Bakının Qaradağ rayonunda 1995-ci il təvəllüdlü Musa Vaqifə (adlar şərti verilib – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 3-də rayonun Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən “Kolizey” kafesinin qarşısında baş verib.
Musa aralarında yaranmış mübahisəni cüzi səbəb kimi bəhanə edərək Vaqifi qəsdən vuraraq ona xəsarətlər yetirib.
Bundan başqa, Musa Vaqifin idarə etdiyi “Azsamand” markalı avtomobilin sağ qabaq şüşəsini qəsdən yumruqla sındırıb. Ona 60 manat məbləğində maddi ziyan vurub.
Hadisəni törədən Musanın barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Musa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O bildirib ki, martın 3-də, axşam saatlarında Lökbatan qəsəbəsində yerləşən “Kolizey” çay evində Samirə və Vəfa adlı xanımlarla çay içiblər:
“Orada olduğum müddət ərzində heç bir dava-dalaş görmədim. Təxminən 5 gün sonra Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə çağırıldım. Polis bölməsində məndən baş vermiş münaqişə barədə soruşdular. Lakin heç bir dava-dalaş olmadığını, ümumiyyətlə, belə bir hadisəni görmədiyimi dedim. Polis bölməsində məndən şikayət edən şəxsi gördüm. Lakin onu daha əvvəllər görmədiyimi, ona qarşı heç bir fiziki zorakılıq göstərmədiyimi bildirdim”.
Təqsirlənmdirilən şəxs qeyd edib ki, özü “Azsamand” markalı nəqliyyat vasitələrini taksi kimi fəaliyyət göstərməsi ilə əlaqədar icarəyə verdiyi halda, başqa şəxsin taksi xidmətindən istifadəsi ilə bağlı müraciət etməsi həqiqəti əks etdirmir.
İş üzrə zərərçəkmiş Vaqifin sözlərinə görə, martın 3-də, axşam saatlarında müştəri gətirib və Lökbatan qəsəbəsində yerləşən “Kolizey” çay evinin qarşısında düşürüb:
“Həmin vaxt bir neçə oğlan mənə yaxınlaşdı. İdarə etdiyim nəqliyyat vasitəsinə 5 manat miqdarında yanacaq dolduraraq onları Hökməli qəsəbəsinə aparmağımı istədilər. İdarə etdiyim nəqliyyat vasitəsinin nasaz olduğunu bildirədim. Onları aparmaqdan imtina etdim. Həmin şəxslərdən biri, hazırda təqsirləndirilən Musa avtomobilim nasaz olduğu halda nə üçün idarə etdiyimi söylədi, mənə irad bildirdi. Həmin şəxslərə işləmək istəmədiyimi, evə getdiyimi bildirdim. Mənim ünvanıma nalayiq ifadələr işlətdilər. Məni təhqir etmələrinə öz narazılığımı bildirdim. Biri təqsirləndirilən şəxs olmaqla 4 nəfər üzərimə hücum çəkdiləır. Məni onu döyüb, sifət nahiyəmdən zərbələr vurdular.
Həmçinin, idarə etdiyim nəqliyyat vasitəsini yararsız hala salmaqla zərər vurdular. Mən idarə etdiyim nəqliyyat vasitəsinə geri əyləşərək, həmin şəxslərdən canımı qurtardım və yaxınlıqda olan polis bölməsinə getdim. Orada ərizə yazaraq baş verən hadisə barədə məlumat verdim. Polis bölməsində həmin şəxslərin vizual görünüşünü təsvir edərkən polis əməkdaşları həmin şəxslərdən birinin polis bölməsinin yaxınlığında olan restoran sahibinin oğlu Musa olması qənaətinə gəldilər. Hadisədən bir neçə gün sonra polis bölməsində olarkən təqsirləndirilən şəxsi mənə təqdim olundu. Mənə xəsarət yetirmiş şəxslərdən birinin o, olduğunu təsdiqlədim”.
Qaradağ rayon Məhkəməsinin hökmü ilə Musa 1 il 5 ay 26 gün müddətə islah işləri cəzasına məhkum edilib.