UEFA Almaniyanın “Bavariya”, “Borussiya” (Dortmund) və Portuqaliyanın “Portu” komandalarını Çempionlar Liqasının carı mövsümünə qaytara bilər.
Qanunla.Az xəbər verir ki, UEFA-nın İcraçı Komitəsinin bununla bağlı iclası aprelin 23-də baş tutacaq. İclasda Super Liqaya qoşulmuş klubların Çempionlar Liqasının yarımfinalından çıxarılması müzakirə ediləcək. Bu baş verərsə, iki variant tətbiq edilə bilər: ya PSJ titulu mübarizəsiz alacaq, ya da 1/4 finalda turniri tərk edən “Bavariya”, “Borussiya” və “Portu” yarımfinal mərhələsinə qayıdacaqlar. Birinci variantın reallaşması ehtimalı daha azdır, çünki yarımfinallar və final baş tutmasa, UEFA böyük maliyyə itkisi ilə üzləşəcək.
Daha əvvəl Danimarka Futbol İttifaqının və UEFA Rəyasət Heyətinin üzvü Yesper Meller bildirib ki, Super Liqaya qoşulan İspaniyanın “Real Madrid”, İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları Çempionlar Liqasında iştirakdan məhrum edilə bilər.
“Mançester Siti”, “Çelsi” və “Real Madrid” müvafiq olaraq “Borussiya”nı, “Portu”nu və “Liverpul”u mübarizədən kənarlaşdıraraq, yarımfinal mərhələsinə yüksəliblər. Onlarla birlikdə yarımfinala çıxan PSJ isə Super Liqaya qoşulmayıb.