image-qanunla-reklam
image-52527920

Azərbaycanın bugünkü uğurları Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin uğurla və ləyaqətlə davam etdirilməsinin nəticəsidir

image-lady-day-az

Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu əlamətdar gündən ötən 28 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həm strateji, həm də ümummilli baxımdan çox mühüm əhəmiyyət kəsb edən hadisə idi. Bu tarix milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi idi. Dahi şəxsiyyətin xalqın tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı. Həyatın bütün sahələrində islahatlar keçirərək, həm daxili, həm də xarici siyasətdə mühüm layihələrə başlayaraq Ulu Öndər ölkəni parçalanmaq və siyasi xəritədən silinmək təhlükəsindən xilas etdi. Buna görə də xalqımız haqlı olaraq bu günü Milli Qurtuluş Günü kimi qeyd edir və bununla ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramını və məhəbbətini bir daha ifadə edir.

Məlumdur ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa etdi. Bununla da Azərbaycan xalqı çoxəsrlik dövlətçilik tarixinə söykənərək yenidən milli azadlığına, dövlət müstəqilliyinə nail oldu. Amma müstəqilliyin qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu sonrakı hadisələr bir daha təsdiqlədi. Məhz Ulu Öndər hakimiyyətə gələnədək hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün apardığı daxili intriqalar, siyasi hərc-mərclik, öz maraqlarını hətta dövlətin maraqlarından üstün tutaraq atdıqları addımlar nəticəsində ölkəmiz məhv olmaq təhlükəsi ilə üzbəüz qalmışdı. Onların satqınlıqlarından istifadə edən düşmənin məkrli planları və təcavüzü nəticəsində ərazimizin bir hissəsi işğal edilmiş, habelə daxildə parçalanmalar başlanmışdı. Təbii ki, istər zor gücünə hakimiyyəti zəbt etmiş AXC-Müsavat iqtidarı, istərsə də geniş xalq kütləsi çox yaxşı bilirdi ki, hadisələr belə davam edə bilməz. Xalq ayağa qalxaraq öz xilaskarına- ulu öndər Heydər Əliyevə üz tutdu. Azərbaycanın o zamankı rəhbərləri də dahi şəxsiyyəti Bakıya dəvət etməyə məcbur oldular. Beləliklə, 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev Bakıya gəldi, iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. O gün həqiqətən də Azərbaycanın taleyində dönüş günü idi, böyük qurtuluşa doğru atılan mühüm addım idi. 28 il əvvəl, 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi xalqımızın şanlı tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Əgər Heydər Əliyev o məqamda Azərbaycan rəhbərliyinə gəlməsəydi, bu gün Azərbaycan adlı bir dövlətin dünya siyasi xəritəsində mövcudluğundan belə söhbət gedə bilməzdi. Ona görə də 1993-cü il əslində müstəqilliyimizin ilk ili oldu. Məhz ulu öndər Heydər Əliyevin qətiyyəti, cəsarəti, dövlətçilik təcrübəsi, dünyagörüşü, düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxdı, ölkədə sabitlik yarandı və inkişaf dövrü başlandı.

Ümummilli Lider “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini irəli sürərək iqtisadiyyatımızın inkişafında neft amilinə yüksək önəm verdi. Bunun üçündə İctimai-siyasi sabitliyi pozan qeyri-leqal silahlı birləşmələr ləğv edildi və dərhal nizami ordu quruculuğu istiqamətində işlərə start verildi. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan arasında atəşkəs sazişi imzalandı. Ölkənin nəinki ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında, eyni zamanda, beynəlxalq əlaqələrin genişlənməsində də əhəmiyyətli addımlar atıldı. Bu məqsədlə 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı ki, bu da yeni neft strategiyasının həyata keçirilməsi üçün başlanğıc oldu. Məhz daxildə ictimai-siyasi sabitliyin bərqərar edilməsinin nəticəsi idi ki, xarici investorlar ölkənin neft-qaz sektoruna milyardlarla dollar sərmayə yatırmağa başladılar ki, bu da Azərbaycanın yenidən dirçəldilməsində əhəmiyyətli rol oynadı. İqtisadi sahədə islahatlar davam etdirilir, torpaqlar kəndlilərin mülkiyyətinə verilirdi. Beləliklə də, hər iki cinahda, daxili və xarici siyasətdə olduqca mahir siyasət yürüdən bu xalq adamı haqlı olaraq da Azərbaycanın xalqının ümummilli lideri, Ulu Öndəri titulunu tam haqlı olaraq əldə etdi.

Qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycanın əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanılmasını təmin edir. Fond Ümummilli Lider tərəfindən əsası qoyulmuş uğurlu neft strategiyasının ayrılmaz hissəsidir. Qurumun yaradılması fəlsəfəsinin əsas qayəsini neft sərvətlərinin nəsillər arasında ədalətli bölünməsinin təmin edilməsi təşkil edir. Hazırda Dövlət Neft Fondunun vəsaitləri hesabına biri-birindən əhəmiyyətli sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını təmin edir.

Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

Beləliklə, Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ikinci dəfə Azərbaycanın idarəçiliyinə gəldikdən sonra xalqımızı qardaş qırğınından, vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas edib, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, banisi və qurucusu kimi daxil olub. Azərbaycanın bugünkü uğurları Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin uğurla və ləyaqətlə davam etdirilməsinin nəticəsidir.

Məhərrəmli Aytac Fərhad qızı

YAP Səbail rayon təşkilatının məsləhətçisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki