image-qanunla-reklam
image-16247001485923035157_1000x669

Bakının Ermənistana verdiyi vaxt bitib: İrəvan əl-ayağa düşüb – TƏHLİL

image-lady-day-az

Azərbaycan Ermənistandakı seçkiləri nəzərə aldığından sərhədlərin müəyyənləşdirilməsi prosesi bir qədər təxirə salınmışdı. Bu, həm də Azərbaycanın Ermənistana vaxt və şans tanıması idi.

Söhbət ondan gedir ki, Azərbaycan Ermənistandakı parlament seçkiləri öncəsi həssas siyasi vəziyyətə görə sərhədlərin müəyyənləşməsi və Zəngəzur dəhlizinin reallaşması məsələsində prinsipial gözləmə mövqeyini seçmişdi.

İndi isə “Azərbaycanın Ermənistan üçün qoyduğu müddət başa çatır” desək yanılmarıq.

Çünki Ermənistanda parlament seçkiləri də keçirildi, Nikol Paşinyan qalib oldu, indi İrəvan Bakının diktələri ilə hərəkət etməyə məcburdur.

Görünür vəziyyət o qədər təcili və təxirəsalınmaz xarakter alıb ki, hələ yeni hökumət formalaşmamış İrəvan dərhal təmaslara keçib.

Prezident İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında hərbçilər önündə çıxış edərkən Bakının qətiyyətli tezisini bir daha təkrarladı, bu, seçkisonrası Ermənistan hökumətinə bir daha aydın mesaj idi.

İlham Əliyev dedi ki, Ermənistan normal münasibət qurmaq istəyirsə, Dağlıq Qarabağ sözündən imtina etməlidir.

Prezidentin bəyanatı İrəvanla yanaşı, Rusiyaya da, Fransaya da, ABŞ-a da ismarıcdır, axı İrəvanla yanaşı Moskva, Paris və Vaşinqton da tez-tez eyni, arxaik frazaya müraciət edir.

İlham Əliyev dəfələrlə münaqişənin bitdiyini deyir, Moskvadan gələn bəzi ikibaşlı bəyanatlar isə situasiyanı mürəkkəbləşdirmək cəhdlərinə xidmət edir.

Moskvanın bu həmləsi başadüşüləndir, Rusiya həmişə regionda hərbi dayaqlarını bərkitmək üçün müxtəlif vasitələrə əl atıb, diplomatik tonun ahəngi də buna hesablanıb.

Bununla belə, Azərbaycanın diplomatiya mexanizmini elə qurub ki, aşırı dominantlıq cəhdləri neytrallaşır, Bakının Ankara ilə gücləndirilmiş “iş rejiminə” keçməsi də burada mühüm rol oynayır.

İrəvanın təmaslarına gəlincə, ilk addım Rusiyadan yardım dilənməyə yönəlib, lakin burada Ermənistanın blef etdiyini də görmək lazımdır.

Ermənistan Azərbaycanla sərhədlərin müəyyənləşdirdiyi ərazilərə Rusiya qoşunlarının yerləşdirilməsi imkanlarını nəzərdən keçirir, blefə gəlincə, bunu izah etməyə çalışaq.

Birinci məqam: Onsuz da bu zamana qədər Ermənistanın sərhədlərini Rusiya qoruyurdu, indi Azərbaycanla sərhədlərin delimitasiyası zamanı və ya bundan sonra Rusiya hərbçilərinin ora gəlişində təəccüblü bir şey yoxdur.

İkinci məqam: Ermənistan hakimiyyəti özünü elə göstərir ki, guya ölkəsinin sərhədlərini qoruyur, halbuki bu, Rusiyadan asılılıqları artırır.

Üçüncü məqam: Bundan əvvəl Ermənistan Rusiya sülhməramlılarının əraziyə gəlişi üçün Moskva üçün xoşagələn fikir səsləndirmişdi.

Əgər sülhməramlılar sərhədə gələcəksə, bu zaman belə qənaətə gəlmək olar ki, sərhədlərin müəyyənləşməsi zamanı münaqişələr olmayacaq. Bu isə Azərbaycanın xeyrinə sürətli keçidi təmin edən amildir.

Niyə belə deyirik? Axı sərhədlərin müəyyənləşməsini Rusiya da dəstəkləyir, təsadüfi deyil ki, Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlamalarının birində ölkəsinin təşəbbüsü dəstəklədiyini demişdi. Zəngəzur dəhlizinin reallaşması isə sərhədlərin müəyyənləşməsindən keçir, Moskva özü də yeni iqtisadi açılımlarda maraqlıdır.

Dördüncü məqam: Hələ sərhədlər müəyyənləşməyə yeni başlayanda Gümrüdəki 102-ci bazanın bir qisim şəxsi heyəti Sünikə (Zənzəgur) yerləşdirilmişdi və Azərbaycan bundan sonra prosesi sürətlə həyata keçirə bildi.

Bəs bunlardan hansı nəticələri çıxara bilərik?

1. İlham Əliyev sərhədlərin müəyyənləşməsinin sürətlə həyata keçirilməsi məsələsini Moskvaya və İrəvana çatdırıb, ona görə də Ermənistan tərəfi əl-ayağa düşüb,  

2. Bu gün artıq Ermənistanda Qarabağdan danışan yoxdur, diqqət öz ərazilərinin hayına qalmağa yönəlib. İlham Əliyevin də Dağlıq Qarabağla bağlı xatırlatması bir daha Ermənistana verilən ultimatumdur,

3. Rusiya hərbçilərinin sərhədə gəlməsi sərhədlərin müəyyənləşməsinin qarşısını almayacaq. Rusiya hərbçilərinin sərhədə gəlişi Ermənistana qulaqburmasıdır, hədəf ona hesablanıb ki, İrəvan sərhədlərin delimitasiya və demarkasiyasında problemlər yaratmasın.

4. Sərhəd mübahisələrinin tez bir zamanda həlli əhəmiyyətli dərəcədə vacibdir, çünki sülh sazişinə hazırlıq prosesləri gedir. Sülh sazişi isə Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı tanınmasında vacib komponentdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki