AZƏRBAYCANDA YOL İNFRASTRUKTURU LAYİHƏLƏRİ ÇOX YÜKSƏK SƏVİYYƏDƏ VƏ UĞURLA HƏYATA KEÇİRİLİB!
Ötən illər ərzində Azərbaycanda nəzərdə tutulan bütün infrastruktur layihələri, sosial proqramlar yüksək səviyyədə reallaşdırılıb, o cümlədən sosial infrastrukturun mühüm sahələrindən sayılan yol təsərrüfatının yenidən qurulması, yeni yolların salınması, mövcud yolların isə əsaslı şəkildə təmiri ilə bağlı layihələr uğurla davam etdirilib. Paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub. Hazırda Azərbaycan “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması istiqamətində infrastruktur layihələri həyata keçirir. Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi istiqamətində aşağıdakı mühüm layihələrin icrası üzrə işlər aparılır. Dünya İqtisadi Forumunun avtomobil yollarının vəziyyətinə dair hesabatına əsasən, Azərbaycan MDB məkanında 1-ci yer olmaqla ən yüksək nəticə göstərib. Asiya qitəsində 10-cu, ümumilikdə, 141 ölkə arasında isə 24-cü yerdə qərarlaşıb Bu 202-ci ilin göstəricisidir. Hazırda isə işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir. Ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə yanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycanda, o cümlədən paytaxt Bakı şəhərində və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat sahəsində mövcud problemlər müzakirə edilib, bu sahədə son illərdə görülən işlər və qarşıda duran vəzifələrdən danışılıb. Müşavirədə son illərin vacib layihələrdən biri olan yeni Dəniz Ticarət Limanının inşasına da toxunulub. Köhnə liman şəhər mərkəzindən çıxarıldı və indi həmin ərazidə abadlıq işləri aparılacaq, istirahət zonaları, müxtəlif obyektlər inşa ediləcək. Beləliklə, bu zona şəhərimizin ümumi inkişafına əlavə töhfə verəcək və vətəndaşlar da bundan faydalanacaqlar. Hazırda Ağ Şəhər bulvarına bitişik olan bu istiqamətdə master-plan hazırlanır. Son illər bütün beynəlxalq ictimaiyyət Azərbaycanın irəli sürdüyü qlobal təşəbbüslərin Avrasiya məkanında yerləşən ölkələr üçün getdikcə daha böyük önəm kəsb etdiyini aydın şəkildə müşahidə etməkdədir. O cümlədən ölkəmizin Qərb ilə Şərq arasında körpü rolunu oynamağa verən əlverişli coğrafi mövqeyi Azərbaycanın mühüm tranzit ölkə kimi əhəmiyyətinin də durmadan artmasına möhkəm zəmin yaradıb. Əlbəttə ki, bu üstünlüklərdən maksimum yararlanmaq üçün ilk növbədə ölkənin yol-nəqliyyat infrastrukturu müvafiq səviyyədə olmalıdır. Məhz bu səbəbdən də Azərbaycanda son illər bu istiqamətdə məqsədyönlü addımlar atılır, iri miqyaslı layihələr həyata keçirilir. Əlbəttə ki, sadəcə olaraq, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Buna nail olmaq üçün çox səylər göstərilib, böyük işlər görülüb. Nəticədə bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Ölkə Prezidenti cənab İlham Əliyevin yanvarın 28-də keçirilmiş nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə etdiyi çıxışında da bütün bu məsələlərə dair mühüm açıqlamalar təqdim olunmuşdur. Qeyd edilmişdir ki, hazırda Azərbaycan ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur. Azad edilmiş ərazilərdə də görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir.
Ölkənin müxtəlif bölgələrində yeni beynəlxalq aeroportların istifadəyə verilməsi, yeni yolların salınması, regional layihələrin icrasında aparıcı rol oynaması Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də respublikamızı Avrasiyanın nəqliyyat qovşağına çevirir. Azərbaycan dünyada dinamik inkişaf edən dövlətlərdən biridir. Neçə-neçə beynəlxalq layihə bilavasitə Azərbaycanla bağlıdır, bu layihələrin bəzilərinin təşəbbüsçüsü də Azərbaycandır. “İpək yolu” kimi bir layihənin məhz Azərbaycanla bağlılığı bu dövlətin dünya dövlətləri ilə iqtisadi, siyasi əlaqələrinin daha da genişlənməsində mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu müşavirədə dedi: “Onu da bildirməliyəm ki, adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələrdir ki, onların açıq dənizlərə çıxışı var. Bizim isə dünya okeanlarına çıxışımız yoxdur. Amma buna baxmayaraq, gördüyümüz işlər nəticəsində Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik. Rahat yol tərəqqi, müasirlik rəmzi sayılır. Bu baxımdan son illərdə cənab Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar əsasında əsaslı şəkildə təmir edilən və yaxud yeni salınan yollar dinamik inkişaf tempinə malik Azərbaycanın müasir simasının sosial və iqtisadi önəm daşıyan çox mühüm elementini təşkil edir. Tam əminliklə deyə bilərik ki, bəhs olunan dövrdə ölkəmizin uğurlu inkişafını həm də paytaxtda və regionlarda yol infrastrukturunun əsaslı şəkildə yenilənməsinin timsalında izləmək mümkündür.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədri
Elşən Əzizov