Dünya Bankı Azərbaycanda COVID-19-la mübarizə və virusun nəticələrinin aradan qaldırılması ilə bağlı yeni layihəyə başlayır.
Qanunla.Az FED.az-a istinadən xəbər verir ki, “Azərbaycanda COVID-19-a təcili reaksiya Layihəsi” bu ilin sentyabrında işə düşəcək.
Ümumi məbləği 95 milyon dollar olan layihə bütünlükdə Dünya Bankı tərəfindən maliyyələşdiriləcək. Onun icraçıları isə İcbari Tibbi Sığorta Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.
Layihə çərçivəsində atılacaq əsas addımlardan biri əhalinin həssas və aztəminatlı təbəqəsinə – ailələlər və ayrı-ayrı şəxslərə müvəqqəti dəstək vermək və onlara ödənişlər etməklə bağlıdır.
Layihə çərçivəsində işsizliyə görə ayrıca ödənişin verilməsi nəzərdə tutulur. Bu birdəfəlik ödəniş olacaq, məbləği isə 190 manat (111 dollar) təşkil edəcək.
Həmin ödəniş işsizə çevrilən və Dövlət Məşğulluq Xidmətində qeydə alınan 170 min vətəndaşa veriləcək.
Qeyd edək ki, hökümət artıq 2020-ci ildə (aprel-iyun aylarında) ölkədə 600 min nəfərə 190 manatlıq işsizlik müavinəti ödəyib. Bu dəstək pandemiya nəticəsində işini itirən rəsmi və qeyri-rəsmi çalışanlara ödənilmişdi.
Dünya Bankının layihəsi də həmin 600 min nəfərdən 170 min nəfərinə 190 manatlıq birdəfəlik ödənişi nəzərdə tutur.