Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını müzakirə etməyə ehtiyac var.
Ölkə başçısı İlham Əliyevin sədrliyi ilə yanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə qeyd edilib ki, son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edilib, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni yollar salınıb. Lakin buna baxmayaraq Bakı şəhərində yenə də tıxaclar müşahidə olunur, onların sayı ildən-ilə artır. Məlumdur ki, tıxacların artmasının təbii səbəbləri vardır. Bu ilk növbədə ölkə və Bakı şəhərinin əhalisinin ildən-ilə artması ilə əlaqəlidir. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb. Təbii artımla bağlı nəqliyyat sahəsində yaranan problemlər isə öz növbəsində paytaxtda böyük tıxacların yaranmasına səbəb olan amillərdən biridir. Vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metronun imkanları bu gün tam şəkildə vəzifələrin öhdəsindən gələ bilmir. Vurğulanıb ki, 2008-ci ildən bu günə qədər metronun yeddi yeni stansiyası tikilib və qəbul ediləcək Dövlət Proqramında yeni 10 metro stansiyasının tikintisi nəzərdə tutulur. 266 yeni nəsil metro vaqonu alınıb və bu proses davam etdirilir. Ötən il keçirilən COP29 tədbirləri ərəfəsində insanların narahatlığını nəzərə alınaraq Bakıya 161 yeni elektrik avtobusu gətirilib və yaxın gələcəkdə Bakı sakinləri bunun xeyrini görəcəklər. Çünki havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə böyük nəqliyyat vasitələridir. Bu ildən başlayaraq ilin sonunda elektrobusların yığımı, ondan sonra lokalizasiyanın artımı işləri də başlanacaq. Son illər ərzində Bakıda Gəmiqayırma zavodu da inşa edilib və bu gün tam gücü ilə fəaliyyət göstərir. Hazırda orada altı müxtəlifölçülü gəmi inşa edilir. Paralel olaraq, Qara dənizdəki fəaliyyət yeni səviyyəyə qaldırılıb, vaxtilə Azərbaycanın Xəzər Gəmiçiliyinə mənsub olan kiçikhəcmli gəmilərin əvəzinə burada yükgötürmə qabiliyyəti 100 min ton olan “Aframax” tipli dörd böyük tanker işləyir, bu da ölkəmizə həm xeyir gətirir, həm də imkanlarımazı genişləndirir. Müşavirədə son illərin vacib layihələrdən biri olan yeni Dəniz Ticarət Limanının inşasına da toxunulub. Köhnə liman şəhər mərkəzindən çıxarıldı və indi həmin ərazidə abadlıq işləri aparılacaq, istirahət zonaları, müxtəlif obyektlər inşa ediləcək. Beləliklə, bu zona şəhərimizin ümumi inkişafına əlavə töhfə verəcək və vətəndaşlar da bundan faydalanacaqlar. Hazırda Ağ Şəhər bulvarına bitişik olan bu istiqamətdə master-plan hazırlanır. Prezident cənab İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Bakı şəhərində nəqliyyatın gələcək inkişaf məsələlərinə xüsusi olaraq toxunaraq bildirib: “Bakı şəhərinə və onun ətrafında yerləşən ərazilərə, burada yenə də deyirəm, yeni dövlət proqramının qəbul edilməsi zəruridir. Bu, çox böyük proqram olacaq, böyük maliyyə tutumlu proqram olacaq. Bütün aidiyyəti qurumların birgə fəaliyyətini və səmərəli işlərini tələb edən proqram olacaq. Ona görə mən bugünkü müşavirəni çağırmışam ki, bu məsələləri biz müzakirə edək və bizə təqdimat edilsin, ictimaiyyət də bilsin ki, nələr gözlənilir, hansı illərdə hansı işlər görülsün. Eyni zamanda, ictimaiyyət nümayəndələri də müvafiq dövlət orqanlarına – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə öz tövsiyələrini verə bilərlər. Bəlkə biz nəyi isə bu proqrama salmamışıq. Yəni, yerlərdən də gələn təkliflər nəzərə alınacaqdır”.
İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva.