image-qanunla-reklam
image-suraxani-icra

Başçı şəhid anasını təkzibə məcbur etdi: Bunlar nə yeyir?

image-lady-day-az

Ötən gün Suraxanıda şəhid leytenant Samir Əliyevin doğum günü ilə bağlı mərasimlər keçirilib, şəhidin adına park, bulaq açılışı olub.

Təqdir olunası hərəkətlərdir və Suraxanı icra başçısının bu təşəbbüsü alqışlanasıdır. Ancaq media və sosial şəbəkələrdə bu tədbirlə bağlı çox ciddi iradlar və tənqidlər səsləndirildi.

Tənqidin əsas səbəbi də odur ki, şəhidimizin şəkli tortun üzərinə vurulmuşdu və şəhid anasıdan o tortu kəsmək istənilirdi. Anaya şəhidimizin əsgər dostları da yardım edirdilər.

Ana isə şəhid oğlunun fotosu əks olunan tortu kəsməkdə tərəddüd edir, iztirab çəkir və ağlayır. İcra başçısı Əziz Əzizovun bu mənzərəni seyr etməsi və məmnun-məmnun gülümsəməsi də əsas tənqid hədəflərindən idi.

Bir daha, bir daha və bir daha sosial şəbəkələr də, media da bu məsələdə həssaslıq göstərilməsinin zəruriliyini bildirdi, belə düşünülməmiş, duyğusuz, düşüncəsiz “sevgi” nümayişinin şəhid ailələrinə əzab verdiyini xatırlatdı. Çünki iyun ayında bənzər olay yaşanmışdı, şəhidimizin şəkli olan tortu atasının kəsməsini istəmişdilər və atası iki dəfə cəhd etsə də, sonra bıçağı yerə qoyub, hönkürərək uzaqlaşmışdı.

Bu tənqidlərdən sonra Suraxanı İcra Hakimiyyəti park və bulağı bir daha yada sala, bura keçən müddət ərzində şəhid ailələrinə qayğısını əlavə etməklə, bir üzrxahlıq açıqlaması yaya bilərdi. Baxmayaraq ki, belə bir analogiya olmuşdu və cəmiyyətin təpkisi ilə qarşılanmışdı, bundan Suraxanı İH-dəki harınların nəticə çıxarması vacib idi, ancaq cəhənnəm, diqqətsizlik etdiklərini bildirib, cəmiyyətdən və şəhid anasından üzr istəyə bilərdilər. Bu, onları alçaltmazdı, əksinə, ucaldardı.

Əvəzində isə şəhid anasının mediaya açıqlaması tez-tələsik təşkil edildi. Şəhid anası da dedi ki, oğlunun fotosunun tortun üzərinə vurulması “öz xahişi, öz təşəbbüsü” olub.

Suraxanı İH-in tort üzərinə şəhid fotosu həkk edib, onu kəsmək üçün şəhidin anasına bıçaq verən zehniyyəti elə düşünür ki, buna ictimaiyyət, xalq inanacaq və İH-in burda heç bir günahı olmadığını düşünəcək.

Bunlar nə yeyirlər, nə ilə bəslənilər, nə gəzdirirlər çiyinlərinin üstündə? Doğrudanmı elə güman edirlər ki, şəhid anasını belə bir açıqlamaya vadar etmək vəziyyətdən çıxış yoludur? Doğrudanmı elə bilirlər ki, bununla insanları manipulyasiya edə biləcəklər? Doğrudanmı düşünmürlər ki, bunun mütləq əks-reaksiyası olacaq?

Məsələn, lap tutaq ki, şəhid anası belə bir təşəbbüslə çıxış edib, bəs, sizin həssaslığınız, düşüncəniz harda idi? Bilmirdinizmi ki, şəhid fotosunu tortun üzərinə həkk edib, onu kəsmək üçün anaya bıçaq vermək olmaz? Bəs, cəmi iki ay əvvəl analoji hadisə zamanı o təşəbbüsdə olanlara qarşı ictimai təpkini xatırlamadınızmı?

İkincisi, şəhid anasından bu prosesdə istifadə etməyin özü növbəti düşüncəsizlikdir. Siz hansı haqq, hansı insaniyyətlik, hansı ağılla bu qalmaqala şəhid anasını daxil edə bilərsiniz? Özünüz normal açıqlama verə bilmirsinizmi?

Bilmirsiniz, çünki o düşüncə sizdə yoxdur. Olsaydı, ümumiyyətlə tortun üstünə şəhidin fotosunu vurub, kəsməsi üçün ananı məcbur etməzdiniz; olsaydı, ictimai tənqidlərdən nəticə çıxarıb, səhvinizi etiraf edərdiniz.

İnsanlar bu Vətən üçün şəhid olacaq, canını verəcək, siz də şəhid ailələri üzərində şou düzəldəcəksiniz. Bundan dəhşətli düşüncəni təsəvvür etmək belə mümkün deyil…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki