Novruz bayramı qədim və əzəmətli tarixə sahib olan Azərbaycan xalqının qədim köklərə, adət-ənənələrə malik milli bayramı, sərvətidir. Novruz tarixən qədim köklərinə, adət-ənələrinə sıx bağlı olan xalqımızın zəngin daxili aləmini, nikbin dünyagörüşünü əhatəli olaraq əks etdirən bayramdır. Bu bayram həm də xalqımızın özünüdərk təşəkkülünə bir çox töhfələr verib. Ali və milli dəyərlərin daşıyıcısı hesab edilən milli bayramımız insanlarımızı vahid mənəviyyat, birlik ətrafında cəmləşdirib. Məhz bütün bu zəngin dəyərlər, Novruz Bayramının adət və ənənələri çoxəsrlik mədəni irsimizə ehtiramda aydın şəkildə özünün xarakterizə edib. Böyük təntənəsinə daxili, ruhi oyanışın təsiri ilə hazırlaşdığımız, taleyimiz kimi bizə təmənnasız bəxş olunan elimizin əziz bayramı Novruzun astanasındayıq. Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Martın 21-də günəşin göy ekvatorunu kəsdiyi nöqtə yaz bərabərliyi nöqtəsi adlanır. Ulularımız hələ qədim zamanlardan baharın gəlişini bayram şənlikləri ilə qarşılayıblar. Bu el bayramını uzun müddət ürəyimizcə keçirə bilməmişik. Həhayət ürəkdən keçənlər dilə gəldi. Ulu adət-ənənələrimiz evlərdən, həyətlərdən geniş meydanlara çıxdı. Ruh bədənə, işıq gözə qayıdan kimi ömrümüzə, günümüzə gəldi bahar bayramı, taleyimizə, bəxtimizə qayıtdı Novruz. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır.
Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilən Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Azərbaycan mədəniyyətinin tarixində daha bir mühüm hadisə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilməsidir. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Novruz bayramı, Azərbaycan xalqının ən qədim və əziz bayramlarından biridir. Hər il təbiətin oyanışı ilə, baharın gəlişi ilə qeyd edilən bu bayram, yalnız təbiətin yenilənməsi ilə deyil, həm də xalqımızın ruhunun yenilənməsi, milli birlik və qardaşlıq ideallarının möhkəmlənməsi ilə əlaqələndirilir. 2020-ci ilin payızında Azərbaycan Ordusunun qazandığı möhtəşəm zəfər və 19-20 sentyabr antiterror əməliyyatları tarixi Zəfərlərimizi şərtləndirən əsas amillər sırasında gənclərimizin torpaq, Vətən sevgisi əsas yer tutur. Bu şanlı Zəfərimiz Azərbaycan xalqının məğrurluğunun, yenilməzliyinin, öz tarixinə, milli-mənəvi dəyərlərinə sahib çıxmasının dünyaya təqdimatı oldu. Novruz bayramını xüsusi bir anlamla daha da dəyərli etdi. Qarabağda əldə edilən böyük qələbə, yalnız Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi ilə sonuclanmadı, həm də xalqımızın həmrəyliyini və mübarizliyini bütün dünyaya nümayiş etdirdi.
Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva başda olmaqla, bu bayramda xalqımıza verilən mesajlar, ölkəmizin gələcək inkişafı üçün də böyük əhəmiyyət kəsb edir. Azərbaycanın zəfəri, həm də xalqımızın azadlıq mübarizəsinin qələbəsi olaraq tarixə yazıldı. Ulu Öndərimiz Heydər Əliyev qeyd etmişdir ki, gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Uzun fasilədən sonra cənab Prezident İlham Əliyev qədim şəhərimiz olan Şuşada bayram tonqalı qaladı. Ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində bütün Qarabağ separatçılardan təmizləndi və Novruz bayramında Xankəndidə, Xocalıda da Novruz tonqalı yandırılır, Novruz sevinci yaşanır.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədri
Elşən Əzizov