Baş nazir Əli Əsədov Milli Məclisdəki büdcə müzakirələrində çıxış edib.
Qanunla.az xəbər verir ki, hökumət başçısı deputatların qaldırdığı məsələlərə reaksiyasında bir sıra önəmli məqamlara toxunub.
“Təbii olaraq büdcədən gözləntilər hər zaman çoxdur və yüksəkdir. Lakin qaldırılan məsələlər bir il ərzində həll edilə bilməz. Büdcə bizim imkanlarımızı əks etdirir”, – deyə baş nazir bildirib.
Əli Əsədovun sözlərinə görə, ölkə ərazisində qazlaşmanın səviyyəsi 96,6 faizdir. Hökumət rəhbəri deyib ki, bu göstəriciyə görə ölkəmiz MDB ölkələrini və qonşu ölkələri qabaqlayır:
“3,4 faiz abonentin evlərinin qazlaşması üçün müvafiq qurumlarla işlər görülür. Eyni zamanda işğaldan azad edilmiş ərazilərin qazlaşması həyata keçirilir”.
Bundan əlavə, Naxçıvanda qazlaşmanın 100 faiz həyata keçirildiyini vurğulayan baş nazir qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Naxçıvana Türkiyədən ikinci qaz xəttinin çəkilişi də həyata keçirilib.