Füzuli və Zəngilanın mina xəritələri qarşılığında 15 erməni hərbçinin qaytarılması məsələsində müzakirəyə səbəb olan iki məqam var:
– Erməni diversantlara niyə çox yox, 6 ay həbs cəzası verildi?
– Məhkəmədə hökm oxunan ermənilər niyə qaytarıldı?
Əslində məsələnin mahiyyəti 6 aylıq cəzada, daha doğrusu, saxlanılanların bir çoxunun cəza müddətinin geri qayıtmamışdan öncə məhz Bakıda başa çatmasındadır. Hərçənd, öncə rəsmi Bakının müharibədən sonra saxlanılan erməni diversantlar üzərindən nail olmaq istədiyi hədəflərə baxmaq lazımdır.
Birinci hədəf: Qarabağın Azərbaycan torpağı olduğunu, sərhədlərimiz daxilində istənilən cinayətin Azərbaycan qanunları ilə cəzalandırıldığını Ermənistana, erməni cəmiyyətinə və beynəlxalq ictimaiyyətə sübut etmək idi. Buna qismən də olsa nail olunub və proses davam etdirilir.
İkinci hədəf: erməni hərbçiləri Qarabağa hərbi xidmətə getməkdən çəkindirmək, Ermənistan hakimiyyətinin qərarına daxildən təsir etmək idi. Buna tam nail olundu.
– erməni hərbçilərin ailələri övladlarının, yaxud yaxınlarının Qarabağdan geri qaytarılması tələbi ilə çıxış etdilər, bu tələb indi də davam edir;
– erməni ailələr övladlarının, yaxud yaxınlarının Qarabağa hərbi xidmətə göndərilməsinə etiraz etdilər;
– müharibədən sonra Ermənistandan Qarabağa hərbi çağırışçı göndərilməyib;
Bu, məhz erməni diversantların saxlanılmasından sonra gerçəkləşdi.
Üçüncü hədəf: erməni diversantlardan Ermənistanın daxili siyasətinə təsir göstərmək və mina xəritələri ilə “barter” etmək idi. Bu istiqamətdə konkret nəticələr var: Ağdam, Füzuli və Zəngilanın mina xəritələri alındı.
Geri qaytarılan erməni diversantlar arasında Bakıda məhkəmə hökmü ilə 6 aylıq həbs cəzasına məhkum edilənlər var və onların cəza müddəti istintaq dövründə başa çatmış hesab olunur. Görünür, erməni diversantların növbəti dəfə mina xəritələri ilə “barter” edilməsi danışıqları aparılıb və Bakı “barter”dən öcə iki gediş etdi:
1. Erməni diversantları Bakıda məhkəmə önünə çıxardı və hökm oxundu. Cəzalandırılmadan qaytarılması bu ermənilərin rəsmi İrəvanın iddia etdiyi kimi “hərbi əsir” olduğunu qəbul etmək, o cümlədən, müharibədən sonra Qarabağda baş verənlərin Azərbaycanın daxili işi olduğu prinsipinə zidd olardı.
2. Erməni diversantların bir çoxuna 6 aylıq həbs cəzası verilməsi cəzalarının Bakıda başa çatması məqsədi daşıyırdı. Çünki 10 il, yaxud daha çox həbs cəzası verib İrəvana göndərmək olardı, lakin onlar Ermənistana çatan kimi azad olunacaq və qəhrəmanlaşdırılacaqdı. Bakı Ermənistan hakimiyyətinə bu imkanı vermədi.
Və bu gedişlərin nəticəsini belə sıralamaq olar:
– erməni hərbçilərə Bakıda hökm oxumaqla onların “hərbi əsir” yox, diversant olduğu göstərildi;
– yüngül cəza ilə Azərbaycanın məqsədinin ermənilərin iddia etdiyi kimi “qisas” almaq yox, sərhədləri daxilində dövlət təhlükəsizliyini təmin edilməsi olduğu nümayiş etdirildi və bununla presedent də yaradıldı;
– və təbii ki, erməni diversantlardan profillərinə uyğun istifadə olundu: mina xəritələri əldə edildi;
Prosesin davam edəcəyi və digərlərindən də profillərinə uyğun istifadə ediləcəyi gözləniləndir.