AZƏRBAYCAN XALQI XOCALI FACİƏSİNİ HEÇ VAXTI UNUTMAYACAQ!
Xocalı faciəsindən artıq 33 il ötür. Lakin uzun illər keçməsinə baxmayaraq, Xocalı haqqında danışmaq hər il bir qədər də çətinləşir. Çünki erməni cəlladlarının vəhşiliklərini sözlə ifadə etmək mümkünsüz, qəlizdir. Xocalı faciəsinin hər il ildönümündə insanı insanlığından utandıran hadisələr həqiqətən də, hər bir azərbaycanlının qaysaq bağlayan yarasını yenidən qanadır. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Qeyd etmək lazımdır ki, Erməni şovinizmi bu etnosun hələ çar Rusiyasının imperiya siyasətinə uyğun olaraq iki yüz il bundan əvvəl Cənubi Qafqaza, Azərbaycanın tarixi ərazilərinə köçürüldüyü dövrdən bu günümüzə qədər hər zaman bütün region xalqları üçün ən böyük təhdidlərdən biri olub. Terror, kütləvi qırğınlar, yerli əhalinin zorla deportasiya olunması erməni faşizminin ən çox istifadə etdiyi üsullardan olub. Bütün dövrlərdə ermənilərin ən çox hücumlara məruz qoyduqları isə, məhz Azərbaycan xalqı olub. O cümlədən, 1988-ci ildə erməni millətçiləri keçmiş Ermənistan SSR-nin ərazisində öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlını bu yerlərdən qovmaqla Ermənistanı Cənubi Qafqazda yeganə, dünyada isə nadir hallarda rast gəlinə biləcək monoetnik dövlətə çevirdilər. Bundan sonra sovet dönəmində heç bir əsas və zərurət olmadan, süni şəkildə yaradılmış qondarma “Dağlıq Qarabağ” ətrafında başlanan hadisələr “dənizdən dənizə Ermənistan” adlı mifik bir ideyanın reallaşdırılmasına yönəldildi. Həmin hadisələrdən başlayan və 30 ilə yaxın müddət davam edən mürtəce proseslərin ən qanlı təzahürlərindən olan Xocalı soyqırımı da bu vəhşiliyin bir təcəssümü olaraq baş verib: “Artıq bütün dünya bilməlidir ki, Xocalı qətliamı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədləri bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Erməni işğalından sonra Xocalıda bütün maddi mədəniyyət abidələrinin məhv ediliməsi, dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır. 2020-ci ildə Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmaqla bütün şəhidlərimizin, o cümlədən Xocalıda qətlə yetirilmiş günahsız insanların qanını düşməndən döyüş meydanında aldı. 19-20 sentyabr 2023-cü ildə keçirilən antiterror tədbirinin nəticəsi olaraq Qarabağda separatçılığın və terrorçuluğun kökü birdəfəlik kəsildi. Oktyabrın 15-də Xocalıda müqəddəs bayrağımızı ucaldan cənab Prezident İlham Əliyev bütün şəhidlərimizin ruhunu şad etdi. Lakin ermənilərin məhz dinc Azərbaycan əhalisinə qarşı törətdikləri qanlı cinayətlər heç zaman unudulmayacaq. Artıq Xankəndi, Xocalı, Ağdərə və digər torpaqlarımız azaddır. Biz birlik nümayiş etdirərək, Xocalını yenidən dirçəldəcəyik.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov