image-970_50
image-anar-bagirov

Bəzən vəsatətlər baxılmamış rədd edilir… – Çağırış

image-728_90

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov vəkillərə və hakimlərə müraciət edib.

Qanunla.Az müraciətin mətnini təqdim edir:

“Dəyərli həmkarlarım!

Hər kəsə məlumdur ki, müdafiəçi vəkil sübutetmənin subyektidir və sübutarın toplanması, yoxlanması və qiymətləndirilməsində iştirak etməklə məhkəmə araşdırmasının tam, hərtərəfli və obyektiv həyata keçirilməsinə kömək edir. Həm məhkəməyəqədərki istintaqda, həm də məhkəmə istintaqında müdafiəçi vəkilin sübutetmədə iştirakıının ən mühüm formalarından biri onun vəsatətlər verməsidir.

Azərbaycan Respublikası CPM-nin 92.9.6. maddəsində etirazlar və vəsatətlər vermək müdafiəçinin hüququ kimi nəzərdə tutulmuşdur.

Çox təəssüf ki, son zamanlar bir çox vəkil həmkarlarımız məhkəmələr tərəfindən vəsatətlərinin baxılmamış saxlanması, heç bir əsaslandırma olmadan rədd edilməsindən şikayətlənirlər. Əlbəttə ki, bu vəsatətlərin cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş olması istisna deyil.

Qeyd etmək istəyirəm ki, göstərilən hallar ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması istiqamətində Respublikamızda həyata keçirilən islahatları təhlükəyə məruz qoyur və bu istiqamətdə görülən işlərə kölgə salır.

Azərbaycan Respublikası CPM-nin 121-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan, o cümlədən də məhkəmə vəsatətlərə və xahişlərə onların verilməsindən bilavasitə sonra baxmaq və nəticələri üzrə müvafiq qərar çıxarmaq, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərarın surətini dərhal ərizəçiyə təqdim etmək öhdəliyi daşıyır. Həmin maddənin 4-cü bəndinə əsasən, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Eyni zamanda Həmin Məcəllənin 323-cü maddəsinə əsasən məhkəmə cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda həmin vəsatəti təmin etməlidir və vəsatətin rədd edilməsi haqqında məhkəmə əsaslandırılmış qərar çıxarır.

Göründüyü kimi, qanunvericiliyimiz cinayət prosesi iştirakçılarının hər bir xahişinə və vəsatətinə onların protokola qeyd edilməsi, iş materiallarına əlavə edilməsi ilə baxılmasını, dəqiq araşdırılmasını və rədd edilərsə əsaslandırılmasını, vəsatət üzrə əsaslandırılmış qərar qəbul edilməsini məcburi edir.

Avropa İnsan Hüquqları Məhkəməsinin “Perma İtaliyaya qarşı”, “Dvorskiy Xorvatiyaya qarşı”, “Murtuzəliyev Rusiya Federasiyasına qarşı” Qərarlarında Məhkəmə diqqəti ona cəlb etmişdir ki, əgər müdafiə tərəfi müdafiə mövqeyini möhkəmələndirə biləcək vəsatətlər verirsə, onda məhkəmələr bu cür vəsatətlərin rədd olunma səbəblərini mütləq göstərməlidirlər. Eyni zamanda Strasburq Məhkəməsi hesab etmişdir ki, əgər məhkəmələr bu cür vəsatətlərin rədd edilməsini kifayət qədər əsaslandırmamışlarsa, bu ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirilməlidir.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası CPM-nin 400-cü maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin maddənin 402.1.-ci bəndinə əsasən, işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və ya təkzib edilməsi üçün şəxslərin dindirilməməsi, sənədlərin, maddi və ya digər sübutların tələb edilməməsi məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması hesab edilir. Yəni müdafiə tərəfin əsaslandırılmış vəsatətinin məhkəmə tərəfindən heç bir səbəb və əsaslandırma olmadan rədd edilməsi həmin iş üzrə məhkəmə qərarının yuxarı instansiya məhkəməsində ləğv edilməsi üçün əsasdır.

Hesab edirəm ki, bütün məhkəmələr tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə ciddi riayət edilməli, işin hərtərəfli, tam və obyektiv araşdırılmasına yönəldilmiş vəsatətlər təmin edilməli, heç bir vəsatət kifayət qədər əsaslandırılmadan və səbəbi göstərilmədən rədd edilməməlidir. Çünki bu cür hallar ədalət mühakiməsinin keyfiyyətinə və səmərəliliyinə mənfi təsir etməklə yanaşı, həm də vətəndaşlarımızın məhkəməyə olan inamını azaldır.

Dəyərli vəkil həmkarlarımı isə bu cür hallara yol verildiyi halda məhkəmələr qarşısında heç bir əsas və səbəb göstərilmədən rədd edilən vəsatətləri yenidən qaldırmağa və bu halları mütləq həmin qərarlardan verilən şikayətlərdə əks etdirməyə çağırıram”.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki