Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti
Bu günTürk dünyası günü-gündən güclənir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı da mövcud istiqamətdə strukturlaşmış siyasət yürütməkdədir. Dünyada baş verənlərə nəzər yetirsək görərik ki, hazırda dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur, müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab olunur ki, , üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır. Dünyada bir sıra uğurlu birlik nümunəsi olsa da, gücünü tarixindən alan və eyni soykökə sahib dövlətlərin səmərəli əməkdaşlığına rast gəlmək olduqca çətindir. Məhz bu çərçivədə Türk Dövlətləri Təşkilatı yeni dünya nizamında aparıcı mövqeyə sahibdir. Bu təşkilatın üzvlərinin sayı 2009-cu ildə təşkilatın cəmi dörd iştirakçısı olsa da, 2021-ci ildə iştirakçıların sayı yeddiyə çatıb. Türk Dövlətləri Təşkilatı iştirakçı ölkələrin müstəqilliyinə və suverenliyinə heç bir maneə yaratmır. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. Son illərdə cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə səfərləri təşkil olunmuşdur. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər.
Azərbaycan ilə Qırğızıstan arasında Strateji Tərəfdaşlıq haqqında, Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi barədə bəyannamələrin, Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə sazişin imzalanması, o cümlədən Azərbaycanın Qazaxıstanla, Türkiyənin Özbəkistan və Qırğızıstan ilə imzaladıqları ikitərəfli sazişlər olduqca böyük əhəmiyyət kəsb edir. İkitərəfli tərəfdaşlıq çoxtərəfli əməkdaşlığa yol açır, öz növbəsində strateji layihələrin reallaşdırılmasına münasib zəmin formalaşdırır. Bu gün Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir.
Regionda gedən geosiyasi reallıqlar, super güclərin öz maraqları uğrunda mübarizə apardığı bir dövrdə türk dövlətlərinin daha intensiv əməkdaşlığına zəmin yaradır. Həmçinin müasir dövrdə dövlətlər arasında ittifaqlaşma prosesinin güclənməsi türk dövlətlərini eyni çətir altında birləşdirir. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə toplantısı türkdilli dövlətlərin öz aralarında, həm siyasi-iqtisadi, həm də hərbi sferada əməkdaşlığın koordinasiyalı şəkildə möhkəmlənməsinə, təhlükəsizlik platformasının genişlənməsinə rəvac verən addımların atılacağının işarəsidir. Bu format regional təhlükəsizliyin yeni strukturunun yaradılması baxımından çox vacibdir.
Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri
Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir.
Azərbaycanı və Asiya ölkələrini bir çox bağlar bağlayır. Ən əsası xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri vardır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Bu ölkələri ilə əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir. Azərbaycan bu ölkələr üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir.
Günü-gündən mühüm şəkildə irəliləyən inkişaf sayəsində böyük ideala, oxşar tarixə, köklərə, adət-ənənələrə malik, Şərqlə Qərb arasında yerləşən türk dövlətlərinin siyasi inteqrasiyasına doğru mühüm addımlar atıldı. Qlobal enerji, nəqliyyat layihələrinin, kəmərlərinin təhlükəsiz keçidinin türk dövlətlərinin sərhədləri daxilində yerləşməsi də Türk Dövlətləri Təşkilatı üçün əlverişli imkanlar yaradır.
Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü türk dövlətlərinin mövcud olan sıx əlaqələrinin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti nümunəsidir. 15 il əvvəl Naxçıvanda bu təşkilat yaranandan keçən dövr ərzində Türk Dövlətləri Təşkilatı səmərəli fəaliyyət göstərib. Bu müddət ərzində mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan bütün türk dövlətlərilə geniş münasibətlərə malikdir və bu ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. Türk dünyasının 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyini nəzərə alsaq, bu böyük ailənin inteqrasiyasının, birliyinin nə dərəcədə möhtəşəm nəticələr verə biləcəyini təsəvvür edə bilərik. Azərbaycan bu təşkilatın yaranmasında yaxından iştirak edib, hər zaman türk dünyasının sıx birləşməsinə çalışıb.
Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın əsas məqsədlərindən biridir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib.
Bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir.
Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri
Şuşanın beynəlxalq statusu
Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Şuşa şəhəri dövrün bir sıra çətinlikləri ilə üzləşib, işğallara məruz qalıb. Erməni qəsbkarları zor gücünə Şuşanı işğal etmişdilər.
2020-ci il noyabr ayının 8-də Şuşa şəhərini Müzəffər Ali Baş Komandan İlham Əliyevin və mübariz Azərbaycan xalqının qətiyyəti sayəsində qəhrəman ordumuz erməni qəsbkarlarının əlindən azad etdilər. Şuşa indi azad nəfəs alır. Şuşa keçmiş şöhrətinə qovuşub.
Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü idi. Eyni zamanda, bu qərar bütün Türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verdi.
Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Türk dünyasının birliyinin sarsılmaz olduğunun növbəti nümunəsi idi. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə Azərbaycanı dünya dövlətləri arasında zirvələrə yüksəltdi. Cənubi Qafqazda marağı olan və öz çirkin niyyətlərini Ermənistan və onun tərkib hissəsi kimi “Qarabağ layihəsi” üzərindən həyata keçirmək istəyənlərin xəbis niyyətləri ürəklərində qaldı. Bir-birinin ardınca qazanılan möhtəşəm qələbələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu xeyli artırdı və Türk dünyasının birliyini daha da möhkəmləndirdi.
Şuşada keçirilən tədbirdə diqqət çəkən məqamlardan birinin türkdilli dövlətlərin başçılarının bu şəhərə Füzuli Beynəlxalq Aeroportu vasitəsilə gəlmələri olub. Qısa müddətdə tikilib istifadəyə verilmiş Füzuli Beynəlxalq Aeroportu artıq xarici ölkələrin başçılarını qəbul edir. Digər tərəfdən tədbir iştirakçılarının cənab Prezident İlham Əliyevlə birlikdə Şuşaya gəzintiyə çıxan zaman sakinlərlə səmimi görüşləri və söhbətləri də diqqətdən yayınmadı. Şuşa azərbaycanlıların əzəli yurdu kimi növbəti dəfə dünyaya qucaq açıb.
Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri
Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir
2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.
Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda 44 günlük Zəfər yürüşü ilə doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi uğrunda rəşadətlə mübarizə apardı, bu müqəddəs savaşda böyük zəfərlə Azərbaycan xalqını sevindirdi. Bu şanlı Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi, qüdrətli Ordumuzun qəhrəmanlığı və əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın müstəqillik tarixinə qızıl həflərlə yazıldı.
44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı.
Milli yaddaşımıza əbədi həkk olunan 8 noyabr Zəfər Günü xalqımızın qəhrəmanlıq salnaməsi və şanlı qalibiyyəti kimi tarixə düşdü. Otuz illik həsrətə son qoyan bu əzəmətli Qələbə düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi deməkdir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 28 ilin hər gününün qisasını aldı! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində dövlətimizin başçısı bütün diplomatik təzyiqlərə sinə gələrək, mürəkkəb məsələlərin öhdəsindən uğurla, ləyaqətlə gəlməyi bacardı. Azərbaycan bütün dünyaya həm döyüş, həm də diplomatiya meydanında münaqişənin hərb yolu ilə həllinin mümkünlüyünü sübut etdi.
Gülər Ağayeva- Zərdab rayon Alıcanlı kənd körpələr evi-uşaq bağçasının müdiri
Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir
Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz ideyası dünyada baş verən geosiyasi proseslər fonunda irəli sürülüb. 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə bu layihə həyata vəsiqə alıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda Çin–Qazaxıstan sərhədindən başlayan marşrut Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Orta Dəhliz təkcə Azərbaycanın deyil, regiondakı digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq nəqliyyat layihəsidir. Onun iqtisadi baxımdan səmərəli olması ilə yanaşı, siyasi əhəmiyyəti də az deyil. İndi dünyanın ən iddialı iqtisadi proqramı hesab olunan, Çin və Avropanı inkişaf etmiş yollar, yüksək sürətli dəmir yolu xətləri, elektrik xətləri, limanlar, boru kəmərləri və digər mühüm infrastruktur vasitələri ilə birləşdirməyi hədəfləyən bu layihə 65 ölkəni və dünya üzrə ümumi daxili məhsulun 40 faizini əhatə edir. Dünya Bankının məlumatına görə, hazırda dəhliz boyunca yerləşən 70 ölkədə (Çin istisna olmaqla) “Bir kəmər–bir yol” təşəbbüsü çərçivəsində investisiyalar 575 milyard ABŞ dolları təşkil edir.
`Son zamanlar Orta Dəhliz Şərqlə Qərb arasında etibarlı logistika üçün optimal seçimə çevrilib. Xatırladaq ki, sözügedən marşrut Çin və Avropa arasında üç ticarət dəhlizindən biridir və onun uzunluğu avtomobil və dəmir yolu ilə birlikdə 4256 kilometr, dəniz yolu ilə isə 508 kilometr təşkil edir. Sözügedən dəhlizlə hərəkət edən konteyner bloku qatarı Çindən Avropaya yükləri orta hesabla 20-25 günə çatdırır ki, bu da mühüm logistik üstünlüklərdən hesab olunur. Dəqiqləşdirilmiş hesablamalara görə, Çindən Avropaya gedən yük qatarı Orta Dəhlizi seçərsə, 10 min kilometr deyil, 7 min kilometr məsafə qət etməlidir. Eyni qatar Cənub dəhlizi üzrə göndərilsə, Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometr yol qət edir. Bu da Asiya ilə Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu nümayiş etdirir. Bu baxımdan yaxın illərdə Orta Dəhliz öz imkanları ilə region ölkələrinin koordinasiyalı əməkdaşlığı sayəsində dünya ticarətinin ən mühüm həlqələrindən biri ola bilər.
Dövlətimizin başçısı cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək.
Bu gün Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan üzərindən, yəni, Xəzər dənizi üzərindən gedən yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirib çıxarılır. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb.
Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri