Azərbaycanla Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub
Prezident İlham Əliyevin 2005-ci ildə Pakistana rəsmi səfəri, eləcə də 2017-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açdı, əməkdaşlığın yeni inkişaf istiqamətlərini müəyyənləşdirdi. Həmin Zirvə görüşündəki çıxışında cənab İlham Əliyev bu reallıqları xüsusi qeyd etmişdir ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan bütün dövlətlərlə gözəl münasibətə malik olduğundan Azərbaycan tərəfdaşları ilə istər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə iqtisadi əlaqələrini möhkəmləndirib. İqtisadi Əməkdaşlıq Təşkilatını yalnız Şərq və Qərb, Şimal və Cənub arasında fiziki körpü deyil, müxtəlif sivilizasiyaları və mədəniyyətləri birləşdirən məkan kimi təşviq etməkdə səylərimizi əsirgəməmişik. Ölkələrimizin xalqlarını birgə tarix, mədəniyyət, ənənələr və din birləşdirir. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatını əhəmiyyətli beynəlxalq qurum hesab edir. Belə bir əminlik də ifadə edilmişdir ki, gələcəkdə beynəlxalq iqtisadi əməkdaşlıqda İqtisadi Əməkdaşlıq Təşkilatının rolu artacaq. Artıq o vaxtdan ötən 8 ilin xronologiyasına diqqət yetirsək Azərbaycanın qurumun beynəlxalq nüfuzunun artması istiqamətində böyük səylər göstərdiyini görərik. Azərbaycan və Pakistan bu təşkilat daxilində iqtisadi əlaqələrini daha da inkişaf etdirməkdə maraqlıdır.
Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Uzun illər boyu bu münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə, parlamentlər səviyyəsində inkişaf edərək daha da dərinləşib. Möhkəm təmələ, qarşılıqlı etimada əsaslanan dostluq, qardaşlıq münasibətləri sarsılmazdır və hər iki tərəf bu əməkdaşlığın daha da möhkəmlənməsində, bütün sahələr üzrə inkişafında maraqlıdır.
İki ölkənin münasibətlərinin hazırkı inkişafında möhkəm təməlin rolu inkaredilməzdir. Bu təməlin qurulmasında Ümummilli Lider Heydər Əliyevin rolu danılmazdır. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev müstəqillik yollarında ilk addımlarını atan ölkənin qarşısında dayanan vəzifələrdən bəhs edərkən ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulmasını vacib amil kimi önə çəkmişdi. Azərbaycan hər zaman əməkdaşlığa önəm verir, yerləşdiyi coğrafi məkan yeni körpülərin qurulmasında stimulverici amil rolunu oynayır. Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə dost, qardaş ölkəyə rəsmi səfəri əlaqələrimizin bugünkü və gələcək inkişafında əhəmiyyətli rol oynadı. Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən cənab İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir, ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inama və etimada əsaslanan yüksəksəviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına böyük təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Pakistanla Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında biznes forumlar əhəmiyyətli rol oynayır
Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşdəki çıxışında sözügedən səfərin ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcəyinə, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyimizə əminliyini ifadə edərək onu da vurğuladı ki, bu gün çox geniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza, eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirə etdik. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə artıq öz heyətlərimizə fəal çalışmaq təlimatlarını verdik.
Münasibətlərimiz nəinki xalqlarımız, o cümlədən təmsil etdiyimiz regionlar üçün həqiqətən vacibdir. Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsinin tərəfdaşlığının yaxşı nümunəsidir. Azərbaycan və Pakistan beynəlxalq təsisatlarda hər zaman bir-birini dəstəkləyir, ölkələrimizin ərazi bütövlüyünə, suverenliyinə güclü dəstək verir. Qarşıda çox geniş sərmayə gündəliyi dayanır.
Onu da qeyd edək ki, ölkələr arasında iqtisadi əlaqələrin inkişafında biznes forumlar əhəmiyyətli rol oynayır. Bu baxımdan Azərbaycan-Pakistan Biznes Forumu hər iki ölkənin iqtisadi imkanlarının təqdimatında, əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsində öz sözünü deyəcək. Əsas hədəf iqtisadi tərəfdaşlığımızı siyasi sahədəki səviyyəyə çatdırmaqdır ki, bu, qarşılıqlı siyasi iradənin aydın təzahürünə çevriləcək. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə çıxışında iki ölkənin münasibətlərini “Azərbaycan və Pakistan xalqlarının ürəyi bir döyünür. Mən bunu tam səmimi qəlbdən söyləyirəm. Siz hər zaman Pakistanın böyük dostu olmusunuz. Siz Pakistan xalqını sevirsiniz” sözləri ilə ifadə edərək onu da bildirdi ki, Pakistanın bütün hökumətlərini, ölkəmizin bütün siyasi partiyalarını ortaq məqsəd birləşdirir: bu, bizim Azərbaycanla, Sizinlə və Azərbaycan xalqı ilə olan dostluğumuz və qardaşlığımızdır.
Cənab İlham Əliyev mətbuata bəyanatında səfərin əhəmiyyətini belə xarakterizə etdi ki, bu gün biz güclü qardaşlıq əlaqələrini bir daha vurğuladıq: “Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Hər iki tərəfdən qonaqların artan sayı haqqında bizə məlumat verildi. Dövri əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların sayı artacaq. Cəmiyyətlərimizin nümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq. ” Baş nazir Məhəmməd Şahbaz Şərif isə bəyanatında vurğuladı ki, təkcə bu regionda deyil, bütün dünyada sülh, tərəqqi və çiçəklənmə olmalıdır: “Bizim dostluğumuz, qardaşlığımız Ərəb dənizinin isti sularından Xəzər dənizinə kimi uzanır. Biz birgə səylərimizlə bunu möhkəmləndirəcəyik, gücləndirəcəyik və İnşallah, bu qardaşlıq dünya var olduqca yaşayacaq.”
Qarşılıqlı səfərlər hər zaman əlaqələrimizin inkişafında yeni mərhələnin əsası olub. Səfərlərin tarixinə qısa nəzər salaq. Pakistan Prezidentinin 2015-ci ildə Azərbaycana rəsmi, 2019-cu ildə işgüzar səfərləri və bu ölkənin Baş nazirinin 2016-cı və 2023-cü illərdə rəsmi səfərləri Bakı-İslamabad əlaqələrini daha da möhkəmləndirib, qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına mühüm töhfə olub. 2015-ci ildə Pakistanın o vaxtkı Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük təkan verib.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal