırılır. Azərbaycanın Pakistanla kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti, nəqliyyat, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığı üçün böyük potensialı mövcuddur. Azərbaycanın neft-qaz sənayesində qazandığı təcrübə və enerji resursları Pakistan üçün mühüm əhəmiyyət daşıyır. Pakistan isə öz növbəsində əczaçılıq, tekstil, aqrar və emal sənayesi sahələrində Azərbaycan bazarında öz mövqeyini gücləndirə bilər. Onu da qeyd edək ki, Azərbaycanın coğrafi mövqeyi, onun Avropa və Asiyanı birləşdirən mühüm nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi Pakistan üçün yeni ixrac imkanları yaradır.
Azərbaycan və Pakistan, həmçinin D-8 və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Bu kimi qurumlar çərçivəsində yeni iqtisadi təşəbbüslərin reallaşdırılması, birgə layihələrin həyata keçirilməsi, regional bazarlara çıxış imkanlarının genişləndirilməsi müzakirə edilir. Hər iki ölkə bu əməkdaşlıq sayəsində ticarət dövriyyəsini artırmaq və iqtisadi əlaqələri daha da möhkəmləndirmək niyyətindədir.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı
Pakistanın və Azərbaycanın Mədəniyyət nazirlikləri arasında əməkdaşlıq çərçivəsində hər iki ölkədə bir sıra mədəni tədbirlər keçirilir
Azərbaycanla Pakistan arasında hərbi sahədə də əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və daim inkişaf etməkdədir. Son illərdə Pakistanın istehsal etdiyi müasir döyüş texnikaları, xüsusilə aviasiya sahəsindəki yeniliklər Azərbaycanın diqqət mərkəzində olub. Prezident İlham Əliyev ötən il Pakistana səfəri çərçivəsində İslamabadda “Milli Aerokosmik Elm və Texnologiya Parkı”nda hərbi sərgi ilə tanış oldu. Bu tanışlıq iki ölkə arasında hərbi və texnoloji sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş mühüm bir addım kimi dəyərləndirildi. Bu əməkdaşlıq Azərbaycanın hərbi potensialını artırmaqla yanaşı, regional və beynəlxalq təhlükəsizlik sistemində daha güclü mövqeyə sahib olmasına da şərait yaradır.
İki ölkə arasında son illərdə təhsil, mədəniyyət və humanitar sahələrdə əlaqələrin genişlənməsi diqqət çəkir. Mədəni tədbirlər, sərgilər və festival proqramları da mütəmadi olaraq təşkil edilir. Pakistanın və Azərbaycanın Mədəniyyət nazirlikləri arasında əməkdaşlıq çərçivəsində hər iki ölkədə bir sıra mədəni tədbirlər keçirilir. Bakıda və İslamabadda təşkil olunan Pakistan və Azərbaycan mədəniyyət günləri, kino həftələri və incəsənət sərgiləri xalqlarımızın bir-birinin mədəni irsini daha yaxından tanımasına şərait yaradır. İki ölkə arasında humanitar sahədə əməkdaşlıqda Heydər Əliyev Fondu böyük rol oynayır. Heydər Əliyev Fondu tərəfindən Pakistanda bir çox sosialyönümlü humanitar layihələr həyata keçirilib. Bu layihələrin miqyası genişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 2013-cü ildə Pakistanın nüfuzlu “Könüllü qadınlar” təşkilatı və “Daily Times” qəzeti tərəfindən “Humanizmin Simvolu – 2012-ci İlin Qadını” mükafatı ilə təltif olunması, 2015-ci ildə isə Pakistanın ovaxtkı Prezidenti Məmnun Hüseynin Mehriban xanım Əliyevanı “Hilal-e Pakistan” ali ordeni ilə təltif edilməsinə dair Sərəncamı həyata keçirilən layihələrin, görülən işlərin təqdimatıdır. Heydər Əliyev Fondunun uğurlu layihələri bu gün də davam etdirilir. Bunlar Azərbaycan-Pakistan əlaqələrinin mədəni və humanitar sahədə daha da möhkəmləndirilməsinə böyük töhfədir.
Ümumilikdə, iki ölkə arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir, yeni imkanlar yaranır. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfərinin əhəmiyyətini açıqlayan mühüm amillərdən biri də imzalanan sənədlər oldu. Belə ki, bütün sahələrdə əməkdaşlığın gələcək inkişafı üçün möhkəm hüquqi bazanın mövcudluğu özünü daha aydın şəkildə nümayiş etdirdi. Prezident İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Frontier Works Organisation” (FWO) və “Pakistan State Oil Company Limited” şirkəti arasında, həmçinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Pakistan Refinery Limited” (PRL) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumu imzalandı. Bu sənəd bir daha ölkələrimizin iqtisadi əməkdaşlıqda enerji amilinə verdiyi önəmi təsdiqlədi. “SOCAR Trading SA” ilə “Pakistan LNG Limited” arasında mayeləşdirilmiş təbii qaz yüklərinin alqı-satqısı ilə bağlı Çərçivə Sazişinə 1 nömrəli Əlavə imzalandı. Sənədlərin say tərkibinə diqqət yetirsək enerji sahəsində əməkdaşlığın prioritet olduğunu görərik. “SOCAR Trading SA” ilə Pakistan İslam Respublikasının “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumu və “SOCAR Trading SA” ilə Pakistan İslam Respublikasının “Pakistan State Oil Company Limited” şirkəti arasında neft məhsullarının uzunmüddətli alqı-satqı Sazişi imzalandı.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc