Bəşər tarixinin ən qanlı faciələrindən biri 31 Mart soyqırımıdır
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. Belə ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamış və Fərmana əsasən martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Fərmanda deyilirdi: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir.
Ulu Öndər Heydər Əliyev tərəfindən məlum Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Bütün bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir. Prezident cənab İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı qeyd etmişdir ki, 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir. Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.
Erməni-bolşevik silahlı dəstələrinin 1918-ci ildə azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident cənab İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilmiş, həmçinin Milli Məclisdə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclas keçirilmişdir.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Beynəlxalq hüquqa görə, soyqırımı törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür
Tarixin bütün dövrlərində soyqırımı sülh və insanlıq əleyhinə törədilən ən dəhşətli cinayət hesab olunub. Ümumqəbul edilmiş mənaya görə soyqırımı ayrı-ayrı əhali qruplarının irqi, milli, yaxud dini əlamətə görə məqsədli şəkildə tam və ya qismən məhv edilməsidir.
Erməni şovinizmi tarix boyu mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədi güdmüş, bu məqsədlə azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişdir. Xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələrinin xüsusi amansızlıqla həyata keçirdiyi kütləvi qırğınlardır. 1918-ci ilin mart-aprel aylarında Bakıda, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda, eləcə də Qarabağ, Naxçıvan, Quba, Xaçmaz, Şamaxı, Salyan, Lənkəran, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, on minlərlə insanı yaşadıqları ərazilərdən didərgin salmışlar. Ermənilərin azərbaycan xalqına qarşı soyqırımı, azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyası, Azərbaycanın şəhər və kəndlərinin dağıdılması, onların tarixi adlarının dəyişdirilməsi siyasəti XX əsr boyu davam etmişdir.
Yaxın keçmişə dair tarixi faktlar onu deməyə əsas verir ki, vəhşicəsinə törədilən soyqırımları zamanı soyqırımı Azərbaycanda yaşayan bütün etnoslara qarşı törədilmiş; minlərlə rus, avar, ləzgi, yəhudi və talış milliyyətinə mənsub insanlar – qılıncdan keçirilərək öldürülmüş, diri-diri yandırılmışdır. Qeyd olunanlarla yanaşı yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.
Beynəlxalq hüquqa görə, soyqırımı törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırım cinayətinin anlayışını müəyyən etməklə yanaşı, hansı əməllərin törədilməsinin soyqırımı olduğunu da müəyyənləşdirir. Belə ki, BMT Baş Assambleyasının qəbul etdiyi “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyasına müvafiq olaraq soyqırımı hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən və qeyd olunan hərəkətlərdən birinin edilməsi ilə xarakterizə olunan cinayətdir: qrup üzvlərinin öldürülməsi; qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi; qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi. Habelə adıçəkilən Konvensiyanın preambulasında soyqırımının beynəlxalq hüquq normalarını pozan və Birləşmiş Millətlər Təşkilatının məqsəd və ruhuna zidd olan cinayət olduğu və tarix boyu bəşəriyyətə böyük itkilər gətirdiyi vurğulanmışdır.
Tarixi faktlar onu deməyə əsas verir ki, erməni vandalları tərəfindən azərbaycanlılara qarşı törədilən bütün soyqırımlarında yuxarıda soyqırımı cinayətini xarakterizə edən bütün hərəkətlər birlikdə edilmişdir.
Beynəlxalq hüquqi müstəvidə soyqırımı cinayətinin, onun əlamətlərinin, bu cinayətin törədilməsinə görə məsuliyyətin və cinayətkarların mühakimə olunması prosedurları ilə bağlı normaların açıq şəkildə müəyyənləşdirilməsinə baxmayaraq, XX əsrdə müxtəlif dövrlərdə azərbaycanlılara qarşı törədilən soyqırımlarına dünya birliyi tərəfindən ədalətli qiymət verilməmişdir.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc