Ötən gecə Bakı şəhəri, Nizami rayonu,Əlif Hacıyev küçəsi, 19 ünvanında yerləşən binada yanğınla nəticələnən partlayışla bağlı təhqiqat aparılır.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və digər mənzillərə keçməsinə imkan verilməyib.
Partlayışın təsirindən ümumi sahəsi 36 kvadratmetr olan ikiotaqlı mənzilin bir otağının arakəsmə divarı və eyvanı dağılıb, yanğın nəticəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 13 kvadratmetr sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Hadisə zamanı mənzildə kirayəçi yaşayan 2001-ci il təvəllüdlü Əliyev Toğrul Əfqan oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.