İş adamı Vaqif Baxşəli oğlu Hacıyevin Binəqədi rayonu, Fatmayı Bağlar massivindəki evində özünü asaraq intihar etməsi ilə bağlı bəzi faktlar üzə çıxıb.
Qanunla.az-ın məlumatına görə, 6 yanvar 2021-ci il tarixdə V.Hacıyevin intihar etməsindən bir neçə gün əvvəl sahibi olduğu şirkətdə sahə rəisi işləyən 1972-ci il təvəllüdlü Sübhi Əliyevdən hüquq-mühafizə orqanlarına şikayət etməsi məlum olub.
Aparılan araşdırmalarla izolyasiya materialları biznesi ilə məşğul olan sahibkarı intihara məhz öz işçisinin məcbur etməsi üzə çıxıb. Bundan sonra Sübhi barəsində Cinayət Məcəlləsinin 125, 178 və 182-ci (özünü öldürmə həddinə çatdırma, dələduzluq, hədə-qorxu ilə tələb etmə) maddələri ilə iş açılıb.
Məlum olub ki, Vaqif Hacıyev tikinti sahəsində tanınmış iş adamı olub. O, bir neçə il əvvəl Ceyranbatan qəsəbəsində tanışından iki ev alıbmış. Lakin ev sahibinin oğlu olan Mahir (şərti) adlı şəxs həmin mənzilləri sonradan öz adına keçirdiyindən Vaqif Hacıyevin verdiyi pullar batıb və onun Mahirlə problemləri yaranıb. Bunu öyrənən Sübhi işlədiyi şirkətin rəhbərinə Mahiri cəzalandırmağı, onun həbsini təşkil etməyi təklif edib. O, əvvəllər bir neçə ay həbsxanada olduğunu və bir neçə tanışı vasitəsilə Mahirin avtomobilinə narkotik yerləşdirib sonra polisə məlumat verəcəyini və həmin şəxsin həbsinə nail olacağını deyib. Vaqif Hacıyev bu təkliflə razılaşıb və bu işə görə Sübhinin tələb etdiyi 17 min manatı verib.
Bundan sonra Sübhi Vaqif Hacıyevə Mahirin bu işdə onun əlinin olduğunu öyrəndiyini, həmçinin işə qoşduğu şəxslərin ələ keçmək riskinin olduğunu bildirərək pul tələb etməyə başlayıb. Sübhi həmin pulları qarşı tərəfə Vaqif Hacıyevin adının verilməməsi, işin hüquq-mühafizə orqanlarında ört basdır edilməsi adı ilə almağa başlayıb. V.Hacıyevin cinayət məsuliyyətinə cəlb olunacağına dair yalanlar söyləyən, onun barəsində müxtəlif rüsvayedici məlumatlar yaymaqla həqiqətən cinayət məsuliyyətinə cəlb olunacağına inam yaradan Sübhi uzun müddət ərzində mütəmadi olaraq onu aldatmaqla və hədə-qorxu gələrək özünün psixoloji təsiri altına salıb özündən tam asılı vəziyyətə gətirməklə, ümumilikdə 646.195 manat məbləğində pulunu ələ keçirib. Nəticədə V.Hacıyevdə stress, həyəcan, təşviş, gərginlik səviyyəsinin artaraq reaktiv depressiv hal yaranıb. 2 yanvar 2021-ci il tarixdə isə Sübhi növbəti dəfə Vaqif Hacıyevin Nəsimi rayonundakı ofisindən pul alıb çıxarkən tutulub. Bundan sonra Vaqif Hacıyev özünün də rüsvay olacağını düşünərək 6 yanvar 2021-ci il tarixdə saat 12 radələrində bağ evində özünü asaraq intihar edib.
Sübhi barəsindəki cinayət işi üzrə məhkəmə prosesi bu il iyunun 14-də başa çatıb. Məhkəmədə mərhum Vaqif Hacıyevin intihardan bir neçə gün əvvəl verdiyi ifadələr, həmçinin təqsirləndirilən şəxsin ifadələri elan edilib. Bundan başqa şahid ifadələri və digər sübutlar dəyəndirilib.
Məhkəmənin hökmü ilə iş adamını intihara sövq edən, ona qarşı dələduzluq etmiş və hədə-qorxu yolu ilə 650 min manata yaxın pul almış şəxsə 15 il həbs cəzası verilib.