image-qanunla-reklam
image-cop2111

Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsi hədəfi seçilib

image-lady-day-az

Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsi hədəfi seçilib.

“Yaşıl enerji” ilə bağlı layihələr və bərpaolunan enerjinin dünya bazarına nəqli dövlətimizin enerji siyasətində prioritet sahələrdən biridir. Bu cür yüksəksəviyyəli tədbirlər imkan verir ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı yaratdığı reallıq təhrif edilmədən bir daha dünya ictimaiyyətinə çatdırılsın və geosiyasi maraqlarından asılı olmayaraq, hər kəs görsün ki, dövlətimizin bərpa etdiyi tarixi ədalətin təməlində beynəlxalq hüququn aliliyi dayanır. Bəşəriyyət iqlim dəyişmələri, təbiətin məhvi, havanın, suyun və torpağın çirkləndirilməsi ilə qarşı-qarşıyadır. Bu ekoloji fəlakətlərin qarşısını almaq və “yaşıl enerji”yə keçidi təmin etmək üçün dünya dövlətləri 12 gün Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal şəkildə iştirak etdilər. Konfransda ekoloji fəlakətlərin qarşısını almaq üçün gələcək addımlar, yeni hədəf və mexanizmlər müəyyənləşdirildi, mühüm qərarlar qəbul edildi. Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə paylaşımında qeyd edildiyi kimi “Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək.Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq” .Əvvəlki COP sammitlərində yaşanan uğursuzluqları, icra olunmayan sazişləri nəzərə alaraq rəsmi Bakı COP29-a ən yüksək səviyyədə hazırlaşdı, bütün tərəflərin maraqlarını nəzərə alan 14 təşəbbüs irəli sürdü. Bu konsensuslar arasında qazıntı yanacağı hasil edən ölkə və şirkətlərin könüllü ianələri ilə kapitallaşdırılan və inkişaf etməkdə olan ölkələrdə təbii fəlakətlərin nəticələrini qısa zamanda aradan qaldırmaq məqsədilə yüksək güzəştli və qrant əsaslı maliyyələşdirmə üçün xüsusi imkanlara malik olacaq İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (CFAF) yaradılması əsas yer tutur. Bundan başqa, Bakı Təşəbbüsü (BICFIT) “yaşıl enerji”yə sərmayəni təşviq edəcək önəmli platformadır. Rəsmi Bakı COP29-a konkret iqlim gündəliyi təqdim edərək iqlim maliyyələşməsi, qlobal istiliyin fəsadlarından daha çox əziyyət çəkən kiçik ada dövlətləri və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin yol xəritəsini nümayiş etdirdi, dövlət və beynəlxalq institutlarla yanaşı, özəl sektorun maliyyə mənbələrinin də iqlim dəyişmələri ilə mübarizəyə cəlb olunması və həmin vəsaitlərin kasıb ölkələrə daha güzəştli şərtlərlə təqdim olunması təklifini irəli sürdü. Eyni zamanda Bakı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında bütün spektrlər üzrə uğurlu nəticələrin əldə olunması, Paris İqlim Sazişinin bünövrəsi üzərində dünya birliyinin iqlim dəyişmələri və “yaşıl enerji”yə keçidlə bağlı daha aydın və effektiv tədbirlərin reallaşması üçün təşəbbüs göstərdi. Bakı Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyur. Buraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxildir.Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. Bu, COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin nəticəsidir. Burada az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi diqqət yetirilir. Bu sənəddə əlçatanlıq və şəffaflıq haqqında müddəalar da əksini tapıb.

İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəliyeva.

 

 

İki həftəlik müddət ərzində mühüm irəliləyişlər əldə edilib.

COP29 çərçivəsində keçirilmiş müzakirələrin hesabatları və iclasların protokolları, həmçinin razılaşdırılmış sənədlər təsdiqləndi. Bu mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan edilməsi barədə qətnamə qəbul olundu. Yeri gəlmişkən qeyd edək ki, COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir. COP29-un noyabrın 23-də keçirilən bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi də  tam təsdiqini tapıb. Şübhəsiz, bu, yüksək inteqrasiya olunmuş karbon bazarları üzrə danışıqların onillik müddətdən sonra başa çatmasıdır. Hansı ki, bu məsələ COP29 Sədrliyinin əsas prioritetlərindən biri idi.  Qeyd edək ki, 6-cı  maddə iqlimlə bağlı hədəflərə çatmaq məqsədilə əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarları təmin edir. Bu transsərhəd əməkdaşlıq sayəsində ölkələrin milli iqlim planlarının (NDCs) həyata keçirilməsi xərclərini ildə 250 milyard dollara qədər azaldacağı gözlənilir. İqlim diplomatiyasında ən mürəkkəb və texniki problemlərdən birinin həlli sayılan 6-cı maddə üzrə razılıq kömür zavodlarının istismardan çıxarılması, külək stansiyalarının qurulması və meşələrın salınmasını əhatə edir. Mütəxəssislərin fikrincə, bu, inkişaf etməkdə olan dünyada yeni investisiya dalğası deməkdir.  COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksək səviyyəli Bakı dialoqu təşkil ediləcək. COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul olundu. Qeyd edək ki, Proqramın qəbulu üzrə danışıqlar uzun müddətdir ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu. Bütün bunları analiz edəndə açıq-aydın görünür ki, COP29 məqsədlərinə çatıb, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün, əgər belə demək mümkünsə, müsbət presedent yaradıb. Mütəxəssislərin fikrincə, Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi də sayıla bilər. Elə buna görə də BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında bildirilib ki, COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır. Şübhəsiz, COP29-un yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər ölkəmizin liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi.

Şıxbağı kənd tam orta məktəbinin direktoru-Sabir Əhmədov.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki