Nazirlər Kabineti “Hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib.
Qanunla.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Hökmran mövqedən sui-istifadə edən təsərrüfat subyektləri barələrində rəqabət komissiyasının iş qaldırılması ilə bağlı qərarının işin tərəflərinə təqdim edilməsindən etibarən 30 (otuz) gün ərzində öz hərəkətlərinin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı rəqabət komissiyasına vəsatət verə bilərlər. Bu Qaydaların n tələbi pozulduğu hallarda hökmran mövqedən sui-istifadə edən təsərrüfat subyektlərinin öz hərəkətlərinin obyektiv zəruriliyinin qiymətləndirilməsi ilə bağlı vəsatətin qəbul edilməsi yalnız rəqabət komissiyasının müvafiq qərarı ilə həyata keçirilə bilər.
Hökmran mövqedən sui-istifadənin qiymətləndirilməsi nəticəsinə uyğun olaraq rəqabət komissiyası obyektiv zərurilik və səmərəliliklə bağlı hökmran mövqedə olan təsərrüfat subyektlərinin əsaslandırmasını qənaətbəxş hesab etmək və ya etməmək barədə qərar qəbul edir. Hökmran mövqedə olan təsərrüfat subyekti tərəfindən hökmran mövqenin sui-istifadəsinin obyektiv zəruriliyinin və səmərəliliyinin qəbul edilməsi üçün rəqabət komissiyasına vəsatət təqdim edilərkən, vəsatətdə sui-istifadə hərəkətlərinin iqtisadi mahiyyəti, predmeti, məqsədi, texniki və iqtisadi xüsusiyyətləri, əlaqəli olduğu məhsulların əhatə dairəsi, tətbiq edildiyi coğrafi ərazi, başlandığı tarix göstərilməlidir. Vəsatətə təsərrüfat subyektinin zəruri hesab etdiyi digər məlumat da əlavə edilə bilər.
Rəqabət komissiyası tərəfindən hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyi və ya səmərəliliyi qiymətləndirilərkən Məcəllənin tələbləri nəzərə alınmaqla aşağıdakı hallardan ən azı üçünün (nəzərdə tutulmuş halların eyni zamanda olması istisna olmaqla) təsərrüfat subyektləri tərəfindən sübut edilməsi nəticəsində təsərrüfat subyektinin obyektiv zərurət və ya səmərəliliklə bağlı əsaslandırması qənaətbəxş hesab edilir:
– hökmran mövqedən sui-istifadə nəticəsində miqyas iqtisadiyyatının əldə edilməsi və 1 (bir) il ərzində müvafiq bazarda məhsul istehsalının ən azı 40% artması və ya ixracının ən azı 20% artması;
– hökmran mövqedən sui-istifadə nəticəsində müvafiq bazara aid olmayan innovativ məhsulun istehsalının mümkün olması;
– hökmran mövqedən sui-istifadə nəticəsində müvafiq bazarda ən azı 1 (bir) il ərzində birbaşa investisiyaların (dövlət büdcəsindən ayrılan vəsait istisna olmaqla) bir əvvəlki illə müqayisədə 20% səviyyədə artması;
– texniki imkanların məhdud olması səbəbi ilə hökmran mövqedə olan təsərrüfat subyektinin rəqabətli şəraitdə fəaliyyət göstərməsinin, məhsul istehsalı və ya satışını həyata keçirməsinin qeyri-mümkün olması;
– məhsulun istehsalı ilə əlaqədar olaraq xüsusi keyfiyyət və (və ya) əqli mülkiyyət hüquqları meyarlarının müəyyən edilməsi nəticəsində hökmran mövqedən sui- istifadə etmədən məhsul istehsalı və satışının həyata keçirilməsinin qeyri-effektiv nəticələrə səbəb olması;
– mühüm əhəmiyyətli resursun ümumi istifadəyə açılmasının dövlət təhlükəsizliyi, istehlakçı sağlamlığı və ictimai asayişin pozulmasına yol açmasına dair mənbəyi bəlli məlumatın mövcud olması;
– daxili tələb həcmi yüksək olan və ölkə daxilində istehsal edilməyən məhsulun idxalı zamanı ölkə hüdudlarından kənarda fəaliyyət göstərən təsərrüfat subyekti ilə eksklüziv təchizat sisteminin tətbiqi nəticəsində sui-istifadə hallarının yaranması.
Hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyini və ya səmərəliliyini əsaslandırmaq və sübut etmək təsərrüfat subyektlərinin öhdəliyindədir. Hökmran mövqedən sui-istifadənin qənaətbəxş hesab edilməsi yalnız müəyyən müddət üçün, yəni sui-istifadənin qənaətbəxş hesab edilməsinə imkan verən şərtlərin ödənildiyi müddətdə qüvvədə ola bilər.