image-qanunla-reklam
image-davaa

Bakıda kürəkənlə qayınata arasında qanlı DAVA

image-lady-day-az

Bakının Xətai rayonunda 1991-ci il təvəllüdlü Arzu şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qayınatası Ələddinə bıçaqla xəsarət yetirib.

Qanunla.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 8-də baş verib. Arzu qayınatası Ələddin ilə aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyyələrinə ümumən 5 dəfə zərbələr vurub.

Hadisəni törədən Arzunun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Arzu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, 2020-ci ildə tanışı Vüsalə ilə ailə həyatı qurub: 

“İlk vaxtlar Vüsalənin ailə üzvləri ilə münasibətlərim normal oldu. Sonradan qayınatam Ələddin ilə münasibətlərim soyudu. Mütəmadi olaraq aramızda söz-söhbətləri oldu. Ələddin hər dəfə mənim ailəmi dağıdacağı ilə hədələdi. Bir neçə dəfə həyat yoldaşım Vüsaləyə mənim barəmdə həqiqətə uyğun olmayan məlumatlar verdi, Vüsaləni öz evlərinə apardı. Hər dəfə Ələddinin yaşadığı ünvana getdim və sonuncu ilə mübahisə edərək, həyat yoldaşım Vüsaləni yaşadığım evimizə apardım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-ci ilin ortalarında qayınatası Ələddinin öz adına “Access Bank”dan 10.000 manat məbləğdə kredit götürüb, 2.000 manatını özündə saxlayıb, qalan 8.000 manat pulu ona verib: 

“Mən də həmin pulun bir hissəsini öz işlərimə, eyni zamanda Ələddinə məxsus və işlətməyə mənə verdiyi ərzaq mağazasının ticarət dövriyyəsini genişləndirməyə sərf etdim.

Kreditin ödənilməsində hərdən 1-2 gün gecikmələr oldu. Bank işçiəri zəng edərək bu barədə qaynatama bildirdi. Qaynatam da mənə dedikdən sonra krediti ödəmişəm. Ailəmizdə söz-söhbətlərin yaranmasının əsas səbəbi mənimlə və arvadım Vüsalə ilə bir evdə yaşayan əqli zəifliyi, pozuntusu olan yaşlı anamı Vüsalə ilə yola getməməsi, anamın bir neçə dəfə Vüsaləni vurmasını bilən qayınatam Ələddinin gələrək Vüsaləni öz evlərinə aparması olub”.

Arzunun ifadəsinə görə, 7 iyul 2022-ci ildə, axşam saat 18 radələrində işdən çıxaraq, yaşadığı ünvana gedib: 

“Vüsalənin evdə olmadığını gördüm və onunla mobil telefon əlaqəsi yaratdıqdan sonra məlum oldu ki, qayınatam Ələddin Vüsaləni aparıb. Ələddinə zəng etdim, Vüsaləni öz evinə aparmasını haqlı olaraq irad kimi bildirdim. Ələddin isə telefon danışığı zamanı mənə qarşı nalayiq ifadələr işlətdi, yaxşı elədiyini və ailəmi qəsdən elə açığıma dağıtmaq işədiyini bildirdi. Mən isə yoldaşım Vüsalənin 8 aylıq hamilə olduğunu və bunu da Ələddinin bildiyini dedikdən sonra, Ələddin uşağımı atasız böyüdəcəyini bildirdi. Mən isə Ələddənin bu sözlərinə qəzəbləndim”.

Arzu qeyd edib ki, iyulun 8-də, saat 9.00-da yaşadığı ünvandan çıxaraq avtomobilinə əyləşib və Ələddinin yaşadığı ünvana yaxın mağazadan 2 manata 1 ədəd mətbəx bıçağı alıb: 

“Bir neçə dəqiqə keçdikdən sonra  təxminən saat 10.00-da Ələddinin evinin yanında avtomobilini park etdikdən sonra mağazadan aldığım bıçağı özüm ilə götürdüm. Daha sonra Ələddinin evinin qarşısına yaxınlaşaraq mobil telefon vasitəsi ilə Ələddinə evin qarşısında gözlədiyimi dedim. Bir neçə dəqiqə keçdikdən sonra Ələddin gəldi.

Ələddinin nə üçün ailəmi dağıtmaq istədiyini, gələcəkdə dünyaya gələcək övladımın atasız qoymaq istəməsini soruşdum. Lakin Ələddin məni təhqir etdi. Həmin an əsəblərimi cilovlaya bilmədim. Cibimdə olan bıçağı çıxardaraq Ələddinin bədənin müxtəlif nahiyələrinə vurdum. Bu zaman Ələddin əlimdən qaçmaq istəyərkən yerə yıxıldı. Yenidən yaxınlaşaraq yerdə uzanıqlı vəziyyətdə olan Ələddinə bir bıçaq zərbəsi daha vurdm. Daha sonra isə qaçaraq avtomobilimə əyləşdim, Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə gedərək könüllü təslim oldum”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Arzunun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Ona 2 il sınaq müddəti olmaqla 2 il 1 ay 26 gün müddətinə şərti cəza təyin edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki