image-qanunla-reklam
image-azerisiq-780x450-1

“Azərişıq” ASC-nin GERİ ADDIMI: Sayğacların sökülməsi hansı niyyətə QULLUQ EDİR? / ŞİKAYƏT

image-lady-day-az

Saytımızda “Azərişıq” ASC əməkdaşları tərəfindən edilən özbaşınalıq və istehlakçıya qarşı göstərilən lüzumsuz münasibət barəsində məqalə dərc edilmişdir. Məqalə ilə buradan tanış ola bilərsiniz.

Məsələnin media orqanları tərəfindən ictimailəşdirilməsindən sonra, mayın 5-də abonentin iştirakı olmadan, hər hansı xəbərdarlıq edilmədən və hüquqi sənəd göstərilmədən “Azərişıq” ASC əməkdaşlarının tapşırığı ilə sökülən sayğac mayın 9-da yenidən bərpa edilmişdir.

Bu barədə KAİM.az-a şikayətçi özü məlumat verib.

Lakin, məsələ ilə bağlı hələ də bir çox vacib problemin həll olunmamağı işin sayğacın quraşdırılması ilə bitmədiyinin əyani sübutudur.

Qeyd edək ki, Xəzər RETSİ-ə müraciət edən abonentə bildirilib ki, sayğac “Azərişıq” ASC-nin texniki şöbəsinin işçiləri olan Asif və Polad “cütlüyü”nün göstərişi ilə sökülüb və onların sözü ilə də yenidən bərpa edilib. Üstəlik, göstəriş sadəcə quru əmr və təkidlər vasitəsilə həyata keçirilib.

Elektrik enerjisinin kəsilməsi və soyuducunun işləməməsi nəticəsində sahibkara dəyən 7000 manat məbləğində ziyanın kim tərəfindən qarşılanacağı da müəmmalı məsələdir.

Şikayətçinin verdiyi məlumata görə, sayğac üzərində uçot bərpa edilməyib və yeni möhür vurulmayıb. Nəticə də, aparatın düzgün işləyib-işləməməsi də, hələ ki, “elmə məlum deyil”. Bu barədə narahatlığını dilə gətirən abonent həmin prosesin vətəndaşa qarşı hesablanmış maxinasiya ola biləcəyini düşünür.

Məsələ ilə bağlı hüquqşünas Vüqar Dadaşovun açıqlamasına görə, şikayətçi tərəf məhkəməyə müraciət edərək, hüququnu tam bərpa edə bilər. Çünki, qurumun sərgilədiyi mövqe tamamilə qanunsuzdur.

“Mövcud müqavilə əsasında abonentin elektrik enerjisindən istifadənin məhdudlaşdırılması, daha doğrusu, elektrik enerjisi təchizatı idarəsi tərəfindən kəsilməsi və ya sayğacın sökülməsi məsələsinə, hər bir halda yaranmış enerji sərfiyyatına görə abonent rəsmi qaydada məlumatlandırılmalı, yəni vətəndaşa rəsmi qaydada bildiriş və xəbərdarlıq verilməli və yaranmış borcun ödənməsinə görə 1 ay müddətə vaxt verilməlidir.

Əgər abonent bir 1 ay müddətinə yaranmış borcu ödəməzsə, nəzarətçi müəssisə bildirişdə və xəbərdarlıqda göstərilən müddət bitdikdən sonra elektrik enerjisinin verilməsini dayandıra bilər.

O ki, qaldı işıq sayğacının sökülməsi məsələsinə – elektrik enerjisinin təhcizatı ilə bağlı müqavilənin qüvvədə olduğu dövrdə sayğacın bir tərəfli qaydada sökülməsi istehlakçının hüququnun pozulmasıdır. Əgər nəzarətçi müəssisə həmin xidməti müqavilənin qüvvədə olduğu dövrdə sayğacı sökübsə, abonent məhkəməyə müraciət etməklə hüququnun bərpa edilməsini, dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edə bilər.”- deyə hüquqşünas Vüqar Dadaşov bildirib.

Beləliklə, dövlət qanunlarının “daşını atan” məmurlar öz qanunlarını dövriyyəyə salaraq daha ağır bir daşın altına giriblər. Özlərinin yaxın zamanda əziləcəyi gerçəyi azmış kimi, bu daşın altına sadə vətəndaşları da çəkən qurum bir çox abonentin rəsmi hüquqlarını heçə sayır.

Prezident İlham Əliyevin xeyirxah maddi və mənəvi dəstəyi vasitəsilə dolanışıqlarına çarə qılan kiçik sahibkarların işinə müdaxilə edən qurum qurmaqla yox, yıxmaqla məşğuldur.

Yaxın zamanlarda İlham Əliyevin xüsusi bacarıqla həyata keçirdiyi yeni islahatlar fonunda bu və bu kimi digər qurumların tənbeh edilməsinin, qurum daxilində düzgün idarəetmə strukturunun yaradılmasının şahidi olacağımıza inanırıq.

KAİM.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki